Bizi sosial şəbəkələrdən izləyin:
İranda siyasi məhbus, döyüş sənətləri üzrə çempion Beniamin Nəqdi ölüm hökmünə məhkum edilib.
Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə idmançının vəkili Mostafa Nili məlumat yayıb.
Nəqdi Şiraz şəhərində baş tutan yanvar etirazları zamanı həbs olunub.
Bundan əvvəl İranın dövlət mediası Nəqdinin məcburi etiraf videosunu yayımlayıb. Həmin görüntülərdə o, Şirazda hökumət qüvvələrinin motosikletçilərini yandırmaq üçün tezalışan maye ilə dolu balondan istifadə edən şəxs kimi təqdim olunub.
Vəkil Mostafa Nili "Emtedad" telekanalına açıqlamasında bildirib ki, Nəqdiyə qarşı ilkin olaraq "mohareb" (Allaha qarşı müharibə elan etmək), təhlükəsizliyi pozan qruplara üzvlük, qanunsuz toplantılarda iştirak və milli təhlükəsizliyə qarşı cinayət törətmək məqsədilə əlbir olmaq kimi ağır ittihamlar irəli sürülüb.
Vəkilin sözlərinə görə, polis əməkdaşlarına xəsarət yetirmə və soyuq silah gəzdirmə ilə bağlı ayrıca ittihamlar sonradan ləğv edilsə də, İnqilab Məhkəməsinin hakimləri idmançı barəsində ölüm hökmü çıxarıblar.
Beniamin Nəqdi kikboksinq və muay-tay üzrə bir neçə çempionluq titulunun sahibi olan tanınmış idmançıdır.