Bizi sosial şəbəkələrdən izləyin:
İsrail Hava Limanları İdarəsi ABŞ ordusuna məxsus yanacaqdoldurma təyyarələrinin yerləşdirilməsi səbəbindən Ben Qurion Hava Limanının fəaliyyətinin məhdudlaşdığını açıqlayıb.
Moderator.az xəbər verir ki, strateji obyektin tutumunun cəmi üçdə birindən istifadə oluna bilinməsi son iki ayda 248 milyon dollar ziyana yol açıb.
Səlahiyyətlilər yay mövsümündə 3 milyon sərnişinin uçuşların ləğv edilməsi riski ilə üz-üzə qaldığını bildiriblər.
Hava Limanları İdarəsinin baş direktoru Şaron Kedmi İsrailin "Reshet Bet" radiosuna verdiyi açıqlamada, İrana qarşı hücumlar üçün Ben Quriona yerləşdirilən ABŞ yanacaqdoldurma təyyarələrinin yaratdığı əməliyyat məhdudiyyətləri və maliyyə itkilərini qiymətləndirib.
Hava limanındakı fəaliyyətin 70 faizinin ABŞ ordusunun hərbi təyyarələri və resursların bu istiqamətə yönəldilməsi səbəbindən iflic olduğunu qeyd edən Kedmi deyib:
"Hazırda hava limanının əməliyyat gücünün cəmi üçdə birini istifadə edə bilirik. İmkanlarımızın son həddinə çatmışıq. Yaxın günlərdə bəzi uçuşların ləğv ediləcəyini elan edəcəyik".
Xarici aviaşirkətlərin yaxın vaxtlarda hava limanına qayıtmayacağını qeyd edən baş direktor mövcud vəziyyətin davam edəcəyi təqdirdə yay mövsümündə kütləvi uçuş ləğvlərinin yaşanacağını və təxminən 3 milyon sərnişinin bundan mənfi təsirlənəcəyini vurğulayıb.
Hava limanında hazırda onlarla ABŞ tanker təyyarəsinin olduğunu xatırladan Kedmi maliyyə böhranının getdikcə dərinləşdiyinə diqqət çəkərək xəbərdarlıq edib:
"Son iki ayda qurum olaraq 700 milyon şekel (248 milyon dollar) zərər etdik. Əgər proses bu şəkildə davam edərsə, ziyanımız milyardlarla dollara çata bilər".
Kedmi bu il üçün ilkin olaraq 18 milyon sərnişin qəbul etməyi hədəflədiklərini, lakin mövcud şərtlər daxilində bu rəqəmin 15 milyonu keçməyəcəyinin proqnozlaşdırıldığını bildirib.
Prosesin qeyri-müəyyən qaldığını ifadə edən idarə rəhbəri, "ABŞ ordusunun hava limanındakı fəaliyyətinin nə vaxt başa çatacağına dair heç bir məlumata sahib deyilik. Daimi bir dəyişiklik və qeyri-müəyyənlik içindəyik", - deyə əlavə edib. /Musavat.com/