Dünya
231
15:30, Bu gün

"Kann qalmaqalı: Zvyaqintsev Putinə müraciət etdi, Kreml sərt cavab verdi" - "Deutsche Welle"

"Bu mənasız və amansız müharibəni dayandırmaq lazımdır..."

Fransada keçirilən 79-cu Kann Film Festivalı qalmaqallı anlarla yadda qalıb.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.

Festivalın əsas mükafatlarından biri - "Qran-pri" rusiyalı rejissor Andrey Zvyaqintsevə təqdim olunub. Rejissor mükafatı alarkən səhnədən birbaşa Vladimir Putinə müraciət edərək Ukraynadakı müharibəni dayandırmağa çağırıb.

Zvyaqintsev çıxışında bildirib ki, "cəbhənin hər iki tərəfində milyonlarla insan yalnız bir şeyi arzulayır - insanların sonsuz qırğını nəhayət dayansın". Onun sözlərinə görə, bu "ət maşınını" dayandıra biləcək yeganə şəxs Putin olaraq qalır: "Bu qırğını artıq bitirin. Bütün dünya bunu gözləyir".

"Minotavr" filmi və festivaldakı rezonans

Rejissorun mükafat qazanan "Minotavr" filmi Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının ilk aylarında baş verən hadisələri təsvir edir. Tənqidçilər ekran əsərini nifrətin insanları mənəvi çöküşə apardığını göstərən ağır psixoloji dram kimi qiymətləndiriblər. Festivalın əsas mükafatı - "Qızıl palma budağı" isə rumıniyalı rejissor Kristian Munciunun "Fyord" filminə verilib.

Kreml Zvyaqintsevin sözlərinə sərt reaksiya verib

Kremlin sözçüsü Dmitri Peskov rejissorun müraciətini Putinə çatdırmayacağını açıqlaylb. O iddia edib ki, Zvyaqintsev "2014-cü ildən Donbasdakı hadisələri pisləmədiyi üçün" bu mövzuda "söz haqqına malik deyil". Peskovun açıqlaması Rusiyada və xaricdə yeni müzakirələr doğurub. Ukraynada bir sıra siyasətçilər və şərhçilər rejissorun çıxışını kifayət qədər sərt hesab etməyib. 

Onlar Zvyaqintsevin Putini birbaşa ittiham etməməsini və "müharibə" sözünü işlətməməsini tənqid edib. Bununla yanaşı, mühacirətdə yaşayan rus ziyalılarının bir hissəsi rejissoru müdafiə edib. Onların fikrincə, Zvyaqintsevin sözlərinin çəkisi onun yaradıcılığı və beynəlxalq nüfuzu ilə bağlıdır.

Zvyaqintsevdən Kremlə yeni cavab

Rejissor sonradan yayımladığı açıqlamada Peskovun sözlərinə cavab verərək bildirib ki, bu gün "yüz milyonlarla rusiyalının səsi eşidilmir". Onun sözlərinə görə, Rusiya üçün yeganə rasional çıxış yolu "burada və indi prinsipi ilə hərəkət edib bu mənasız və amansız müharibəni dayandırmaqdır". Zvyaqintsev əlavə edib ki, müharibə ölkəyə yalnız "kədər, göz yaşları, ümidsizlik və məhv edilmiş həyatları" gətirir: "Heç nə dəyişməsə, qarşıda yaxşı heç nə gözləmir".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər