Dünya
190
20:10, Bu gün

"Amnesty International": Dünyada ölüm hökmlərinin sayı kəskin artıb" - "Amnesty International"

"2025-ci ildə dünyada ən azı 2707 nəfər edam edilib, ən ağır vəziyyət isə İranda qeydə alınıb..."

"Amnesty International" beynəlxalq hüquq müdafiə təşkilatının hesabatına görə, 2025-ci ildə dünyada 2707 nəfər edam edilib. Bu, 2024-cü illə müqayisədə 78 faiz çoxdur və 1981-ci ildən bəri ən yüksək göstərici sayılır.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.

Çin dünyada edam sayına görə yenə də liderdir

Hüquq müdafiəçiləri bildirir ki, real rəqəm daha böyük ola bilər. Çünki Çin, Şimali Koreya və Vyetnam kimi ölkələrdə ölüm hökmləri ilə bağlı məlumatlar gizli saxlanılır. Təşkilat ekspertlərinin fikrincə, Çin dünyada edam sayına görə yenə də liderdir.

Hesabatda vurğulanır ki, bir çox ölkələr ölüm hökmündən "ictimai təhlükəsizlik" və "cinayətkarlığa qarşı sərt mübarizə" adı altında siyasi nəzarəti gücləndirmək üçün istifadə edir. Hüquq müdafiəçilərinin qənaətinə görə, xüsusilə avtoritar rejimlərdə bu cəza qorxu yaratmaq və fərqli fikirləri susdurmaq vasitəsinə çevrilib.

İranda rekord göstərici

2025-ci ildə ən çox edam İranda qeydə alınıb - azı 2159 nəfər. Bu, əvvəlki illə müqayisədə iki dəfədən çox artım deməkdir və dünyadakı bütün qeydə alınmış edamların təxminən 80 faizini təşkil edir. "Amnesty İnternational" bildirir ki, İran hakimiyyəti çox vaxt ədalətsiz məhkəmə proseslərindən sonra ölüm hökmlərini icra edir. 

Bundan əlavə, Tehran "milli təhlükəsizlik maraqlarının qorunması" bəhanəsi ilə casusluqda və ya İsraillə əməkdaşlıqda ittiham olunan şəxslərə qarşı da ölüm hökmünün tətbiqini genişləndirib. İsrailin 2025-ci ilin iyununda İrana zərbələrindən sonra bu ittihamlarla azı 11 nəfər edam olunub.

ABŞ və Belarus

ABŞ ardıcıl 17-ci il Amerika qitəsində ölüm hökmünü tətbiq edən yeganə ölkə olaraq qalıb. 2025-ci ildə ölkədə 47 edam həyata keçirilib ki, bu da 2009-cu ildən bəri ən yüksək göstəricidir. Hazırda ABŞ-də 1948 məhkum ölüm hökmünün icrasını gözləyir.

Avropa və Mərkəzi Asiyada isə ölüm hökmünün icrası qeydə alınmayıb. "Amnesty International" ilk dəfə olaraq Aleksandr Lukaşenkonun 1994-cü ildə hakimiyyətə gəlməsindən bəri Belarusda nə yeni ölüm hökmü, nə də edam faktı qeydə almadığını bildirib. 

Bununla belə, təşkilat qeyd edir ki, ölkədə bu məlumatlar ciddi məxfilik şəraitində saxlanılır. BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk bildirib ki, cəmiyyətin qorunması ölüm hökmündən deyil, güclü institutlardan və insan hüquqlarına əsaslanan ədalət sistemindən keçir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər