Bizim prioritetimiz İranla ABŞ arasında atəşkəsin qorunmasıdır.
Moderator.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan almaniyalı həmkarı Yohann Vadefulla birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hərbi əməliyyatların yenidən başlaması qlobal miqyasda çox ciddi nəticələrə səbəb olacaq.
“İnanmaq istəyirik ki, həm İran, həm də ABŞ bundan xəbərdardır və davamlı sülhün zəruriliyini görürlər”, - Türkiyə XİN rəhbəri deyib.
Onun sözlərinə görə, danışıqlarda əsas hədəf İranın nüvə silahı istehsal edə biləcək dərəcədə uranı zənginləşdirməməsidir. Belə ki, İranla bağlı irəli sürülən təkliflər arasında zənginləşdirilmiş uranın ya ölkə xaricinə çıxarılması, ya da 3,5 faiz səviyyəsinə qədər azaldılması yer alır.
Hakan Fidan həmçinin nüvə obyektlərinə edilən hücumlardan sonra zənginləşdirilmiş uranın dağıntılar altında qaldığını və böyük tunellərin çökməsi səbəbindən əlçatmaz olduğunu qeyd edib.
O əlavə edib ki, bu materiallar nəzarət altında saxlanılır və hazırda birbaşa təhlükə yaratmır.