İngiltərədə 35 yaşlı Paris Uilson keçmiş həyat yoldaşı Denni Kahalaynın 120 min funt sterlinqlik borca görə öldürülməsində narkotik alverçisinə yardım edib. İşin qarşılığında isə qatilə müəyyən məbləğdə pul və Türkiyədə hər şey daxil istirahət söz verilib.
Moderator.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşrində məlumat dərc olunub.
Məlumata görə, 2025-ci ilin fevralında iki şəxs 38 yaşlı Kahalaynın Plimut şəhərində yerləşən mənzilinə daxil olaraq üzərinə sulfat turşusu töküblər. Zərərçəkən ciddi yanıq xəsarətləri alıb və bir gözü kor olub. Tibb işçilərinin həyata keçirdiyi bir neçə dəri köçürmə əməliyyatına baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb və o, tibb müəssisəsində dünyasını dəyişib.
Bu qanlı hadisə Denninin keçmiş arvadının iştirakı ilə planlaşdırılıb. Məlum olub ki, Kahalaynın "Frost" kimi tanınan narkotik alverçisi Rayan Kennediyə böyük məbləğdə borcu olub. "Frost" Uilsona müraciət edib və qadın qətldə iştirak etməklə razılaşıb. Cinayətə dəstək olacağı təqdirdə ona pul mükafatı və Türkiyəyə tam ödənişli səyahət təklif edilib.
Faciəli hadisədən təxminən bir ay öncə cinayətkarlar Kahalaynı oğurlamağa çalışıblar. Onlar qızını Uilsonun yanına qoyduqdan dərhal sonra kişini avtomobildən zorla çıxarmağa cəhd etsələr də, bu plan baş tutmayıb. Turşu ilə hücum edilən gecə isə azyaşlı qız atasının evində, yan otaqda olub.
Məhkəmə prosesi zamanı Uilson cinayətkarlarla əməkdaşlıq etdiyini etiraf etsə də, keçmiş ərinin ölümünü istəmədiyini bildirib. Lakin andlılar məhkəməsi onun bu iddialarını qəbul etməyərək, qadını qətldə təqsirli bilib.
Kennedinin üzvü olduğu qruplaşmanın rəhbəri isə hazırda hüquq-mühafizə orqanları tərəfindən axtarılır: məlumata əsasən, o, Dubay şəhərinə qaçıb gizlənib. Uilson və digər iştirakçılara məhkəmə hökmünün nə vaxt elan olunacağı isə hələlik bəlli deyil.