Fransa Prezidenti Emmanuel Makron Nayrobidə keçirilən "Afrika irəli" zirvə toplantısında iştirakçıların davranışına sərt reaksiya verib.
Moderator.az xəbər verir ki, xarici media kameralarının qeydə aldığı hadisə qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Afrikalı nümayəndələrin çıxışları zamanı zalda fasiləsiz səs-küy yaranıb. Səhnədə müzakirələr davam etdiyi halda, iştirakçıların bir hissəsi öz aralarında fəal şəkildə söhbət edib.
Bu vəziyyətdə Fransa lideri müdaxilə etmək qərarına gəlib və mikrofona yaxınlaşaraq narazılığını ifadə edib.
Makron bildirib ki, belə şəraitdə mədəniyyət və siyasət məsələlərinin müzakirəsi mümkün deyil. Onun sözlərinə görə, bu cür davranış forumda çıxış edən iştirakçılara qarşı hörmətsizlikdir.
Fransa Prezidenti şəxsi söhbətlərini davam etdirmək istəyən şəxslərə zalı tərk etməyi və ya ikitərəfli görüşlər üçün ayrılmış xüsusi otaqlara keçməyi tövsiyə edib.
Makronun xəbərdarlığından sonra auditoriyadakı səs-küyün səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldığı bildirilib.