Amerika Birləşmiş Ştatları və Koreya Respublikası (Cənubi Koreya) dəniz sənayesi sahəsində müştərək istehsala dair memorandum imzalayıblar.
Moderator.az xəbər verir ki, bunu ABŞ Ticarət Nazirliyinin mətbuat xidməti açıqlayıb.
Təsdiqlənmiş sənədə görə, hər iki dövlətin aidiyyəti qurumları kommersiya sahəsində və peşəkar mütəxəssislərin yetişdirilməsi istiqamətində tərəfdaşlığı inkişaf etdirməyi planlaşdırırlar.
Mütəxəssislərin açıqlamasına əsasən, sözügedən irimiqyaslı layihələrin icrası məqsədilə 2026-cı ildə Vaşinqton şəhərində xüsusi tərəfdaşlıq mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulur.
Qeyd olunur ki, yaradılacaq yeni strukturun başlıca hədəfləri sırasına ABŞ-nin gəmi inşası müəssisələrinə xarici sərmayələrin yönəldilməsi və qarşılıqlı texnoloji təcrübə mübadiləsi aiddir.
Nazirlikdən o da bildirilib ki, bu prosesdə Amerika tərəfi əlaqələndirici və vahid mərkəz rolunu öz üzərinə götürəcək, Cənubi Koreya nümayəndələri isə tələb olunan resurslarla təminatı həyata keçirəcəklər.