"Amerikalı virusoloq gəmiricilərdən yayılan nadir, lakin ölümcül virusun insan orqanizmində ağır fəsadlar yaratdığını bildirib..."
ABŞ Ordusunun Yoluxucu Xəstəliklər üzrə Tibbi Tədqiqat İnstitutunun virusologiya şöbəsinin rəis müavini, tanınmış virusoloq doktor Cey Huper hantavirusun təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
Moderator.az xəbər verir ki, bu barədə "Daily Star" nəşri yazıb.
Hantavirus necə yayılır?
Nəşr yazır ki, gəmiricilər vasitəsilə yayılan bu nadir virusun qan damarları və ağciyərlərdə ciddi zədələnmələr yaratdığı, ölüm göstəricisinin isə təxminən 35 faizə çatdığı bildirilir. Nəşrin məlumatına görə, yoluxma əsasən gəmiricilərin ifrazat hissəciklərinin hava ilə yayılıb nəfəs yollarına daxil olması nəticəsində baş verir.
Virus həmçinin gəmiricilərlə çirklənmiş qida vasitəsilə də insana keçə bilər. "Əgər gəmirici tullantıları aerozol şəklində havaya yayılarsa, insan bu yolla yoluxa bilər. Gəmiricilərlə çirklənmiş qidaların qəbulu da təhlükəlidir", - deyə virusoloq izah edib.
"Damarlar sızmağa başlayır"
Huper bildirib ki, hantavirus qan damarlarının daxili qatını təşkil edən endotel hüceyrələrinə hücum edir. Bu isə damarların funksiyasının pozulmasına və maye sızmasına səbəb olur. "Hantavirus damarların daxili örtüyünü zədələyir. Nəticədə damarlar "sızmağa" başlayır. Bu, həqiqətən dəhşətlidir", - deyə doktor vurğulayıb.
Mütəxəssisin sözlərinə görə, xəstəlik inkişaf etdikcə ağciyərlər sürətlə maye ilə dolur və bu da infeksiyanın gedişini xeyli ağırlaşdırır. Hazırda hantavirusa qarşı standart müalicə üsulu mövcud deyil. Hazırkı yoluxma hallarının Andes ştammı ilə əlaqələndirildiyi bildirilir. Bu, hantavirusun insandan insana tüpürcək və digər bədən mayeləri vasitəsilə keçə bilən yeganə məlum forması hesab olunur.
Kruiz gəmisi "üzən karantin"ə çevrildi
Nəşrin məlumatına görə, Atlantik okeanının mərkəzi hissəsində üzən "MV Hondius" kruiz gəmisində hantavirus yayılıb. Yoluxma hallarının təsdiqlənməsindən sonra 140-dan çox insan faktiki olaraq üzən karantində qalıb.
Səfər Argentinadan başlayaraq Qərbi Afrikada başa çatmalı idi. Bu həftə üç nəfərin ölümünün təsdiqlənməsindən sonra hadisənin miqyası üzə çıxıb. Daha azı yeddi sərnişinin isə hazırda müalicə aldığı bildirilir.
Ekspertlər hesab edirlər ki, yoluxmanın mənbəyi vəhşi gəmiricilər olub. İlkin məlumata görə, iki sərnişin Argentinanın Uşuaya şəhərində quş müşahidəsi zamanı virusa yoluxub. Ehtimal edilir ki, onlar gəmirici tullantılarından yayılan yoluxmuş hissəcikləri nəfəs yolu ilə qəbul ediblər və virus daha sonra gəmidə yayılmağa başlayıb.
Hadisədən sonra İspaniya hakimiyyəti "MV Hondius" gəmisinin Kanar adalarındakı limana daxil olmasına icazə verib. Təxliyə prosesi Ümumdünya Səhiyyə Təşkilatı və Avropa Xəstəliklərin Qarşısının Alınması Mərkəzi tərəfindən koordinasiya olunur.