İspaniyada bir nəfər hantavirusa yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Ehtimal olunan yoluxma daha əvvəl xəstəliyin yayıldığı "MV Hondius" kruiz gəmisi ilə əlaqələndirilir.
Moderator.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Məlumata görə, xəstələnən şəxs ölkənin şərqində yerləşən Valensiya muxtar bölgəsinə daxil olan Alikante şəhərinin sakinidir.
"MV Hondius" gəmisinin mayın 10-da Kanar adalarına çatacağı gözlənilir.
Mövcud məlumata əsasən, gəmidə səkkiz nəfərdə hantavirus aşkarlanıb. Onlardan üçünün həyatını xilas etmək mümkün olmayıb, daha bir pasiyent isə Yohannesburq xəstəxanasında ağır vəziyyətdədir.
Xəstəliyin daha da yayılması riskini azaltmaq üçün sərnişinlərə kayutlarda qalmaq göstərişi verilib. Lakin uzun inkubasiya dövrünə görə - bu müddət bir neçə həftə davam edə bilər - yeni yoluxma halları dərhal üzə çıxmaya bilər.
Mayın 4-də Ümumdünya Səhiyyə Təşkilatı Atlantik okeanı üzərindən Argentinadan Kabo-Verdeyə reys həyata keçirən Niderlandın "MV Hondius" kruiz gəmisində hantavirus yayılması barədə məlumat vermişdi.