Dünya
322
21:30, Bu gün

"İki fərqli baxış": Avropa və Rusiya müharibənin sonunu fərqli günlərdə qeyd edir" - "Berliner Zeitung"

"Qərb üçün bu tarix azadlıq, Rusiya üçün isə qələbə rəmzidir..."

İkinci Dünya müharibəsinin başa çatmasından 81 il keçsə də, Avropa ilə Rusiya bu hadisəyə hələ də fərqli prizmadan yanaşır. 

Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Berliner Zeitung" nəşri yazıb.

Eyni hadisə, fərqli tarix

Nəşr yazır ki, Qərbi Avropa 8 mayı "Azadlıq günü", Rusiya isə 9 mayı "Qələbə günü" kimi qeyd edir. Nəşrin fikrincə, bu fərq təkcə saat qurşaqları ilə bağlı deyil, həm də tarixin necə yozulması uğrunda davam edən mübarizənin nəticəsidir.

1945-ci il mayın 8-də Almaniya ordusunun qeyd-şərtsiz təslim aktı Berlində imzalanıb. Həmin vaxt Moskvada artıq 9 may idi. Məhz bu səbəbdən SSRİ rəhbəri İosif Stalin 9 mayı rəsmi bayram elan edib və Qırmızı Ordunun nasist Almaniyası üzərində qələbədəki rolunu xüsusi vurğulayıb. Bununla da Avropanın yaddaşında iki fərqli tarix formalaşıb.

Azadlıq günü, yoxsa qələbə rəmzi?

Nəşr qeyd edir ki, müharibədən sonra bu tarixlər ideoloji məna daşımağa başlayıb. Qərbi Almaniya və NATO ölkələri 8 mayı "nasional-sosializmdən azadlıq günü" kimi qəbul edib. Bununla belə, Almaniyada bu anlayış uzun illər geniş qəbul olunmayıb və yalnız 1985-ci ildə prezident Rixard fon Vaytszeker bu günü açıq şəkildə "Azadlıq günü" adlandırıb.

Şərqi Avropa və keçmiş SSRİ ölkələrində isə vəziyyət tam fərqli olub. Rusiya, Belarus, Qazaxıstan və digər sovet respublikalarında 9 may "Qələbə günü" kimi dövlət ideologiyasının əsas rəmzlərindən birinə çevrilib. Hər il bu tarixdə hərbi paradlar keçirilir, "Ölməz alay" yürüşləri təşkil olunur və sovet keçmişi nostalji ilə xatırlanır.

Tarix uğrunda davam edən mübarizə

Nəşr yazır ki, bu iki tarix arasındakı fərq əslində Avropanın müharibə yaddaşındakı parçalanmanı göstərir. Qərb üçün 8 may daha çox diktaturadan və faşizmdən xilas olma anlamı daşıyırsa, Rusiya üçün 9 may dövlət gücü və tarixi qələbə rəmzi hesab olunur.

Nəşrin fikrincə, xüsusilə Vladimir Putinin hakimiyyəti dövründə 9 may Rusiyada təkcə tarixi hadisə deyil, həm də milli kimliyin əsas elementlərindən birinə çevrilib. Bu səbəbdən müharibənin sonu ilə bağlı müxtəlif yanaşmalar bu gün də siyasi və ideoloji mübahisələrin mərkəzində qalır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər