"Kreml həm döyüş meydanında itkilərlə üzləşir, həm də beynəlxalq hüquqi təzyiqin artdığı yeni mərhələyə daxil olur..."
Rusiyanın builki Qələbə paradı əvvəlki illərlə müqayisədə daha zəif və simvolik tədbir olacaq.
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" nəşri yazıb.
Paradın kölgəsində qalan Kreml
Nəşr yazır ki, Ukraynanın pilotsuz aparat hücumları təhlükəsi səbəbindən Moskva tədbirin miqyasını azaltmağa məcbur olub. Məlumata görə, ənənəvi tank kolonları, raket kompleksləri və ağır zirehli texnikanın nümayişi ya minimuma endiriləcək, ya da ümumiyyətlə keçirilməyəcək.
Nəşr qeyd edir ki, tammiqyaslı müharibə artıq İkinci Dünya müharibəsinin davametmə müddətini geridə qoyub və Rusiya ordusu bəzi istiqamətlərdə geri çəkilmə əlamətləri göstərir.
Jurnalistlərin fikrincə, Kremlin canlı qüvvə və texnika itkilərini bərpa etmək imkanları da getdikcə zəifləyir. Moskva isə təhlükəsizlik məqsədilə paytaxtda əlavə hava hücumundan müdafiə sistemləri yerləşdirib, mobil internet və SMS xidmətlərinə məhdudiyyətlər tətbiq edib.
Ukraynanın yeni üstünlüyü
Nəşr hesab edir ki, Ukrayna yalnız cəbhədə deyil, texnoloji və geosiyasi müstəvidə də üstünlük qazanmağa başlayıb. Kiyev Rusiyanın enerji gəlirlərinə zərbə vurmaq üçün neft infrastrukturunu hədəfə alıb və dron texnologiyalarında topladığı təcrübə artıq başqa ölkələrin də marağına səbəb olur.
Nəşr yazır ki, Ukrayna Yaxın Şərqdə dəyişən vəziyyətdən də məharətlə istifadə edib. Xüsusilə İranla bağlı gərginlik fonunda Körfəz ölkələrinin Kiyevin pilotsuz aparat sahəsindəki təcrübəsinə diqqət yetirdiyi bildirilir. Qərb mediasının fikrincə, bu vəziyyət Ukraynanı tədricən "yardım alan ölkədən" hərbi innovasiya nümunəsinə çevirir.
Avropadan Putinə tribunal siqnalı
Bu arada Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı təcavüzünü araşdıracaq xüsusi tribunalın yaradılmasına dəstəyini rəsmən təsdiqləyib. Avropa Şurasının mexanizmi əsasında formalaşdırılacaq məhkəmə ilk dəfə olaraq Rusiya rəhbərliyini məhz "aqressiv müharibə başlatmaq" maddəsi üzrə araşdırmaq səlahiyyəti əldə edəcək.
Çünki Rusiya Roma statutunu imzalamadığından, Beynəlxalq Cinayət Məhkəməsinin bu istiqamətdə hüquqi imkanları məhdud qalırdı. Yeni tribunalın fəaliyyətə başlamasından sonra Vladimir Putin və Rusiyanın yüksək siyasi-hərbi rəhbərliyinə qarşı ittihamların irəli sürülə biləcəyi bildirilir.
Müzakirələrdə Belarus və Şimali Koreya rəsmilərinin də potensial araşdırma predmetinə çevrilə biləcəyi qeyd olunur. Tribunalın Niderlandın Haaqa şəhərində yerləşdirilməsi planlaşdırılır və Avropa rəsmiləri bunu "tarixi mərhələ" adlandırırlar.