Cənubi Koreya polisi "BTS K-pop" qrupunun prodüseri Pan Si Hyoku həbs etmək niyyətindədir.
Moderator.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Məlumata görə, "Hybe Corporation" konqlomeratının rəhbəri investorlarla bağlı dələduzluq sxeminin həyata keçirilməsi zamanı 100 milyon dollardan çox vəsaiti qanunsuz mənimsəməkdə ittiham olunur.
Agentliyin məlumatına əsasən, Seul polisi prodüserin həbsi üçün prokurorluğa müraciət edib.
Pan Si Hyok 2019-cu ildə investorları yanlış istiqamətləndirməkdə ittiham olunur. Bildirilir ki, həmin vaxt prodüser "Hybe" şirkətinin birjaya çıxmağı planlaşdırmadığını deyərək investorları səhmlərini özəl investisiya fonduna satmağa sövq edib.
Daha sonra isə şirkət ilkin ictimai yerləşdirmə həyata keçirib. Hüquq-mühafizə orqanlarının fikrincə, həmin fond əlavə razılaşma çərçivəsində Pan Si Hyoka təxminən 136 milyon dollar ödəyib. Razılaşmaya əsasən, prodüser ictimai yerləşdirmədən sonra səhmlərin satışından əldə olunan mənfəətin 30 faizini almalı olub.