Dünya
561
20:05, Bu gün

"Azərbaycanda ifşa olunan gizli şəbəkə: İranın "kölgə terroru" planları üzə çıxıb" - İsrail mətbuatı

"İsrail xüsusi xidmət orqanları qlobal əməliyyatların arxasındakı mexanizmi açıqlayıb..."

İsrailin əsas təhlükəsizlik qurumları - "Mossad", ŞABAK və İsrail Müdafiə Qüvvələri  birgə bəyanatla İranın gizli terror mexanizmini ilk dəfə detallı şəkildə açıqlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co" nəşri məlumat yayıb.

Qlobal şəbəkənin ifşası və Bakı epizodu

Məlumata görə, bu şəbəkə İslam İnqilabı Keşikçiləri Korpusu daxilində yaradılıb və əsas məqsədi İsrail rəsmilərinə və strateji obyektlərə qarşı dünya üzrə hücumlar təşkil etmək olub. Açıqlamanın ən diqqətçəkən məqamlarından biri Azərbaycandakı hadisədir. 

Bir neçə həftə əvvəl ölkədə fəaliyyət göstərən hücrə zərərsizləşdirilib. Onların hədəfi Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri, həmçinin Bakıda İsrail səfirliyi, sinaqoq və yəhudi icmasının liderləri olub. Saxlanılan şəxslərin üzərindən kamikadze dronlar və partlayıcı qurğular aşkarlanıb. İstintaq göstərib ki, qrup hədəfləri izləyib, foto-video çəkilişlər aparıb və birbaşa İrandan təlimatlar alıb.

"4000-ci bölmə": terrorun koordinasiya mərkəzi

İsrail tərəfi bildirir ki, aparılan əməliyyatlar nəticəsində bu gizli mexanizmin komanda zənciri mərhələli şəkildə üzə çıxarılıb. Şəbəkənin başında Rəhman Mokaddam dayanıb - o, həm də xüsusi əməliyyatlar üzrə "4000-ci bölmə"yə rəhbərlik edib. Bu struktur İran xaricində terror fəaliyyətinin təşkili və silah qaçaqmalçılığı ilə məşğul olub. Onun birbaşa rəhbəri isə Məcid Hadəmi olub. Bildirilir ki, hər iki şəxs İsrail tərəfindən həyata keçirilən "Şir nəriltisi" əməliyyatı çərçivəsində zərərsizləşdirilib.

Şəbəkədə mühüm fiqurlardan biri də Möhsən Suri olub. O, xarici ölkələrə səfər edərək yerli hücrələrlə görüşərək onların fəaliyyətini koordinasiya edib. Digər tanınmış kurator - "Doktor" ləqəbli Mehdi Yəke-Dehqan Avropa və Azərbaycan istiqamətində əməliyyatlara rəhbərlik edib. Onun adı Türkiyədə ifşa olunmuş dron qaçaqmalçılığı və ABŞ-ın "İncirlik" aviabazasına qarşı kəşfiyyat fəaliyyətində də hallanıb.

İranın strategiyası və ifşanın nəticələri

İsrail xüsusi xidmət orqanlarının qiymətləndirməsinə görə, Tehran uzun illər "kölgə terroru" modeli quraraq hücumları dolayı yollarla həyata keçirməyə çalışıb. Məqsəd - məsuliyyətdən yayınmaq və əməliyyatları başqa qrupların üzərinə yönəltmək olub.

Bu çərçivədə İraqdakı İranyönümlü qüvvələrlə də əməkdaşlıq genişləndirilib. Lakin son əməliyyatlar göstərir ki, bu model ciddi zərbə alıb. Şəbəkənin rəhbərliyinin və infrastrukturunun sıradan çıxarılması İranın belə fəaliyyətlərdən effektiv istifadə imkanlarını məhdudlaşdırır.

İsrail tərəfi vurğulayır ki, beynəlxalq tərəfdaşlarla birlikdə bu cür şəbəkələrin ifşası və zərərsizləşdirilməsi davam etdiriləcək. Nəticə etibarilə, açıqlanan faktlar bir daha göstərir ki, İranın "kölgədə qalmaq" strategiyası getdikcə ifşa olunur və qlobal miqyasda fəaliyyət göstərən gizli terror şəbəkələri artıq əvvəlki kimi görünməz deyil.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər