Bəqai: İslamabadda danışıqlarla bağlı hələ qərar verilməyib
Dünya
353
21 Apr 2026 | 22:57

Bəqai: İslamabadda danışıqlarla bağlı hələ qərar verilməyib

İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, İslamabada getmək ölkənin maraqlarına xidmət etməlidir və bu barədə hələ yekun qərar qəbul olunmayıb.

Moderator.az-ın məlumatına görə, İran XİN sözçüsü İsmayıl Bəqai İran dövlət televiziyasına müsahibəsində ABŞ tərəfi ilə İslamabadda nəzərdə tutulan danışıqlarda iştirakla bağlı son vəziyyətə aydınlıq gətirib.

O deyib ki, İslamabada getmək İranın maraqlarını təmin etməlidir və bu istiqamətdə hələ yekun qərar verilməyib.

Bəqai bildirib ki, qərarın gecikməsinə səbəb qarşı tərəfin ziddiyyətli və qeyri-diplomatik addımlarıdır. Onun sözlərinə görə, İran prosesin əvvəlindən etibarən atəşkəsin pozulması ilə üzləşib ki, dəniz mühasirəsi də bunun nümunələrindən biridir.

Sözçü qeyd edib ki, İran razılaşmalara sadiq qalsa da, qarşı tərəf dəniz mühasirəsinin davam etdiriləcəyini bəyan edib. Bu isə razılaşmanın açıq şəkildə pozulmasıdır. O vurğulayıb ki, beynəlxalq hüquqa əsasən dəniz mühasirəsi təcavüzkar əməl sayılır. Bəqai xatırladıb ki, İran öhdəliklərinə məsuliyyətlə yanaşıb və ABŞ-ın Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmasından sonra da bir il müddətində razılaşmaya tam əməl edib.

Bəqai əlavə edib ki, gəmiçiliyə və sərbəst ticarətə müdaxilə təhlükəli haldır və dənizdə hərəkət azadlığını risk altına sala bilər. O, ABŞ-ın dənizlərdəki hərəkətlərini “dəniz quldurluğu”, “dövlət terrorizmi” kimi qiymətləndirib və bunun Vaşinqtonun diplomatiya ilə bağlı iddialarını ciddi şəkildə şübhə altına aldığını deyib. Onun sözlərinə görə, qarşı tərəf itki və zərərlərə baxmayaraq, məqsədlərinə çata bilməyib və xalqın müqaviməti həlledici rol oynayıb.

Bəqai həmçinin vurğulayıb ki, İran milli maraqların təmin olunduğu qənaətinə gəldiyi halda diplomatik yola müraciət edəcək. O qeyd edib ki, diplomatiya nəticəyönümlü olmalı, qərarlar isə ölkənin maraqları əsasında qəbul edilməlidir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər