Avstraliyalı sörfçü dünyanın ən zəhərli meduzasının hücumuna məruz qalıb - FOTO
Dünya
262
21 Apr 2026 | 22:29

Avstraliyalı sörfçü dünyanın ən zəhərli meduzasının hücumuna məruz qalıb - FOTO

Avstraliyada sörfçü dünyanın ən zəhərli meduzasının tərəfindən sancıldıqdan sonra xəstəxanaya yerləşdirilib.

Bu barədə Moderator.az "Daily Mail" nəşrinə istinadən xəbər verir. Qeyd olunub ki, avstraliyalı sörfçü Qay Roulz Ficiyə səfəri zamanı dünyanın ən təhlükəli dəniz canlılarından biri hesab edilən qutubağar meduzanın hücumuna məruz qaldığı üçün təcili tibbi yardıma ehtiyac duyub.

"Qəfildən qolumda güclü bir yanğı hiss etdim. Elə bil dərimə qaynayan yağ tökülmüşdü", - deyə o bildirib. Təhlükəli canlı ilə təmasdan sonra onu dərhal qayığa qaldırıblar. Bu zaman kişidə kəskin sinə ağrıları, qıcolmalar və vəziyyətin ümumi pisləşməsi müşahidə olunub. Zərərçəkən Nadi şəhərindəki xəstəxanaya çatdırılıb, yol isə bir saatdan çox vaxt aparıb. Sörfçünün sözlərinə görə, halı sürətlə pisləşirdi: bədənində əsmə, qusma və ətrafların keyiməsi halları baş verirdi. Hətta bir anlıq həyatını itirəcəyindən qorxaraq anasına zəng edib onunla vidalaşıb.

Tibb işçiləri bildiriblər ki, hadisədən xeyli vaxt keçdiyi üçün zəhər əleyhinə zərdabın vurulması artıq səmərəsiz idi. Həkimlər alternativ müalicə üsuluna müraciət ediblər - zəhərli hüceyrələri zərərsizləşdirmək üçün sirkə və ağrıkəsici dərmanlardan istifadə olunub.

"Mənə dedilər ki, üzümdən və ya boynumdan sancılmamağım böyük şansdır. Hər şey daha faciəli sonluqla bitə bilərdi", - deyə Roulz əlavə edib.

Qeyd edək ki, qutubağar meduzaların lamisələrində milyonlarla zəhərli hüceyrə mövcuddur və bu zəhər bir neçə dəqiqə ərzində ürəyin dayanmasına səbəb ola bilər. Onlara, əsasən, isti sahil sularında, xüsusən də Hind-Sakit okean hövzəsində və Avstraliyanın şimalında rast gəlinir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər