Hərbi əməliyyatlar zamanı şəhid olan yeganə general...
Digər
3700
25 Oct 2024 | 22:20

Hərbi əməliyyatlar zamanı şəhid olan yeganə general...

İşğal altında olan torpaqlarımızın azad olunması uğrunda rəşadətlə döyüşərək şəhid olan qəhrəmanlarımızdan biri də general-mayor Polad İsrayıl oğlu Həşimovdur.
Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Polad sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. 1992-ci ildə Sumqayıt şəhər 34 nömrəli tam orta orta məktəbi bitirən  Polad Həşimov elə həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. Polad Həşimov Ali Hərbi Məktəbi 1995-ci ildə motoatıcı ixtisası üzrə bitirib. 
 
Polad Həşimov hələ I Qarabağ müharibəsi zamanı - 1992-ci ilin dekabr ayında Ağdam rayonunun Mərzili və Novruzlu kəndlərinin müdafiəsində, Füzuli rayonunun kəndlərinin işğaldan azad edilməsi ilə nəticələnən uğurlu əməliyyatlarda iştirak edib. 
Gənc zabit 1994-cü ildə Türkiyənin “Tuzla Piyada Okulu”nda 3 aylıq kurs keçərək hərbi təhsilini təkmilləşdirib. Həmin ilin fevral ayında Murovdağı silsiləsində Güzgü, Koroğlu dağı və Ömər yüksəkliklərinin alınması uğrunda döyüşlərdə iştirak edib. Polad Həşimov 1995-2017-ci illər ərzində motoatıcı taqım komandiri vəzifəsindən hərbi hissənin komandiri vəzifəsinədək yüksəlib. 
Polad Həşimov 2014-cü ilin iyul ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına daxil olub, hərbi idarəetmə ixtisaslaşması üzrə magistr elmi-ixtisas dərəcəsi alıb. Polad Həşimov  2017-ci ilin aprel ayından şəhid olduğu günədək hərbi birlik komandirinin birinci müavini – qərargah rəisi vəzifəsində xidmət edib. 
Polad Həşimovun nümunəvi xidməti nəzərə alınaraq “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda”, “Vətənə xidmətə görə” III dərəcəli ordeni ilə təltif edilib. Həmşinin Polad Həşimov Müdafiə Nazirinin müvafiq əmrləri ilə “Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)” yubiley medalları, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı”, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunub. 
2016-cı ilin aprel döyüşlərində göstərdiyi sücaətə görə Polad Həşimov “Vətənə xidmətə görə” II dərəcəli ordeni ilə mükafatlandırılıb. Aprel döyüşləri zamanı Talış kəndi yüksəklikləri uğrunda gedən döyüşlərdə birinci Ordu Korpusunun Qərargah rəisi olan Polad Həşimov yaralanıb.
25 iyun 2019-cu ildə Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin üçüncü Ordu Korpusunun Qərargah rəisi təyin olunub. 
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin general-mayoru Polad Həşimov 14 iyul 2020-ci ildə Tovuz döyüşlərində şəhid olub. Belə ki, 2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab tədbirləri görməsi nəticəsində Ermənistanın hücum cəhdinin qarşısı alınıb. Döyüşlərin  ilk saatında Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid olub, 4 nəfər isə yaralanıb. 
İyunun 12-dən 13-nə keçən gecə də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gərgin anlar davam edib. 3-cü Ordu Korpusunun Qərargah rəisi Polad Həşimovun da qatıldığı hərbi toqquşmalarda artilleriya və minaatanların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi ilə Ermənistan Ordusunun dayaq məntəqəsi, artilleriya qurğuları və canlı qüvvəsi məhv edilib. Cavab tədbirləri ilə Ermənistan Silahlı Qüvvələrinin atəş mövqeləri, 20 nəfərdən çox şəxsi heyəti, tabor qərargahı və digər hərbi hədəflər darmadağın edilib.
İyulun 13-dən 14-nə ötən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Gecə döyüşləri zamanı Ermənistan Silahlı Qüvvələrinə məxsus müxtəlif təyinatlı hərbi nəqliyyat vasitəsi, döyüş vasitələri, müdafiənin dərinliyində yerləşən ehtiyatlar və canlı qüvvə məhv edilib.
General-mayor Polad Həşimov da 2020-ci il iyulun 14-də səhər radələrində Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olub. Onunla birgə olan 3-cü Ordu Korpusunun Artilleriya Qərargahının rəisi İlqar Mirzəyev, mayor Anar Novruzov, mayor Namiq Əhmədov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev və əsgər Elçin Mustafazadə də şəhidlik zirvəsinə ucalıb. 
Bununla da Polad Həşimov İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra 1988-ci ildən etibarən başlayan Qarabağ müharibəsində həlak olan üçüncü Azərbaycan generalı olub. 
14 iyul tarixində general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam kəndinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. 15 iyul tarixində II Şəhidlər xiyabanında, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub. Ailəli idi və özündən sonra üç övladı yadigar qalıb. 
Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə general-mayor Polad Həşimov Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan yeganə general-mayoru Polad Həşimovun adının əbədiləşdirilməsi üçün addımlar atılıb. Belə ki, 2021-ci ildə Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adı verilib. Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçə də Polad Həşimovun adını daşıyır. 
28 oktyabr 2020-ci ildə Türkiyə Respublikasının Bursa şəhər Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni parkın açılışı olub. 
 
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Şərqi Zəngəzur məktəblərində Vətən Müharibəsi Qəhrəmanlarının təbliği” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
 
Moderator.az
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər