Mingəçevir su anbarında suyun səviyyəsi artıb
Cəmiyyət
460
15:27, Bu gün

Mingəçevir su anbarında suyun səviyyəsi artıb

Ötən ilin bu dövründə Mingəçevir su anbarında su səviyyəsi gündəlik azalırdısa, bu il əksinə, artım müşahidə olunur.
 
Moderator.az xəbər verir ki, hazırda anbarda suyun səviyyəsi 81 metr 17 santimetrdir. Müqayisə üçün qeyd edək ki, 2025-ci il mayın 27-də su anbarında səviyyə ilin ən yüksək göstəricisi olan 81 metr 12 santimetrə çatmış və həmin tarixdən sonra gündəlik enmə başlamışdı.
 
Bu il isə mayın 29-na olan məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə su səviyyəsində 5 santimetr artım qeydə alınıb. Üstəlik, səviyyənin yüksəlişi davam edir. Xatırladaq ki, Mingəçevir su anbarının maksimal su tutumu həddi 83 metrdir.
 
Mütəxəssislər artım dinamikasına baxmayaraq, vəziyyətin normal və tam nəzarət altında olduğunu bildirirlər. Bu məqsədlə anbardan Kür çayına buraxılan suyun həcmi saniyədə 500 kubmetrdən 400 kubmetrə endirilib. Qərarın əsas məqsədi Kür çayının rayonlardan keçən hissələrində mümkün fəsadların qarşısını almaqdır.
 
Artıq bunun ilk nəticələri də müşahidə olunur. Son aylarda Kür çayının Zərdab rayonu ərazisindən keçən hissəsində su səviyyəsində artım diqqət çəkirdisə, son məlumata görə burada 9 santimetrlik enmə qeydə alınıb və səviyyə 8 metr 45 santimetrə düşüb.
 
Oxşar tendensiya Göyçay, Qarasu, Türyançay və Qanıx çaylarında da müşahidə edilir. Xüsusilə Qarasu çayından suvarma məqsədilə istifadənin artması səviyyənin enməsinə müsbət təsir göstərib. Qanıx çayında isə son iki gün ərzində su sərfi saniyədə 268 kubmetrdən 244 kubmetrə qədər azalıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər