Azərbaycanda bu şəxslər həm maaş, həm də pensiya alır - SİYAHIDA KİMLƏR VAR?
Cəmiyyət
450
15:17, Bu gün

Azərbaycanda bu şəxslər həm maaş, həm də pensiya alır - SİYAHIDA KİMLƏR VAR?

Azərbaycanda işləyən pensiyaçıların sayı açıqlanıb.
 
“Yeni Sabah”ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, aprel ayına dair rəsmi statistik hesabata əsasən, əmək pensiyası alan və işləməyə davam edən şəxslərin sayı 152 min 352 nəfər olub.
 
Qeyd edilib ki, onların 105 min 20 nəfəri yaşa görə, 41 min 667 nəfəri əlilliyə görə, 5 min 665 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alan şəxslərdir.
 
Vətəndaş və Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov “Yeni Sabah”a açıqlamasında deyib ki, pensiya alan şəxslərin işləməsi normal haldır. Onun sözlərinə görə, pensiya yaşına çatan, lakin fəaliyyətini davam etdirən çoxsaylı vəzifəli şəxslər var:
 
“Konstitusiyaya uyğun olaraq vəzifəyə təyin olunan və ya seçilən şəxslər mövcuddur. Bu kateqoriyaya deputatlar və digər vəzifəli şəxslər daxildir. Onlar pensiya yaşında olsalar da, işləməyə davam edirlər. Deputat, nazir, nazir müavini, icra başçısı və digər vəzifə sahibləri buna nümunədir”.
 
Ekspert qeyd edib ki, alimlər, həkimlər, müxtəlif sahələr üzrə mütəxəssislər və fəhlələr arasında da pensiya yaşından sonra işləməyə davam edənlər çoxdur:
 
“Bəzilərinin maddi ehtiyacı olur və buna görə işləyirlər. Elələri də var ki, dövlət qulluğunda çalışıblar, 65 yaş həddinə çatdıqdan sonra işdən ayrılıblar, lakin sonradan başqa iş taparaq fəaliyyətlərini davam etdirirlər. Yəni onların işləməsi normaldır”.
 
Sahib Məmmədovun sözlərinə görə, işləyən pensiyaçıların işsizlik statistikasına təsiri məsələsi isə ayrıca müzakirə mövzusudur:
 
“Mənim bildiyimə görə, hesablamalar aparılarkən onlar işsiz kimi nəzərə alınmırlar. Əslində nəzərə alınsalar, qeydiyyatda olan işsizlərin sayı daha çox görünərdi”.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər