Hövsanda yaşayış binasının zirzəmisində aparılan tikinti dayandırılıb.
Bununla əlaqədar Oxu.Az-ın sorğusuna cavab olaraq, Suraxanı Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Rayon İcra Hakimiyyətinin Başçısının (RİHB) Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar məsul Qurbanəli İslamov bildirib ki, qəsəbənin Hafiz Quliyev küçəsi, 24 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının zirzəmisində aparılan tikinti işləri qanunsuz olub:
“Buna görə, sakinlərin də narazılığı diqqətə alınaraq, lazımi tədbirlər görülüb. Aidiyyəti qurumlara, Fövqəladə Hallar Nazirliyinə, Daxili İşlər Nazirliyinə məlumat verilib. Polis ərazidə aparılan işi dayandırıb və zirzəminin ətrafına məhdudlaşdırma lenti çəkib. Biz də ərazidə heç bir iş aparılmamasına nəzarət edirik. Amma onu da qeyd etməliyəm ki, binanın beton dayaqları sökülməyib”.
13:11
Hövsan qəsəbəsində beşmərtəbəli yaşayış binası uçmaq təhlükəsi ilə üz-üzədir.
Bununla bağlı Oxu.Az-a sakinlər məlumat veriblər. Onlar qeyd ediblər ki, qəsəbənin Hafiz Quliyev küçəsi, 24 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının beton dayanacağı dağıdılıb.
Buna səbəb isə binanın zirzəmisinin hansısa sahibkara satılmasıdır. Sakinlərin iddiasına görə, tanımadıqları şəxsə satılan zirzəmidə obyekt tikiləcək və buna görə inşaat başlanıb.
Zirzəmidə aparılan işlər nəticəsində binanın beton dayaqları da sökülüb, yekunda bina çökmə təhlükəsi ilə üz-üzə qalıb.
Bina sakinlərinin sözlərinə görə, aidiyyəti qurumlar problemdən xəbərdar olsalar da, heç bir addım atılmır.
Redaksiyamıza göndərilən videonu təqdim edirik: