Aprelin 10-da Kəlbəcərin igid oğullarından birinin - Mahir Quliyevin şəhadətə qovuşmasının 30 ili tamam olacaq.
Moderator.az şəhidimizin ruhunun şad olması üçün onunla bağlı 30 il öncə xalq şairi Xəlil Rza Ulutürkün "Xalq Qəzeti"ndə getmiş yazısını təqdim edir:
Xəlil Rza Ulutürk
MÖCÜZƏ BİR OĞUL...
Sən qoynunda göz açdığın təbiət kimi möcüzə bir oğuldun, Mahir! O qıjıltılı çaylar, daşdan daşa çırpınan dupduru sular, memar əllərindən çıxmış təki o sivri, sal qayalar, min illər boyu duran daş mağaralar, o daş kahaların ağzında, yanında, yançağında bitən qar çiçəyi, qız bənövşə, qan bənövşə kimi möcüzə Mahirim! Gənc və məğrur qartal təki günəşə, ənginliklərə doğru qanadlandığın halda namərd gülləsinə rast gələn, qanına bələnən Mahirim! 1969-cu ildə Kəlbəcərdə dünyaya göz açdın. Sonralar, xeyli sonralar anladın ki, adi torpaqda deyil, dünya cənnətindəsən. Həndəvərində marığa yatmış düşmənlərin gözü çoxdan bu cənnətdədir. Ucu-bucağı görünməyən allı-güllü yaylaqlar, Karlovı Varı qaynaqlarını geridə buraxan əfsanəvi İstisu şəfa bulaqları, İstisuyun taxtası, Dədə Şəmşirin, Səməd Vurğunun ilhamına qanadlar vermiş Ceyran bulağı, qoyun dırnağı ilə bəzənmiş cığırlar, dağ yolları, gözlərə işıq, biləklərə qüvvət gətirən Tərtər çayının dərəsi, planet möcüzəsi Kəlbəcər! Mən hələ o diyarın əfsanəvi qızıl yataqlarını, mineral sularını, xallı daşları, abidələri şairimiz Şamil Əsgər kişinin əllərilə birər-birər toplanan muzeyi demirəm. Sən barışa bilmirdin, barışa bilməzdin ki, bu boyda ucsuz-bucaqsız sərvət, xəzinə, dürdanə təbiət dünyada ən murdar, ən rəzil, ən alçaq qəsbkarın, – erməninin kirli, iyrənc caynaqlarına keçsin. Eşidəndə qulaqlarına inanmadın və birbaş qara hədəfə doğru şığıdın, kəlbəcərlilərin yeganə çıxış yolu olan Qamışlı körpüsünü öz hökmün altında saxladın, qarlı, buzlu sıldırımları nəfəsinin alovu ilə isitdin, ora neçə gün, neçə gecə düşmən ayağı dəyməsinə imkan vermədin. Yaralanmış qərargah rəisini Gəncə qospitalına çatdırandan sonra da ürəyin aram tapmadı, könüllülərdən ibarət 11 nəfərlik dəstə ilə Murovdağın Kəlbəcər üzünə qayıtdın ki, Qaragöl yüksəkliyində düşməni darmadağın edəsən. Yox, bu dəfə məramına çatmadın. Səni namərdcəsinə arxadan vurdular. 8 güllə bədənindən keçdi. Düşmən gülləsi yox, düşməndən daha rəzil, daha şərəfsiz namərd gülləsi!
Aprelin 10-da Şəhidlər Xiyabanında sən torpağa tapşırılarkən deyilənləri xatırlayıram. Kəlbəcərdə Qılınclı kənd orta məktəbini bitirər-bitirməz erməni əclaflığının nə qədər dərinlərə kök atdığını açıq-aydın görən, buna görə hərbçi olmaq qərarına gələn, Bakıda Ali Ümumqoşun Komandirlər Məktəbinə can atan, təhsilini başa vuran kimi cəbhəyə qanadlanan Mahir balamız, aman Tanrı, nə tez kişiləşdi! Laçın bölgəsində batalyon komandiri səviyyəsinə qalxdı. Vaquaz, Arduşlu, Biçənis, Ərdəşəbil, Təzəkənd, Bililduz kəndlərinin işğalçılardan təmizlənməsində bayrağa və bayraqdara çevrildi.
Sənə şeir qoşmaq istəyirəm. Sənin tarixi qəhrəmanlığına yaraşa biləcək qüdrət hanı şeirimdə?
Xəzinə dağların durr, almaz oğlu
Satılmış elatın satılmaz oğlu!
Sal qayalar kimi məğrur, müqəddəs,
Sal qayalar kimi sarsılmaz oğlu!
Sənin döyüş yolunu, hər addımını izləyən, səninlə fəxr etdiyini gizlədə bilməyən atan İbrahim kişiyə, qardaşın Əlövsətə necə təsəlli verim? Səni səngər başında tanıyan doğma qardaşı qədər sevən, məzarının soyuq torpağını isti əlləri ilə oxşayan Kəmalə Eldar qızına, Zübeydə xanıma necə təsəlli verim? Əzizlərin, səni tanıyanlar, qiymətləndirənlər, Mahir adı çəkiləndə dili, dodağı yananlar bir deyil ki, beş deyil ki!
Pasportunu təzələməyə, Mahir Quliyev ifadəsini Mahir Qulu soy ilə əvəz etməyə, rus imperiyasının bütün ləkələrindən təmizlənməyə can atdırdın, deyirlər. Heç birinə macal tapmadın. Yalnız gözəl yaşamağa, yurdumuzun başının üstünü almış qara buludlar qarşısında üzüağ olmağa macal tapdın. Vur-tut 24 illik ömrün üzağlığı və zəfər səlnaməsinə döndü. Kim bilir, bəlkə də səadət elə budur. Qoy bu sualın cavabını üzüqaralar¸ səadətə tamarzı qalanlar versin. Yox, elələri sənin ayağının tozuna da dəyməz. Şəhidlər Xiyabanında, planetin Zəfər panteonunda uyuyan Mahirim! İndən belə əbədiyyən alnıaçıq, üzüağ yaşamağa qadirim!
“Xalq qəzeti”
23 aprel 1993-cü il