ABŞ Çinlə uzlaşma arayışında... – Deputatdan diqqətçəkən açıqlama 
Aktual
139
11:17, Bu gün

ABŞ Çinlə uzlaşma arayışında... – Deputatdan diqqətçəkən açıqlama 

Son illər qlobal siyasətdə baş verən proseslər göstərir ki, dünyanın əsas güc mərkəzləri arasında rəqabət artıq yalnız iqtisadi sahə ilə məhdudlaşmır. Beynəlxalq münasibətlər sistemində formalaşan yeni balans, böyük dövlətləri həm siyasi, həm də strateji baxımdan daha sərt qarşıdurma mərhələsinə yaxınlaşdırır. Xüsusilə Asiya və Yaxın Şərqdə baş verən hadisələr qlobal güclərin maraqlarının necə toqquşduğunu açıq şəkildə nümayiş etdirir. Bu f7onda Vaşinqton və Pekin arasında münasibətlərin gələcək istiqaməti dünya gündəminin ən mühüm mövzularından biri kimi diqqət çəkir. 
 
Maraqlıdır, Donald Trampın Çinə səfəri Pekinin artıq ABŞ üçün əsas geosiyasi rəqibə çevrildiyini qəbul etməsi kimi qiymətləndirilə bilərmi? Tayvan, Çin–İran yaxınlaşması və qlobal güc balansı fonunda bu səfər münasibətləri yumşaltmağa hesablanmış diplomatik addımdır, yoxsa ABŞ Çinin artan təsirindən narahat olduğu üçün Pekinlə məcburi dialoqa gedir? Bu proses gələcəkdə dünya düzəninə və ABŞ–Çin rəqabətinə necə təsir göstərə bilər?
 
Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Vüqar İskəndərov açıqlama verib.
 
Deputat qeyd edib ki, ABŞ Prezidenti Tramp hakimiyyətə gəldikdən qısa müddət sonra dünyanın bir çox ölkəsinə qarşı iqtisadi müharibə siyasəti yürütməyə başladı:
 
"Tariflərin artırılması, ticarət dövriyyəsindəki münasibətlərə yenidən baxılması və xüsusilə bu siyasətdə əsas fokusun Çin üzərində cəmlənməsi diqqət çəkdi. Çinə qarşı 60 faizlik tariflərin müəyyənləşdirilməsi, ABŞ iqtisadiyyatında Çinin rolunun azaldılmasına yönələn addımlar, eyni zamanda investisiya yönümlü məsələlərdə fərqli yanaşmaların ortaya qoyulması bu siyasətin əsas elementləri idi. Təbii ki, Çin də buna qarşılıq verdi və hazırda iki ölkə arasındakı münasibətlərə nəzər salsaq, mənfi dinamikanın üstünlük təşkil etdiyini görə bilərik.
 
Bununla yanaşı, Çinin inkişaf tempi və qlobal təsir imkanlarının artması da açıq şəkildə müşahidə olunur.
ABŞ-ın İsraillə birlikdə İranla qarşıdurmaya getməsi isə Çinlə münasibətlərə də ciddi təsir göstərməyə başladı. Çünki artıq heç kimə sirr deyil ki, İranın sonrakı mərhələdə müharibə prosesində müqavimətini gücləndirməsinin arxasında Çin amili dayanırdı. Çin bunu açıq formada etməsə də, müxtəlif vasitələrlə və bütün imkanları çərçivəsində İrana dəstək verməyə başladı. Bu baxımdan Trampın Çinə səfəri bir çox mühüm məqamları özündə ehtiva edir".
 
Vüqar İskəndərov vurğulayıb ki, birincisi, təbii ki, hər iki tərəfin bir-birindən müəyyən güzəştlər əldə etməyə çalışacağı gözlənilir:
 
"ABŞ-ın əlində Tayvan məsələsi əsas təzyiq vasitələrindən biri kimi qalır. Digər tərəfdən, Çin artıq iqtisadi, texnoloji və müxtəlif sahələrdə ABŞ ərazisində ucuz istehsal və bazar üstünlüyü ilə dominant mövqe formalaşdırmağa başlayıb. Birləşmiş Ştatlar hələ də dünyanın bir nömrəli iqtisadiyyatı hesab olunsa da, Çinin sürətli inkişafı Vaşinqtonda ciddi narahatlıq doğurmaqdadır.
 
Düşünürəm ki, iki ölkə rəhbəri arasında keçiriləcək görüşdə Körfəz problemi, İran məsələsi, ABŞ–İsrail qarşıdurması, bu proseslərin doğurduğu nəticələr və Çinin burada tutduğu mövqe əsas müzakirə mövzularından olacaq. ABŞ prezidenti Çinin bu məsələlərdə hansı konkret mövqedən çıxış etdiyini aydınlaşdırmağa çalışacaq. Bununla yanaşı, qlobal gündəmdə yer alan digər məsələlər, o cümlədən Rusiya–Ukrayna müharibəsi ilə bağlı mövzular da müzakirə edilə bilər".
 
Deputat əlavə edib ki, burada hətta Cənubi Qafqaz, xüsusilə Orta Dəhliz məsələsinin də gündəmə gəlməsi istisna deyil:
"Tramp marşrutu ilə bağlı məsələlər də müzakirə oluna bilər. Çünki bu istiqamətdə hər iki ölkənin maraqları tam şəkildə toqquşmur, əksinə müəyyən paralel xəttlərin mövcudluğu müşahidə olunur. Açıq şəkildə görünür ki, ABŞ Çinin artan nüfuzundan və beynəlxalq münasibətlər sistemində təsir imkanlarının genişlənməsindən ciddi şəkildə narahatdır. Çin iqtisadi baxımdan daha geniş coğrafiyaları sürətlə əhatə edir və qarşılıqlı maraq doğuran bir çox məsələlərin də danışıqların əsas mövzularından biri olacağı gözlənilir.
 
Burada həm iqtisadi, həm siyasi, həm də hərbi-texniki sahələr üzrə məsələlər iki ölkə lideri arasında geniş şəkildə müzakirə olunacaq. Hazırda dünyanın iki əsas iqtisadi gücü arasında rəqabət getdikcə daha da artır. Birləşmiş Ştatlar uzun müddət dünyanın bir nömrəli iqtisadiyyatı statusunu qoruyub saxlamaq niyyətindədir.
 
Ümumilikdə, bu iki qlobal güc arasındakı münasibətlər beynəlxalq sistemə ciddi təsir göstərir və bu təsirlər həm siyasi, həm də iqtisadi müstəvidə özünü göstərməkdədir.
 
ABŞ prezidenti çalışacaq ki, Çinlə danışıqlarda öz maraqları baxımından mümkün qədər çox nəticə əldə etsin. Lakin Çin liderinin siyasəti də bəllidir.
Pekin heç vaxt milli maraqlarını ABŞ-ın maraqlarına qurban vermək niyyətində deyil və bir çox məsələdə öz maraqlarını açıq şəkildə müdafiə edir.
 
Bu isə danışıqların tam rəvan və problemsiz keçəcəyini deməyə əsas vermir. Ona görə də hesab edirik ki, iki ölkə liderinin görüşündən və səfərdən sonra əldə olunan nəticələr, aparılan müzakirələr və verilən mesajlar daha geniş şəkildə təhlil olunacaq. Yalnız bundan sonra bir sıra məsələlər üzrə daha konkret analiz aparmaq mümkün olacaq".
 
Pərvin Şakirqızı
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər