“O deyirdi ki, “NKVD” orqanları tərəfindən həbs edilmiş bütün dustaqlar xalq düşmənidirlər, onlardan cinayətkar əlaqələri barədə ifadəni hər hansı üsulla istər qanuni, istərsə də qanunsuz yolla almaq zəruridir...”
"Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...
İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...”
Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...
Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.
Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.
Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:
"İstintaq materiallarından...
Şahid Çuraşov Vasili İvanoviç
1932-ci ildən 1954-cü ilədək Azərbaycan Baş Siyasi İdarə, “NKBD”, DTN və DTN orqanlarında işləyib.
Sual:
Məhkəmə işlərinin saxtalaşdırılması və Azərbaycan DİN orqanlarında qeyri-qanuni istintaq metodları, üsulları barədə nə bilirsiniz?
Cavab:
1936-38-ci illərdə mən “NKVD” –də əməliyyat müvəkkili işlədiyim vaxtlarda kütəlvi həbslər həyata keçirilirdi. Bu həbslər müvafiq olaraq yoxlanılmış materiallar əsasında yox, əksinə, dustaqların yoxlanılmamış ifadələri əsasında aparılırdı. Azərbaycan SSR “NKVD”-sində qabaqlar həbs olunmuş şəxslərin yoxlanılmamış ifadələr əsasında aparılan kütləvi həbslərlə yanaşı, istintaq zamanı dustaqların amansızcasına döyülməsi və qanunla qadağan edilmiş digər üsullar tətbiq edilirdi. Dustaqlara çox vaxt “stoyka” üsuli, yəni onları bir neçə sutka boyu dindirmək və həmin müddətdə oturmağa qoymamaq tətbiq olunurdu. Bu üsulla dindirilən dustaqların qan dövranı pozulur, ayaqları şişib kündəyə dönürdü. Bu işgəncəyə çox az adam tab gətirirdi, çoxu huşunu itirib yıxılırdı. Müstəntiqlər bu qanunsuz üsulları tətbiq etməklə dustaqlardan özlərinə sərfəli olan yalan ifadələr almağa nail olur, sonra da bu yalan ifadələrdən günahsız adamların həbs olunması üçün istifadə edirdilər. İstintaq zamanı dustaqların hələ azadlıqda olan şəxslərin antisovet təşkilatının üzvü olması barədə ifadə verməsinə nail ola bilməyən müstəntiqlər pis işçi hesab olunurdu...
“NKVD” işçilərinin bir yığıncağı yadıma düşür. Həmin yığıncaqda xalq komissarı Sumbatov az adam tutan işçilər barədə böyük bir nitqlə çıxış etdi. Sumbatov hansı üsulla alınmasından və həqiqətə nə qədər uyğun olub-olmamasından asılı olmayaraq dustaqlardan hələ azadlıqda olanlar barədə yalan ifadə almağı tələb edirdi. Dustaqların istintaqı barədə isə Sumbatov deyirdi ki, “NKVD” orqanları tərəfindən həbs edilmiş bütün dustaqlar xalq düşmənidirlər, onlardan cinayətkar əlaqələri barədə ifadəni hər hansı üsulla istər qanuni, istərsə də qanunsuz yolla almaq zəruridir...
1938-ci ilin əvvəllərində mən işdən gecə saat ikidə çıxdım. Adətən əməliyyat işçiləri işdən səhərə yaxın çıxır və gündüz istirahət edirdilər. Mənim işdən “vaxtsız” getməyimdən xəbər tutan xalq komissarının müavini Borşev məni yanına çağırdı, layiqsiz sözlərlə təhqir edib bildirdi ki, mən şübhəli adama oxşayıram, çünki dustaqları gecə vaxtı dindirmirəm. Sonra Borşev dedi: “Gərək dustağı gecə flan-flan eləyəsən”. Mən Borşevin göstərişini o vaxt belə daşa düşdüm ki, gecələr dustaqları sistematik şəkildə dindirməklə onları normal yuxudan məhrum eləməliyik. O vaxtlar həbslər bu qaydada rəsmiləşdirilirdi: əməliyyat işçisi dustağın hələ azadlıqda olan şəxsin cinayətkar fəaliyyəti barədə ifadə veməsinə nail olandan sonra arayış tərtib edirdi. Həmin arayış barədə şöbə rəsinə məlumat verilirdi, o da həbs olunma barədə göstəriş verirdi. Alınmış ifadələrin doğru olub-olmaması yoxlanılmırdı. Bundan sonra arayışa həbs barədə qərar da əlavə olunurdu. Şöbə müdiri həmin sənədləri mütləq xalq komissarına təqdim etməli idi. O da həbs barədə qərarı təsqid edib orderi imzalayırdı. Kütləvi həbslər keçirilməsi barədə bu cür cinayətkar təcrübə Sumbatovun, Rayevin və Markaryanın xalq komissarı olduqları dövrdə geniş yayılmışdı...”
Təqdim etdi:
Sultan Laçın