Bizi sosial şəbəkələrdən izləyin:
Vətəndaşlar bəzi hallarda pulu səhvən başqasının kart hesabına köçürə bilərlər. Bu halda çox adam vəsaiti necə geri qaytaracağını bilmir.
Moderator.az xəbər verir ki, Oxu.az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu şəxsin səhvən başqasının kartına pul köçürməsi ilə bağlıdır.
Bu halda vətəndaş nə etməlidir?
Sözügedən məsələ Mülki Məcəllə ilə tənzimlənir. Bu hal "əsassız varlanma" sayılır.
Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən, hüquqi əsas olmadan əldə edilən əmlak geri qaytarılmalıdır və bu konteksdə səhv köçürülən pul da sözügedən kateqoriyaya daxildir.
Həmçinin məcəllədə qeyd olunur ki, həmin puldan əldə edilən hər hansı gəlir də geri qaytarıla bilər.
Bu halda pulu alan şəxs həmin məbləği saxlamaq üçün hüquqi əsas qazana bilmir. Praktiki olaraq, proses ilk növbədə bank vasitəsilə başlanır. Müştəri banka müraciət edir və "səhv köçürmə üzrə araşdırma" sorğusu açılır. Bank qarşı tərəfin bankı ilə (fərqli şirkətin müştərisidirsə) əlaqə saxlayaraq, vəziyyəti yoxlayır və vəsaitin könüllü qaytarılması üçün imkan yaradır. Əgər pul alan şəxs razı olarsa, vəsait geri qaytarılır və məsələ bank səviyyəsində həll olunur. Əgər razılıq olmazsa, bank pulu məcburi qaytara bilmir və məsələ hüquqi müstəviyə keçir. Bu halda vətəndaş qanunvericiliyə uyğun olaraq məhkəmə qarşısında iddia qaldırır və müvafiq prosedura başlanılır.