Bizi sosial şəbəkələrdən izləyin:
Dövlət İmtahan Mərkəzi (DİM) Naxçıvan Muxtar Respublikasında yerləşən məktəblərin cari ilin XI sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının nəticələrini açıqlayıb.
Moderator.az xəbər verir ki, imtahanda ən yüksək nəticəni - 300 balı toplayan, Ordubad rayonunun Aşağı Əylis kənd tam orta məktəbinin məzunu Ayxan Asiman oğlu Babazadə imtahanla bağlı ilk təəssüratlarını "Trend"ə bölüşüb.
Onun sözlərinə görə, Naxçıvan birincisi olmaq və maksimum nəticə göstərmək qürurverici hissdir:
"Bu, çox qürurverici hissdir. Ölkə birincilərindən biri olmaqla ailəmi sevindirdiyim üçün özümlə fəxr edirəm. Müəllimim zəng edərək nəticələrin açıqlandığını və birinci olduğumu dedi. Mənim bundan xəbərim yox idi. Yüksək nəticə göstərəcəyimə inanırdım. Hədəfim də məhz bu idi", - deyə Ayxan bildirib.
O, gələcəkdə hüquqşünaslıq ixtisasını seçmək istədiyini də açıqlayıb. Bununla belə, hansı universitetdə təhsil alacağı ilə bağlı hələ qərar vermədiyini qeyd edib:
"Hüquqşünaslıq ixtisasını seçəcəyəm. Hələ universitet seçimi etməmişəm, konkret qərara gəlməmişəm. 9-cu sinifdən etibarən hazırlığa gedirəm. İmtahan o qədər də çətin deyildi. Digər zonalarla müqayisədə, demək olar ki, eyni səviyyədə idi".
Naxçıvan birincisi əlavə edib ki, şagirdlər özlərinə inansalar və təmkinli davransalar, daha yüksək nəticələr əldə edə bilərlər.