İctimai nəqliyyatda yayxanaraq oturanları cərimə və həbs gözləyir? - VİDEO
124
08:30, Bu gün

İctimai nəqliyyatda yayxanaraq oturanları cərimə və həbs gözləyir? - VİDEO

Metro və avtobuslarda yayxanaraq oturan, bununla da digər sərnişinlərə mane olan şəxslər cərimələnə, hətta həbs oluna bilərlər.
 
İnzibati Xətalar Məcəlləsinə əsasən, bu cür hərəkətlər xırda xuliqanlıq maddəsi üzrə qiymətləndirilir. İctimai nəqliyyatda qaydaları pozan şəxsləri 50 manatdan 100 manatadək məbləğdə cərimə gözləyir. Bu tədbirin tətbiqi kifayət hesab edilmədikdə isə qanunvericilik 15 günədək inzibati həbs nəzərdə tutur.
 
Məsələ ilə bağlı paytaxt sakinlərinin fikirləri fərqlidir.
 
"Ola bilər ki, insan fikirli, halsız və ya işdən çıxdığı üçün yorğun olsun. Sadəcə, rahat oturmaq istəyir. Mən buna normal baxıram", - deyə sakinlərdən biri Baku TV-yə bildirib.

 

Digər bir vətəndaş isə bu cür halların narahatlıq yaratdığını vurğulayıb: "İki nəfərin yerini tuturlar. Etiraz edəndə isə hələ bir qulaqlıqlarını taxıb "bir az o yana otur" deyirlər".
 
Hüquqşünas Hikmət Əliyev məsələnin hüquqi tərəflərinə aydınlıq gətirərək bildirib ki, hər bir hal fərdi şəkildə qiymətləndirilməlidir:
 
"İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, ictimai qaydanın pozulması və cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlər xırda xuliqanlıq hesab olunur. Lakin ictimai nəqliyyatda şəxslərin uyğunsuz şəkildə əyləşməsi hər zaman bu maddə ilə qiymətləndirilə bilməz. Hüquqi məsuliyyət yalnız o halda yaranır ki, həmin hərəkət digər sərnişinlərin hüquqlarını pozsun və ya cəmiyyətə qarşı nümayişkaranə hörmətsizlik xarakteri daşısın. Yəni yayxanaraq oturmaq faktı öz-özlüyündə xırda xuliqanlıq sayılmır. Yalnız ictimai asayişin pozulduğu və başqalarının hüquqlarına müdaxilə edildiyi halda bu maddə çərçivəsində məsuliyyət məsələsi gündəmə gələ bilər".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər