Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri seçilib.
Moderator.az TASS-a istinadən xəbər verir ki, BMT Baş Assambleyasının 190 üzvündən 99-u onun namizədliyini dəstəkləyib.
Xəlilur Rəhmanın rəqibi Kiprin Xarici İşlər Nazirliyinin çoxtərəflilik məsələləri üzrə xüsusi nümayəndəsi Andreas Kakuris olub. O, 91 səs toplayıb.
Səsvermənin yekunlarını açıqlayan BMT Baş Assambleyasının 80-ci sessiyasının sədri Annalena Berbok bildirib:
"Zəruri səs çoxluğunu əldə etdiyinə görə, Zati-aliləri Xəlilur Rəhman Baş Assambleyanın sədri seçilmiş hesab olunur".
Xəlilur Rəhmanın diplomatik fəaliyyəti 1979-cu ildə başlayıb. O, müxtəlif illərdə Banqladeşin BMT yanında daimi nümayəndəliyində çalışıb, həmçinin Birləşmiş Millətlər Təşkilatının Katibliyində yüksək vəzifələr tutub. Rəhman Baş Assambleyanın 41-ci sessiyası sədrinin köməkçisi olub, eləcə də BMT Ticarət və İnkişaf Konfransı sistemində fəaliyyət göstərib.
Xəlilur Rəhman sentyabrın əvvəlində, BMT Baş Assambleyasının 81-ci sessiyasının rəsmi açılışından sonra vəzifəsinin icrasına başlayacaq.