Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Serbiyanın "Elektroprivreda Serbiya" (EPS) şirkəti arasında bu ölkənin Niş şəhərində qaz elektrik stansiyasının inkişafı, tikintisi və idarə edilməsi üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.
Moderator.az xəbər verir ki, Serbiyanın "Elektroprivreda" şirkəti sosial şəbəkə hesabında məlumat yayıb.
Qeyd olunur ki, bu strateji layihə Serbiyanın enerji təhlükəsizliyinin gücləndirilməsi, enerji mənbələrinin şaxələndirilməsi və yaşıl keçidin sürətləndirilməsi istiqamətində mühüm bir addımdır.
Məlumata görə, məqsəd 2030-cu ildə quraşdırılmış gücü 500 MVt-a qədər olan yeni baza enerjisi istehsal gücünün şəbəkədə olmasıdır.
"Serbiya və Azərbaycanın energetika sahəsindəki tərəfdaşlığı hər iki ölkənin yüksəksəviyyəli dövlət rəsmilərinin dəstəyi ilə müştərək əhəmiyyətli layihələr vasitəsilə inkişafını davam etdirir.
Nişdəki yeni qaz-turbin elektrik stansiyası vətəndaşların və iqtisadiyyatın elektrik enerjisi ilə daha sabit və etibarlı təchizatına, eləcə də Serbiyanın elektroenergetika sisteminin uzunmüddətli dayanıqlığına töhfə verəcək", - deyə məlumatda bildirilir.