"Real sülhün təmin olunması Ermənistan və Azərbaycan üçün təhlükəsizliyi təmin edən əsas amildir".
Moderator.az xəbər verir ki, bunu V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: Formalaşmaqda olan strateji Mərkəz” panelində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
“Ermənistandan müəyyən məhsulların idxalını da nəzərdən keçiririk. Bu yanaşmaya əsaslanaraq, biz Cənubi Qafqaz regionunda yeni bir status-kvo formalaşdırmışıq. Bu yeni status-kvo qanunilik və legitimlik prinsiplərinə əsaslanır və hər iki ölkənin maraqlarına xidmət edir. Bundan əlavə, biz uzunmüddətli perspektivdə ölkələrimiz üçün sülh və təhlükəsizliyi təmin edə biləcək yeni regional təhlükəsizlik arxitekturası qururuq. Eyni zamanda nəzərə almalıyıq ki, Cənubi Qafqaz regionu yeni münaqişə ocaqları ilə əhatə olunub. Yaxın coğrafiyamızda faktiki olaraq iki böyük müharibə gedir: şimalda Rusiya–Ukrayna müharibəsi, cənubda isə ABŞ–İsrail və İran arasında gərgin qarşıdurma müşahidə olunur. Lakin real sülhün təmin olunması, əslində, həm Ermənistan, həm də Azərbaycan üçün yerində təhlükəsizliyi təmin edən əsas amildir”, - Hikmət Hacıyev qeyd edib.