“ ”Bir qalanın sirri” filmi çəkiləndə mənim iki yaşım var idi. Filmin bəzi səhnələri Şağanda çəkilirdi. Atam at belində, bağlar arası çəkilişdən evə gəlirdi. Gəlib yuyunub, sabahkı çəkilişə hazırlaşırdı. Səhər tezdən geyimlərini də yığıb çəkilişə gedirdi. Filmdəki Elşənlə oxşar, həm də fərqli tərəfləri çox idi. İgidliyinə, qorxmazlığına görə Elşənə çox oxşayırdı. Bu filmə çəkiləndən sonra o vaxtkı mətbuatda “Azərbaycanın ilk nağıl cəngavəri” adlı məqalə də çıxmışdı. Atam 100 il keçəndən sonra da Elşən obrazı ilə yaddaşlarda qalacaq. Onu da deyim ki, o bütün filmlərində kaskadyorsuz çəkilirdi. Ən təhlükəli, qorxulu səhnələrdə özü çıxış edirdi. Bu film Fransada nümayiş olunmuşdu. Nümayişin afişasını sonradan atama vermişdilər. Həmin afişa indiyə qədər ailəmizdə saxlanılır”
Bunu Moderator.az-a açıqlamasında məşhur aktyor, yazıçı, nasir, jurnalist Gündüz Abbasovun və aktrisa Ofeliya Məmmədzadənin qızı şair-publisist Şəhla Gündüz deyib. O daha sonra əlavə edib.
“Atam ilk dəfə 1942-ci ildə “Sovet pəhləvanı” filmində çəkilmişdi. Bu filmin ssenarisini mənim babam Şəmsəddin Abbasov yazmışdı. Babam o vaxt kinostudiyanın direktoru, 15-dən çox bədii kitabın müəllifi, Mərkəzi Komitənin katiblərindən biri idi. Atam bu filmdə 12 yaşlı balaca çoban rolunda çəkilmişdi. Daha sonra film həyatında 1957-ci ilə qədər böyük bir fasilə olmuşdu. 1957-ci ildə onu “Onun böyük ürəyi” filmində Rəcəb roluna dəvət ediblər. O filmdə Səmayənin qucağındakı 6 aylıq Lalə mənəm. O mənim körpəliyimdən yadigar qalan ilk və yeganə lent yazısıdır” deyə bildirib.
Şəhla Gündüz bildirib ki, aktrisa kimi valideynlərinin yolunu davam etdirmək istəməyib.
“Aktrisa olmaq istəməmişəm. İstəsəydim belə atam heç vaxt icazə verməzdi. Atamı hamı “Dağlı Gündüz” kimi tanıyırdı. O Cəfər Cabbarlının qardaşı nəvəsi olub. Buna görə də onun adını Cəfər Cabbarlı özünün müəllifi olduğu “Sevil” əsərindən götürüb. Atam Azərbaycanda Gündüz adını daşıyan ilk insanlardan biridir” deyə Şəhla Gündüz bildirib.
Şəhla Gündüz atasının son günlərindən də danışdı.
“Atam qaraciyər serrozundan əziyyət çəkirdi. 10 günün içində dünyadan köçdü. Baxmayaraq ki, elə də böyük ağrıları yox idi. Bu gün atam xatırlanır, istər anım günündə, istərsə də doğum günündə onun haqqında veriliş hazırlayırlar. Bu sədaqətə, hörmətə görə hamınıza təşəkkür edirəm. Biz hamımız atamın sağlığında ailə həyatı qurmuşuq. Hamımız o yuvadan pərvazlanmışıq. Bizim hərəmizin öz evimiz-eşiyimiz olub. İnsan ailə qurduqdan sonra öz evinə öyrəşir. Sənin artıq doğulub-böyüdüyün ailədən başqa ikinci ayrı həyatın başlayır. Əlbəttə ki, arzulardıq ki, böyük kimi həmişə nəzarəti üzərimizdə olsun. Baxmayaraq ki, o, zəhmli ata idi, amma çox şəfqətli bir baba idi” deyə o bildirib.
Müsahibimiz atasından yadigar qalan əşyalardan da danışıb.
“Mənim böyük oğlum at idmanı üzrə birinci dərəcəli jokkeydir. Atamın filmdə istifadə etdiyi Elşənin qamçısı böyük oğlumdadır. Onun gözəl qəlyan, müştük kolleksiyası vardı. Müştük kolleksiyası isə mənim qardaşımdadır. Məndə qalan isə şəkilləri, kitabları, yazıları, məqalələri, televiziya lentləridir. Bir də siqaret çəkərkən istifadə etdiyi külqabısı” deyə sənətkarın qızı Şəhla Gündüz deyib.
Qeyd edək ki, Şəhla Gündüz Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. “Müşfiq” xatirə mükafatı laureatı, prezident təqaüdçüsüdür.