“Rusiyanın separatçı rejimə dəstəyi əvəzində Paşinyanın bu addımı Putinin səbrini daşdırıb...”
Ekskluziv
2493
20 Jul 2023 | 10:15

“Rusiyanın separatçı rejimə dəstəyi əvəzində Paşinyanın bu addımı Putinin səbrini daşdırıb...”

“Aİ-nin faktiki lideri olan Fransa Rusiya ilə müəyyən pərdəarxası oyunlar oynasa da, Brüsselin sülh prosesində önə çıxması Moskvanın heysiyyatına bərk toxunur...”
 
“Avropa İttifaqının vasitəçiliyi ilə növbəti Brüssel görüşü də maraqlı keçdi. Və Fransanın maraqlarına uyğun siyasət aparmasına rəğmən Şarl Mişel də yenə də müəyyən müsbət addımlar atmağa çalışdı. Bu və digər baxımdan ciddi bir irəliləyiş olmasına  baxmayaraq bu görüşü də müsbət dəyərləndirmək olar”. 
 
Bu fikri Moderator.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə analitik Teymur Qasımlı ifadə edib.
 
“Zənnimcə, bu dəfəki Brüssel görüşünün diqqətəlayiq nəticəsi o oldu ki, hər iki dövlət- Azərbaycan və Ermənistan növbəti dəfə bir-birinin ərazi bütövlyünü rəqəmlərlə ifadə edərək tanıdı. Bu mənada Ermənistanın bütövlükdə 86,6 min kvadrat kilometrlik ərazimizi Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və keçmiş Dağlıq Qarabağın tərəfimizdən azad olunmamış digər məntəqələri də daxil olmaqla tanıması çox müsbət haldır və ən diqqətəlayiq məqamlardan biridir”- deyə davamında politoloq bildirib.
 
Həmsöhbətimiz “Moskvanın son Brüssel görüşünə əsəbi reaksiyası nədən xəbər verir” sualını isə belə cavablandırıb: 
 
“Hesab edirəm ki, hələ Brüssel görüşündən öncə Vaşinqtonun təşəbbüsü ələ alması və Azərbaycan və Ermənistan XİN rəhbərlərinin oradakı növbəti görüşü artıq Moskvanı bərk qıcıqlandırımışdı. Bundan sonra da hər iki ölkə liderlərinin Avropa İttifaqının növbəti üçtərəfli görüş təklifinə müsbət cavab verməsi və nəhayət, bu görüşün, danışıqların baş tutması Kremlin əsəblərini tarıma çəkdi. Düzdü, Aİ-nin faktiki lideri olan Fransa Rusiya ilə müəyyən pərdəarxası oyunlar oynayır. Amma yenə də Brüsselin sülh prosesində önə çıxması Moskvanın heysiyyatına bərk toxunur. Və ən əsası, Rusiyanın Qarabağdakı, yəni Azərbaycan ərazisindəki separatçı-terrorçu rejimə dolayısıyla dəstək verməsinin qarşılığında Ermənistan baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasını bir daha dilə gətirməsi artıq Putinin səbir kasasını tam daşdırıb”- deyə siyasi şərhçi vurğulayıb.
 
S.Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər