Okamponun anti-Azərbaycan kartları açıldı:
154
13:16, Bu gün

Okamponun anti-Azərbaycan kartları açıldı: "Bu proseslərdə böyük məbləğdə vəsaitlər dövr edir" - FOTO/VİDEO

Keçmiş beynəlxalq prokuror Luis Moreno Okampo və onun oğlunun yer aldığı videolarda səsləndirilən iddialar Avropa institutlarında mümkün siyasi təsir mexanizmləri və lobbi fəaliyyətləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
 
Belə ki, videolarda Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasının vacibliyi vurğulanır, eyni zamanda, Avropa strukturlarına təsir imkanlarından açıq şəkildə bəhs olunur. Okampo iddia edir ki, komandasında Avropa Parlamenti ilə əlaqələri olan şəxslər mövcuddur və bu vasitə ilə Avropa siyasətinə təsir göstərmək, müxtəlif məsələləri gündəmə çıxarmaq və təzyiq mexanizmlərini işə salmaq mümkündür.

 

İddialara görə, məqsədlərdən biri də Avropa Komissiyasına təsir edərək Azərbaycanla bağlı müqavilələrin pozulmasına nail olmaqdır. Məsələdə keçmiş Aİ rəsmisi Jozep Borrel və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen kimi şəxslərin adları da hallandırılır.
 
Bununla yanaşı, ermənipərəst lobbi qruplarının və bəzi oliqarx dairələrin bu fəaliyyətləri maliyyələşdirdiyi, Avropa strukturlarında korrupsiya və qeyri-şəffaf siyasi təsir mexanizmlərinin mövcud olduğu iddia edilir.
 
Politoloq İlqar Vəlizadə mövzu ilə bağlı Oxu.az-a danışıb:
 
 
"Biz illərdir deyirdik ki, həm Avropa Parlamentinin anti-Azərbaycan fəaliyyəti, həm də ayrı-ayrı siyasi dairələrin ölkəmizə qarşı nümayiş etdirdiyi "xüsusi maraq" təsadüfi deyil. Bu maraq erməni lobbisinin fəaliyyəti nəticəsində formalaşır. Yəni belə maraqlar öz-özünə yaranmır, onların arxasında konkret maliyyə və siyasi stimullar dayanır".
 
Ekspert bildirib ki, heç kim səbəbsiz şəkildə nə Azərbaycanla, nə də Cənubi Qafqazda gedən proseslərlə bu qədər "fəal" maraqlanmaz:
 
"Xüsusilə son dövrlərdə Belçika və Niderland parlamentlərində, eləcə də Avropa Parlamentində qəbul olunan və ya müzakirəyə çıxarılan qətnamələr bunu bir daha göstərir. Bir çox hallarda bu sənədlər əsaslı faktlara söykənmir və artıq sirr deyil ki, onların arxasında müxtəlif lobbi qrupları dayanır.
 
Ümumiyyətlə, lobbiçilik təkcə ermənilərə aid deyil - sənaye, enerji və digər sahələr üzrə müxtəlif lobbilər mövcuddur. Lakin problem ondadır ki, bəzi hallarda bu qruplar qeyri-şəffaf və çirkin üsullardan istifadə edirlər. Avropa Parlamentində vaxtaşırı üzə çıxan qalmaqallar və rezonans doğuran hadisələr də bunu təsdiqləyir".
 
Politoloq vurğulayıb ki, bu qruplar sponsorlarından maliyyə cəlb edərək ayrı-ayrı siyasətçilərə təsir göstərir, hətta bəzi hallarda onları öz təsir alətinə çevirirlər:
 
"Açıq demək lazımdır ki, bu proseslər zamanı böyük məbləğdə vəsaitlər dövr edir, o cümlədən qeyri-qanuni yollarla əldə olunan pullar da istifadə olunur. Siyasətçilərə yalnız vədlər verilmir, konkret maddi imkanlar təqdim olunur.
 
Luis Moreno Okampo ilə bağlı ortaya çıxan məlumatlar da bu kontekstdə qiymətləndirilməlidir. Bu, bizim üçün yeni bir hal deyil. Sadəcə olaraq, təəssüf doğuran məqam odur ki, Avropa İttifaqı institutlarında bu məsələlərə münasibətdə ikili standartlar müşahidə olunur. Bəzi hallarda müəyyən siyasətçilər hədəfə alınır və onların fəaliyyəti ifşa olunur, lakin erməni lobbisinin illərlə davam edən fəaliyyətinə adekvat hüquqi qiymət verilmir.
 
Belə hesab etmək düzgün olmazdı ki, bu dairələr tam qanuni və şəffaf fəaliyyət göstərir. Əksinə, ortada kifayət qədər ciddi şübhələr və əsaslar var. Təəssüf ki, bir çox hallarda bu proseslərə göz yumulur. Ümid etmək olar ki, son açıqlamalar və ortaya çıxan faktlar bu vəziyyətə təsirsiz ötüşməyəcək. Ən azı, hüquqi araşdırma başlanmalı, cinayət işi açılmalıdır. Bundan sonrakı nəticələri zaman göstərəcək. Lakin heç bir reaksiya verilməzsə, bu, həmin institutlara olan etimadı daha da zəiflədəcək və belə fəaliyyətlərin davam etməsinə şərait yaradacaq".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər