Ekskluziv
5340
25 Aug 2022 | 06:45

"Təvazökar insan kiminsə ona təzim etməsindən, təriflər deməsindən narahat olar..."

Təvazö və ixlas...
 
"Unutmamaq lazımdır ki, hal və hərəkətlərin zahiri bir dəyəri yoxdur. Onlara dəyər qazandıran insanın niyyəti və məqsədidir..."
 
Təvazö qəlbdəki bir duyğu, insani bir haldır...
 
Təvazö öz üstünlüklərini, məziyyətlərini gözə çarpdırmağı, öz xidmətləri ilə qürrələnməyi sevməmək, şöhrətpərəstlikdən, lovğalıqdan uzaq olmaq və sadəlik deməkdir...
 
Təvazö Allah qatında çox qiymətlidir. Bu xüsusiyyətə malik insana da təvazökar insan deyilir. Təvazökarlıq bir çox hallarda davranış və rəftarda özünü göstərsə də, təkcə insanın davranışlarına baxıb onun təvazökar olub-olmadığını deyə bilmərik. Məsələn, bəzi insanların namazda ilk sıralarda, bəzilərinin isə arxa sıralarda durmağı onun təvazökarlığını göstərir. Burda əhəmiyyətli olan həmin insanın niyyətidir. Ən vacib məqam isə insanın daim özünə nəzarət etməsi, ixlası qoruması və həyatını buna uyğun yaşamasıdır. Təvazökar insan başqasının ona təzim etməsindən, etdiyi işlərə görə insanların onu yüksək mövqelərdə görməsindən, şəninə təriflər deməsindən və bənzər şeylərdən narahat olar...
 
Bir çox hədislərdə məscidə vaxtında gəlməyin və imamın arxasında namaz qılmağın fəzilətlərindən bəhs edilir. Bizim burada ifadə etməyə çalışdığımız şey məsələnin təvazö və kibrə baxan yönüdür. Bir sözlə subyektiv tərəfdir. Ancaq insan məsələnin sadəcə bu tərəfini düşünərək də savab qazana bilər. Məsələn, məscidə hamıdan əvvəl gəlməyinə baxmayaraq o savabı digər mömin qardaşı qazansın deyə arxa sıraya keçən insan da Allah qatın çox bəyənilən bir əməl etmiş olar. Ancaq istənilən halda həmişə belə davranmağı da doğru olmaz. Bu, bir müddət sonra həmin şəxsdə vərdişə çevrilə, üstəlik başqalarına özünü bu xüsusiyyəti ilə tanıtmağa başlaya bilər…
 
Mömin özünü ifadə etmək üçün bilərək və ya bilmədən hər hansı bir davranışı vərdişə çeviribsə, bunda ilişib qalmamalıdır. Həyatını müstəsna bir təvazö və sadəlik içində yaşamalıdır. Ancaq bunları heç bir halda forma və şəklə salmamalıdır. Çünki müəyyən forma və qəlibə salınmış təvazö anlayışı fərqində olmadan insanların diqqətini özünə çəkə bilər. Bu məsələdə insanlar səmimi davranmalıdırlar. Unutmamaq lazımdır ki, hal və hərəkətlərin zahiri bir dəyəri yoxdur. Onlara dəyər qazandıran insanın niyyəti və məqsədidir...
 
Vicdanın verdiyi hökmlər...
 
İnsanı ən yaxşı tanıyan yenə insanın özüdür. Yəni, vicdan insanın aynasıdır. Vicdan həm də yanıltmayan ölçü və tərəzidir. Bu səbəbdən insan hər cür hal və hərəkətlərində bu ölçüyə əsaslanmalıdır.
 
Təkrar namaz örnəyini xatırlasaq, kimisi “Mənim öndə durmağa haqqım yoxdur” deyir və arxa sıraya keçir. Yəni, içindəki təvazökarlıq duyğusu onu arxa sıraya keçirdir. Bu o deməkdir ki, təvazökarlıq onda bu cür özünü büruzə verir. Ola bilər ki, arxa cərgəyə keçən digər insanın niyyəti isə başqalarına “Filankəs nə qədər təvazökardır, məscidə hamıdan əvvəl gəlsə də, namazı arxa sırada qılır” dedirtməkdir. Həmin insan bilavasitə belə düşünməsə də, gizlicə bu düşüncə ağlından keçə bilər. Həmin insan da əməlini, özünü bəyəndirmək istəyinə qurban etmiş olar...
 
(Davamı var)
 
Meneviyyat.az
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər