“Bakı nefti və Azərbaycan əsgəri İkinci Dünya Müharibəsinin gedişində həlledici rol oynayıb
Ekskluziv
309
18:57, Bu gün

“Bakı nefti və Azərbaycan əsgəri İkinci Dünya Müharibəsinin gedişində həlledici rol oynayıb" – deputat

"İkinci Dünya Müharibəsi bəşər tarixinin ən qanlı müharibələrindən biridir. Bu müharibədə qələbənin qazanılmasında Azərbaycan xalqının rolu xüsusi əhəmiyyət daşıyır. Azərbaycan həm insan resursları, həm sənaye istehsalı, həm də enerji mənbəyi kimi cəbhənin təminatında həlledici mövqe tutmuşdur".
 
Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova bildirib.  
 
Deputat qeyd edib ki,1941-ci il iyunun 22-dən sonra 40 mindən çox insan könüllü olaraq cəbhəyə getmək üçün müraciət etmiş, ümumilikdə isə 186 mindən çox azərbaycanlı könüllü dəstələrə qoşulmuşdur:
 
"Planlı səfərbərlik nəticəsində isə 719 min nəfər orduya çağırılmış, onların arasında qadınlar da olmuşdur. Müharibə Azərbaycan üçün olduqca ağır itkilərlə yadda qalmış, yüz minlərlə insan döyüşlərdə həyatını itirmişdir. Azərbaycanın hərbi töhfəsi təkcə canlı qüvvə ilə məhdudlaşmırdı. Müharibə illərində respublikada formalaşdırılan 77-ci, 223-cü, 271-ci, 402-ci və 416-cı diviziyalar cəbhədə böyük şücaət göstərmişdir.
 
Xüsusilə 416-cı atıcı diviziya Berlinədək döyüş yolu keçmiş və Qələbə bayrağının Brandenburq qapıları üzərinə sancılmasında iştirak etmişdir. Bu, Azərbaycan əsgərlərinin Avropanın mərkəzində faşizm üzərində qələbədə oynadığı rolu xarakterizə edir. Azərbaycan həm də güclü sənaye və hərbi istehsal mərkəzinə çevrilmişdi".
 
Nigah Məmmədova vurğulayıb ki, 130-dan çox növ silah, sursat və hərbi ləvazimat istehsal olunurdu. Bu, cəbhənin davamlı təminatında mühüm rol oynayırdı:
 
"Azərbaycanın ən mühüm strateji töhfələrindən biri isə Bakı nefti idi. Müharibə dövründə SSRİ-nin neftinin böyük hissəsi Azərbaycanda hasil edilirdi. Bu neft sayəsində tanklar, təyyarələr və hərbi texnika fasiləsiz işləyirdi. Yüksək oktanlı benzinlərin istehsalı sovet aviasiyasına hava döyüşlərində üstünlük qazandırmışdı. Azərbaycanda bütün sovet neftinin təxminən 70 faizi hasil edilirdi. Buna görə də Bakı nefti müharibənin taleyini müəyyən edən əsas amillərdən biri hesab olunur.
 
Eyni zamanda Azərbaycan müharibə illərində mühüm tibb mərkəzinə çevrilmişdi. Minlərlə hospitalda yaralı əsgərlər müalicə olunmuş, yüz minlərlə döyüşçü yenidən cəbhəyə qaytarılmışdır. Azərbaycan xalqı cəbhəni yalnız silahla deyil, maddi və mənəvi dəstəklə də təmin etmişdir. Müdafiə fonduna yüz milyonlarla rubl, qızıl və gümüş verilmiş, minlərlə isti geyim, ərzaq və ləvazimat cəbhəyə göndərilmişdir.
 
Bu, xalqın müharibəyə tam səfərbər olduğunu göstərirdi.
Həmçinin müttəfiqlərdən gələn yardımlar Xəzər dənizi vasitəsilə cəbhənin təchizatında həyati əhəmiyyət daşıyırdı. Azərbaycan İkinci Dünya Müharibəsində təkcə arxa cəbhə deyil, həm də ön cəbhənin əsas dayaqlarından biri olmuşdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən general-mayor Həzi Aslanov tank qoşunlarının ən peşəkar komandirlərindən biri sayılırdı.
 
Həmçinin Məlik Məhərrəmov, İsrafil Məmmədov, Ziya Bünyadov, Mehdi Hüseynzadə kimi azərbaycanlılar savaşın müxtəlif cəbhələrində böyük şücaətlər göstərdilər.
 
Azərbaycan dövləti İkinci Dünya Müharibəsi veteranlarına, onların ailələrinə daim qayğı ilə yanaşır. Hər il 9 May - Qələbə günü kimi qeyd olunur, bu münasibətkə ölkə prezidentinin qərarı ilə veteranlara birdəfəlik maddi yardım verilir".
 
Pərvin Şakirqızı
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər