Qul haqqı...
"Axirətdə bu dünyada dəyər verdiyimiz maddi şeylərin heç bir faydası olmayacaq..."
Müflis kimdir?..
Bir gün Allah Rəsulu (s.a.s.) səhabələrdən: “Müflis kimdir, bilirsinizmi?” – deyə soruşdu. Səhabələr: “Bizə görə müflis pulu və malı qalmayan adamdır,” – deyə cavab verdilər. Ancaq Allah Rəsulu (s.ə.s.) bunu belə izah etdi:
“Ümmətimin müflisi Qiyamət günü namaz, oruc və zəkat kimi əməllərlə gəlir, amma birini təhqir etmiş, birinə zina iftirası atmış, birinin malını qəsb etmiş, birinin qanını tökmüş, birini döymüşdür. Vəziyyət belə olanda etdiyi yaxşılıqların savabı ona-buna verilir və qul haqlarını qaytarmamış savabları qurtarır. Bu səfər haqq sahiblərinin günahları ona yüklənir. Axırda da (günahkar olaraq) Cəhənnəmə atılır.”[3]
“Müsəlman müsəlmanın qardaşıdır. Ona xəyanət etməz, yalan danışmaz və köməyə ehtiyacı olanda da onu darda qoyub getməz. Müsəlmanın namusu, malı və qanı müsəlmana haramdır. (Əli ilə sinəsini göstərərək) təqva bax buradadır. Bir müsəlmanın müsəlman qardaşına xor baxması onun üçün şər (əməl) və pis əxlaq kimi kifayət edir.”[4]
Qul haqları bağışlanırmı?..
Quranda Allaha şərik qoşmaq xaricində bütün günahların bağışlanacağı bildirilir. Bu əsas prinsipdir və əsasən Allahın əmrlərinə riayət etməyənlər üçün keçərlidir. İnsanlarla əlaqəli onların haqqı qarışan günahlarda əfv edilib, bağışlanmaq haqq sahibinin ixtiyarındadır. Bir hədisdə belə buyurulur:
“Allahın bağışlamadığı günahlar insanların bir-birinə qarşı etdikləri zülm və haqsızlıqlardır. Haqqı keçən şəxs haqqın tələb edib razı qalmadıqca Allah bu zülm və haqsızlıqları bağışlamaz.”[5]
“Kim müsəlman qardaşının şərəfini, heysiyyətini, ləyaqətini alçaldaraq və ya başqa bir haqsızlıq edərək haqqına girmişsə, qızıl və gümüşün olmayacağı gün gəlmədən dünyada ikən halallaşsın. Əks təqdirdə o gün, nə qədər saleh əməli varsa, haqsızlığı qədər əlindən alınar və haqq sahibinə verilər. Əgər kifayət qədər yaxşılığı yoxdursa, haqq sahibinin günahları alınaraq ona yüklənər.”[6]
Allah Rəsulu (s.a.s.) müsəlman qardaşına maddi və mənəvi zərər vuran, haqsızlıq edənlərə bu dünyada halallaşmağı tövsiyə edir. Axirətdə bu dünyada dəyər verdiyimiz maddi şeylərin heç bir faydası olmayacaq. Bunu əlimizdəki milli pulun başqa ölkədə işlənməməsinə bənzədə bilərik. Axirətdə əsas sərmayə iman, ibadət və savab qazandıran xeyirli əməllərdir. Borclar ancaq savabların dağıdılması ilə ödəniləcəkdir. Əlindəki sərmayəsi qurtaran şəxs yerdə qalan borcunu qarşı tərəfin günahlarını üzərinə almaqla ödəyəcəkdir.
Şəhidlər belə məsuldur
“Allah Rəsulu (s.ə.s.) səhabələrin arasında olarkən ayağa qalxdı və Allah yolunda cihadla Ona iman etmənin ən üstün əməllər olduğunu bildirdi. Bu vaxt bir nəfər qalxıb: “Ya Rəsulullah! Əgər Allah yolunda şəhid olsam, bu, mənim günahlarımın bağışlanmasına vəsilə olar?” – dedi. Allah Rəsulu (s.ə.s.): “Bəli, səbir etsən və ixlasla mükafatını yalnız Allahdan gözləyərək, cəbhədən qaçmayaraq düşmənlə döyüşə-döyüşə Haqq yolunda şəhid olsan, günahlarına kəffarə olar,” – buyurdu və arxasınca “Necə demişdin?” – deyə soruşdu. Həmin şəxs: “Allah yolunda şəhadət şərbətini içsəm, günahlarımın bağışlanmasına vəsilə olarmı?” – deyə soruşmuşdum,” – dedi. Allah Rəsulu (s.ə.s.): “Əlbəttə, səbir etsən və ixlasla mükafatını yalnız Allahdan gözləyərək, cəbhədən qaçmayaraq düşmənlə döyüşə-döyüşə Haqq yolunda şəhid olsan, günahlarına kəffarə olar. Ancaq qul haqqına aid şəxsi borcların istisnadır. Çünki Cəbrail bu məsələni mənə xüsusi bildirdi,” – buyurdu.”[7]
Göründüyü kimi şəhidlər belə qul haqqından məsuldur. Qısacası, Uca Rəbbimiz hüzuruna qul haqqı ilə çıxmamağı tövsiyə edir...
(Davamı var)
Mənbələr:
[3] Müslim, Birr 59; Tirmizi, Qiyamət 2.
[4] Müslim, Birr 58 Tirmizi, Birr, 18.
[5] Suyuti, Camius-Sağir, 2/94.
[6] Buxari, Məzalim, 10; Tirmizi, Qiyamət, 2.
[7] Müslim, İmarə 117.
Meneviyyat.az