"44 günlük Vətən Savaşı bizi dünyanın ən bəxtəvər vətəndaşı, ən xoşbəxt xalqı etdiyi kimi prezident İlham Əliyevə də adını dünya tarixinə fateh kimi yazdırmaq fürsəti verdi"
Millət vəkili Vahid Əhmədov bu gün hüzn gününün ümummilli bayrama çevrilməsini Moderator.az-a göndərdiyi aşağıdakı sözlərlə ifadə edərək hamını təbrik edib:
"Bu gün Azərbaycan xalqının keşməkeşli tarixində özünəmxsus adı və yeri olan Şuşanın işğalının ildönümünü 29 ildəkindən fərqli ovqatda qeyd edirik. 28 il ərzində gözümüzdən hüzn yaşı və yaralı qəlbimizdən qara qanlar axdı, təkcə mayın 8-də deyil, ilin 365 günü Şuşa adı gələndə hamını ümummilli xəcalət hissi ilə başını aşağ salmağa sövq etdi.
29 il öncə Şuşa qürurumuzun alçaldığı, namusumuzun ləkələndiyi bir simvolk məna daşıdığı kimi bu gün milli qürur və iftixar hissi yaşadır. Bəli, bu gün hər bir Azərbaycan vətəndaşı sevinc və minnətdarlıq duyğularına qərq olub. Bu minnətdarlıq belə bir xoşbəxtliyi bizə yaşadan Uca Allaha və müzəffər Ali Baş Komandanımız İlham Əliyevədir. 44 günlük Vətən Savaşı bizi dünyanın ən bəxtəvər vətəndaşı, ən xoşbəxt xalqı etdiyi kimi prezident İlham Əliyevə də adını dünya tarixinə fateh kimi yazdırmaq fürsəti verdi. Şəhidlərimizin canı, Qazilərimizin qanı bahasına əldə etdiyimiz bu möhtəşəm qələbənin önəmi o qədər misilsizdir ki, onu ifadə etməyə dil də acizdir, qələm də, söz də. Biz bu zəfərlə təkcə MDB-nin, yerləşdiyimiz coğrafiyanın deyil, dünyanın sayılıb-seçilən, hörmət edilən dövlətinə, millətinə çevrildik.
Heç şübhə etmirəm ki, Ali Baş Komandanın rəhbərliyi altında işğalda qalan bəzi ərazilərimiz də tezliklə öz halal sahibinin sərəncamında olacaq və ərazi bütövlüyümüz tam təmin olunduqdan sonra Azərbaycan ulu öndər Heydər Əliyevin vaxtilə uzaqgörənliklə dediyi kimi dünyaya bir günəş kimi doğacaq. Biz artıq bu dəfə dünyanı 21 - ci əsrin müharibəsi ilə deyil, iqtisadi sıçrayışlarımızla, informasiya texnologiyalarının ən son nailiyyətləri ilə heyrətləndirəcəyik. Mən bütün xalqımızı belə bir möhtəşəm tarixi məqamları yaşadığına görə təbrik edirəm və millətimizə yeni qələbələr, dövlətimizə xeyirli sabahlar arzu edirəm".