Bu gün Füzuli Dövlət Dram Teatrına yeni baş rejissor təyin olunub. Bu vəzifə Nicat Mirzəzadəyə tapşırılıb. Məlumat üçün qeyd edək ki, Nicat Qərib oğlu Mirzəzadə 1991-ci il fevralın 14-ü İmişli rayonunda anadan olub. 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram rejissorluğu fakültəsinə qəbul olunub. 2012-ci ildə ixtisası üzrə fərqlənmə diplomu ilə ali təhsilini başa vurub. 2014-2021-ci illərdə C.Cabbarlı Adına İrəvan Dövlət Azərbaycan Dram teatrında quruluşçu rejissor vəzifəsində fəaliyyət göstərib. 2021-ci ildən Füzuli Dövlət Dram Teatrında quruluşçu rejissor vəzifəsində çalışıb. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Müxtəlif illərdə gənc yazar kimi Prezident təqaüdünə (2020), Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən “Ümid” mükafatına (2022), eləcə də teatr sahəsində uğurlu fəaliyyətinə görə Prezident mükafatına (2023-2024) layiq görülüb.
Moderator.az N.Mirzəzadənin Medianews.az-a müsahibəsini təqdim edir.
– Nicat müəllim, ilk növbədə Sizi yeni təyinatınızla əlaqədar təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Füzuli Dövlət Dram Teatrına baş rejissor təyin olunacağınızı gözləyirdiniz, yoxsa bu, Sizin üçün sürpriz oldu?
– Diqqətinizə və təbrikinizə görə minnətdaram! Mənim bir rejissor olaraq öz fəaliyyət istiqamətim var. Planlaşdırdığım və nail olmaq istədiyim hədəflərim var. Bu xüsusda təbii ki, rejissor olaraq öz üzərimə düşən işlə məşğulam. Çalışıram ki, uğurlu tamaşalar səhnələşdirim və Azərbaycan teatrına öz töhfəmi verim. Füzuli Dövlət Dram Teatrının da Azərbaycan teatrı daxilində öz yeri var. O ki, qaldı təyinatın sürpriz və ya gözlənti olduğu məsələsinə, bəli, mənim üçün sürpriz oldu. Mənə bu məsuliyyətli vəzifəni – baş rejissorluğu həvalə etdiyinə görə, Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimliyə səmimi təşəkkürümü bildirirəm. Onun timsalında Mədəniyyət Nazirliyinə, Füzuli Dövlət Dram Teatrının rəhbərliyinə, bütün mənsublarına təşəkkür edirəm ki, mənə etimad göstəriblər. İnanıram ki, bu etimadı doğruldacağam və Azərbaycan teatrına öz töhfəmi verə biləcəyəm.
– Azərbaycanın bəzi yaşayış məntəqələri, o cümlədən Füzuli rayonu 2020-ci ilin Vətən müharibəsinə qədər Ermənistan silahlı qüvvələrinin işğalı altında olub. Bəs bu müddətdə Füzuli Dövlət Dram Teatrı harada yerləşib, necə fəaliyyət göstərib?
– Füzuli Dövlət Dram Teatrı 1993-cü ildə məlum Qarabağ hadisələri ilə bağlı məcburi köçgün həyatı yaşayıb, Sumqayıt Dövlət Dram Teatrının binasında yerləşib. Həmin binada nə qədər çətin olsa da öz fəaliyyətini davam etdirib. Lakin 2003-cü ildə yenidən Füzuli rayonunun Horadiz qəsəbəsində fəaliyyətini davam etdirib. Hazırda həmin qəsəbə şəhər statusu alıb. Bu teatr hətta İkinci Qarabağ müharibəsində belə, öz fəaliyyətini davam etdirib. Bir an belə dayanmayıb, uğurlu yaradıcılığı ilə xalqımıza, o cümlədən ordumuza mənəvi dəstək olub. Teatrın fəaliyyəti məsələsinə gəldikdə, uğurlu tamaşalar səhnələşdirilir. Özünün teatr ənənəsini qorumağa və formalaşdırmağa bu gün də davam edir.
– Teatrın indiyə qədər olan fəaliyyətini necə qiymətləndirirsiniz?
– Mən teatrın indiyə qədər olan fəaliyyətini yüksək qiymətləndirirəm. Çünki teatrın bu günə qədər fəaliyyəti hazırda bu məbədin rəhbəri olan, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin rəhbərliyi altında olub. İndi də çox uğurla öz işini davam etdirir. Teatr Vaqif müəllimin gəncliyindən bu günə qədər çox yaxşı şəkildə fəaliyyətini davam etdirilib. Məndən əvvəlki baş rejissor, Əməkdar artist Asif Şirinov da teatra öz yaradıcı qatqısını və təsirini göstərib. Teatr uğurlu tamaşalara imza atıb. Hər iki şəxsin birliyi və zəhməti sayəsində teatrın çox yaxşı yaradıcı və texniki heyəti formalaşıb. Teatrın çox ciddi, məsuliyyətli qaydaları var. Bu qaydalar üzrə truppa öz fəaliyyətini davam etdirir.
– Baş rejissor kimi teatrla bağlı gələcək planlarınız, hədəfləriniz nədən ibarətdir?
– Mən bu teatra 2021-ci ildə quruluşçu rejissor kimi gəlmişəm. Quruluşçu rejissor kimi ölkə daxilində festivallarda uğurla çıxış etmişik. Müxtəlif janrda olan uğurlu tamaşalar səhnələşdirmişik. Yaradıcı heyətdə də çox uğurlu və yaradıcı atmosfer formalaşdırmışıq. Baş rejissor olaraq bundan sonra üzərimə böyük məsuliyyət düşür və bizim daha böyük hədəflərimiz var. Bu hədəflərimiz həm ölkə daxilində, həm də xaricində yüksək keyfiyyətə və səviyyəyə malik olan festivallarda iştirak etmək, teatrın tamaşalarını geniş auditoriya qarşısına çıxartmaqdır. Yaradıcı heyətin potensialını daha da inkişaf etdirmək, eyni zamanda teatrımızı yaradıcı mərkəzə çevirmək, ilkin mərhələdə ölkənin nüfuzlu, təcrübəli, peşəkar rejissorlarını, həmçinin ustad aktyorları teatrımıza dəvət etməyi planlaşdırırıq. Onlar da gəlib bizə öz töhfələrini versinlər, biz də Füzuli teatrı olaraq bundan bəhrələnək. Hesab edirəm ki, teatrın yaradıcılıq spesifikası bir rejissorun üzərində tamamlanmamalıdır. Yaradıcı heyət müxtəlif forma və üsluba malik olan rejissorların yaradıcılığından bəhrələnməli, özlərinin dünyagörüşünü, yaradıcı potensialını genişləndirməlidir. Bu, bizim ilkin hədəfimizdir. Daha sonra teatrının yaradıcı potensialını gücləndirməyə gərək duyulan başqa hansı addımlar atılacaqsa, onu da zamanında düşünüb, qərar verib, nazirliyimizin də dəstəyi ilə həyata keçirəcəyik.
– İşğaldan azad edilən ərazilərimizdə mədəniyyət obyektləri də bərpa olunur, yenisi inşa edilir. Bu çərçivədə Füzuli Dövlət Dram Teatrı üçün də yeni bina inşa edilirmi?
– Bəli, biz bilirik ki, bu gün işğaldan azad edilmiş ərazilərimizdə sürətli yenidənqurma işləri görülür. Bu işlərin tərkib hissəsi olaraq mədəniyyət müəssisələri də bərpa edilir. Əslində bu sualın cavabı tam olaraq mənim səlahiyyətim daxilində deyil. Ümid edirik ki, nazirliyimizin və dövlət başçımızın qərarı ilə Füzuli Dövlət Dram Teatrı üçün yeni, müasir teatr standartlarına uyğun olan bir teatr binası inşa ediləcək. Biz bu mövzuda ümidliyik, inanırıq ki, bu, baş verəcək. Dəqiq bir məlumatım olmasa da proses onu göstərir ki, bu, mümkün olacaq. Amma işğaldan əvvəlki dövrdə Füzuli Dövlət Dram Teatrı Sarabski adına teatr binasında yerləşib. Məlum hadisələrdən sonra bina mənfur düşmənlərin vəhşiliyinə, onların talançılığına məruz qalıb və tamam dağıdılıb. Bu gün də onun qalıqları qalmaqdadır. Ölkə başçısının göstərişinə əsasən işğaldan əvvəlki dövrdə olan Füzuli şəhərinin bütün qalıqları kimi həmin teatr binasının qalıqları da muzey olaraq qorunub saxlanılır. Bir qədər əvvəl vurğuladığım kimi, gözləyirik ki, möhtərəm Prezident İlham Əliyevin göstərişi və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Füzuli şəhərində, uyğun bir məkanda möhtəşəm bir teatr binası inşa ediləcək. Bu, bütün Füzuli sakinlərinin, eləcə də Füzuli Dövlət Dram Teatrının mənsublarının ən böyük arzusudur. Biz ümid edirik və gözləyirik.