Zahid Orucdan SƏRT ÇIXIŞ: “Azərbaycanlı qazını söndürüb soyuqdan dona bilərlər”
1774
01 Nov 2024 | 11:58

Zahid Orucdan SƏRT ÇIXIŞ: “Azərbaycanlı qazını söndürüb soyuqdan dona bilərlər”

“Neft ölkəsi olduğumuz üçün qlobal iqlim sammiti qarşısında Azərbaycanı ittiham edənlər son 250 ildə dünyada atmosferə ən çox karbon tullantıları atan dövlətlərdir. Mötəbər axtarış sistemi “Google Scholar”a görə, daş kömür, qaz və neft kimi qalıq yanacaqları, yüksək sənayeləşmə və əhali artımı nəticəsində istiləşmə böhranını yaradan 5 ölkə - Çin, ABŞ, Hindistan, Rusiya və Yaponiya tarixdə rekord həddə - 37.55 qiqaton karbon emissiyasının 60 faizini Yer kürəsinə yayan ölkələrdir”.
 
Moderator.az bildirir ki, bunu deputat Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
 
O qeyd edib ki, Yaxın Şərq, Qəzza, İraq, Suriya və Rusiya-Ukrayna müharibələrinin də səbəbi yaşıl deyil, qara rəngli iqtisadi, geosiyasi imperiyalar qurmaqdan ötrüdür:
 
“Qlobal çirklənmənin və Antarktidanın yüz illik buzlarının əriməsinin də günahkarı biz deyilik”.
 
Zahid Oruc əlavə edib ki, dünyanı nüvə müharibəsinə çatdıranlar nəhəng mediaların əli ilə məsuliyyəti başqasının üstünə atıb yeraltı sərvətlərinə görə ölkəmizi günahlandırmasınlar:
 
“Biz COP29 və Qarabağ siyasətində bir çox dövlətin eyni simasızlığını görürük. Son 34 ildə yüz milyonlarla ton neft və qaz ehtiyatlarımızı çıxaran, onu Avropa bazarlarına daşıyan, nəhəng sənaye müəssisələrində istehlak edən də transmilli Qərb şirkətləridir. Avropa Birliyindən ölkəmizə qarşı sanksiyaya çağıranlar evlərində yanan azərbaycanlı qazını söndürüb soyuqdan dona bilərlər.
 
Prezident İlham Əliyev alternativ enerjini ölkəmizin əsas milli kursu elan edib. Qoy, Qərb dövlətləri də bizə xalis sıfır texnologiyalı məhsulları satsınlar. Embarqo və sanksiyalarla dünyada yaşıl terror siyasəti aparan ölkələr günəş panellərini və külək turbinlərini ucuz qiymətə istehsal edən ölkələrin qarşısında ticarət baryerləri yaratmasınlar. Unutmayaq ki, 29 il əvvəl - 1995-ci ildə COP-un ilk konfransının təşkil olunduğu Almaniyada enerji keçidinə qarşı böyük dağ-mədən, kimya, daş kömür sektorlarında çalışan 100 minlərlə işçi etiraza qalxmışdı. Ona görə də bizi neft-qaz gəlirlərindən məhrum eməyə, Yaşıl Azərbaycan kursundan çəkindirməyə çalışanlar bütün Yer kürəsində dözülməz siyasi iqlimi düzəltməyə məhz Bakıdan başlasınlar. Axı Qarabağ hadisələri də ekoloji mənbədən - Topxana meşəsindən alovlanmışdı və elə orada da söndürüldü. Biz zori balayanların düşmənçilik ocağını qayıdış və varlıq işığı ilə əvəz edirik.
 
Biz azad torpaqlarda Yaşıl Vətən qururuq. Qoy, 44 günlük müqəddəs savaşda olduğu kimi, hər bir azərbaycanlı Amerikadan Avropaya qədər istismar olunan milyonlarla ton neftin, qazın və digər yeraltı sərvətlərin hesabını o dövlətlərdən soruşsun. İqlim Sammitini Sülh Zirvəsinə çevirməyə çalışan İlham Əliyevi müdafiə etmək Vətən müharibəsində Qələbəmizi qorumaq deməkdir!”
 
Link kopyalandı!
Son xəbərlər