Azay Quliyev: “Əgər mənim seçicilərim azərbaycanlılar olarsa, o halda Ermənistan parlamentinin deputatı olaram”
Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının Büro üzvü, komitə sədri Azay Quliyev Musavat.com-a geniş müsahibə verib.
İrəvanın ermənilərə verilməsindən tutmuş, anti-Azərbaycan çevrələrin fəaliyyətinə, Qərbi Azərbaycan məsələsinədək bir çox vacib mövzuları əhatə edən, olduqca maraqlı, sensasion məqamlarla zəngin olan söhbəti oxucularımıza təqdim edirik:
- Azay bəy, əvvəlki illərdə olduğu kimi, Azərbaycanın ev sahibliyi etdiyi növbəti tədbirdən qabaq, Ümumdünya Şəhərsalma Forumu – WUF13 ərəfəsində ölkəmizə qarşı çirkin kampaniya başlanmışdı. Avropa Parlamentinin, AŞ PA-nın anti-Azərbaycan mövqeləri, bir sıra digər təşkilatların hay-küyü müşahidə olunurdu. Amma Azərbaycanın yüksək səviyyədə evsahibliyi etməsindən sonra sakitlik yaranıb. Yeri gəlmişkən, elə Forum zamanı Prezidentin köməkçisi Hikmət Hacıyevin bu mövzu ilə bağlı sualımıza maraqlı cavabı olmuşdu: “Karvan keçdi”. Siz beynəlxalq təşkilatlarla çox sıx əlaqədəsiniz və uzun müddətdir ki, ATƏT PA-nın rəhbərliyində təmsil olunursunuz və atmosferi çox yaxından izləmək imkanınız var. Müşahidələriniz nə deyir: “tozanaq” yatdımı? Nə baş verdi? Həmin qüvvələr məqsədlərinə çata bilmədikləri üçünmü susdular?
- Hikmət müəllim sizin o sualınıza çox spesifik cavab verdi. Düzdür, atalar sözünün birinci məlum hissəsini diplomatik etiket naminə demədi, amma ikinci hissəsini xatırlatdı, “karvan yoluna davam edir” söylədi. Bu, obrazlı ifadə olsa da, Hikmət müəllimin nə demək istədiyi hamıya bəlli idi və həqiqətən də hazırkı vəziyyətə adekvat verilən qiymət idi. Çünki Azərbaycan dövləti və cənab Prezident hər zaman milli maraqlar uğrunda apardığı mübarizədə qətiyyətlə yoluna davam edib, qarşısına qoyduğu bütün hədəflərə, bizə qarşı hansı çirkin kampaniyanın aparılmasından, hansı hücumların edilməsindən asılı olmayaraq, inamla və qətiyyətlə nail olub. Torpaqlarımızı eyni qətiyyətlə və inamla azad etdik, suverenliyimizi eyni əzmlə təmin etdik, Rusiya qoşunlarını eyni şəkildə Azərbaycandan çıxartdıq, 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyannaməyə də erkən xitam verdik və nəhayət bölgədə 200 ilə formalaşmış güc balansını xeyrimizə dəyişdik və böyük qürur hissi ilə sizin dediyiniz o beynəlxalq tədbirlərə ev sahibliyi etdik. Yəni bunların hamısı onu göstərir ki, artıq ölkəmizə qarşı qarayaxma kampaniyası aparanları çox gecikiblər. Özləri də başa düşürlər ki, o gedən qatara artıq çata, özlərinin çirkin niyyətlərini artıq həyata keçirə, Azərbaycana təzyiq edib düşündükləri məkrli planları reallaşdıra bilmirlər. Hər cəhddə onlar iflasa uğradırlar. Ona görə də COP29-la və ya əvvəlki illərdə ev sahibliyi etdiyimiz digər beynəlxalq tədbirlərlə müqayisədə indi bu təzyiqin tempi kifayət qədər aşağı oldu. Ümumiyyətlə, bəşəriyyət üçün ən ağrılı problemlərdən biri olan iqlim dəyişikliyi ilə mübarizəyə bu qədər töhvə verən bir ölkəni hədəfə almaq ən böyük məntiqsizlik və ağılsızlıq idi.
Baxın, WUF-13-lə bağlı nə qədər gözəl tədbir keçirildi. Dünyanın 182 ölkəsindən 60 mindən çox nümayəndə təbdirin iştirakçıları siyahısında idi. Ölkəmizə gələn minlərlə qonaq, yüksək səviyyəli dövlət nümayəndələri, rəsmilər, beynəlxalq təşkilatların təmsilçiləri, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti üzvləri, elm adamları ölkəmizi yenidən kəşf etdilər.
Əminəm ki, onlar Azərbaycana təkrar səfər edəcəklər. Bu, Azərbaycan üçün çox böyük uğurdur. WUF-13-ə ev sahibliyi etməklə Azərbaycan dünya ictimaiyyətini düşündürən, narahat edən məsələlərin həllində lider mövqeyini daha da gücləndirdi. İşğaldan azad edilən əraziləri, şəhər və kəndləri qısa müddətdə həm minalardan təmizləyən, həm də sıfırdan quran, ən vacibi isə bu işləri paralel aparmağı bacaran yeganə ölkə kimi öz uğurlarını və unikal şəhərsalma təcrübəsini bütün dünya ilə bölüşdü. Paytaxtımızda çox önəmli qərarlar qəbul edildi və “Bakı Sənədi” kimi tarixə düşdü. Nəticədə, Azərbaycanın beynəlxalq nüfuzu daha da gücləndi və əlaqələri daha da genişləndi.
- Əvvəlki illərdə bizim ATƏT-in Minsk qrupunun həmsədrləri və ümumiyyətlə, bu qurumun özü ilə problemlərimiz var idi. Uzun müddət ATƏT PA-nın bürosunda təmsil olunan deputat olaraq siz də o atmosferdən xəbərdarsınız. Belə görünür ki, rəsmi Bakının və Prezidentin təqdim etdiyi yol xəritəsinə uyğun olaraq İrəvanın da eyni mövqeyi sərgiləməsi nəticəsində həmsədrlik fəaliyyətsizliyinə son verildi. Amma nədənsə Ermənistan Avropa Parlamenti və AŞPA-nın qərəzli mövqeyinə münasibətdə hələ də rəsmi Bakının yanaşmasına uyğun münasibət sərgiləməyə tələsmir. Ən azı “biz sülh gündəliyini masaya qoymuşuq, siz bizim işlərimizə qarışmayın” ritorikası olmalı ikən, rəsmi İrəvan başqa siyasət yürüdür, bununla da ikili oyun oynayır. Bu məsələ ilə bağlı sizin yanaşmanız necədir?
- Çox maraqlı sualdır. Həqiqətən burada həm vəziyyətin nə qədər paradoksal olduğunu, həm də bir erməni hiyləgərliyini qeyd edə bilərik. Paradoks ondadır ki, biz artıq Ermənistanla sülh sazişinin mətnini paraflamışıq. Hər iki tərəfin birgə müraciəti əsasında ATƏT-in o bədnam Minsk qrupu ləğv edildi, Azərbaycan Ermənistana işğala görə tətbiq etdiyi tranzit qadağalarını qaldırdı və neft məhsullarının satışına razılıq verdi, beləliklə, bölgədə defakto sülhü təsis etdi. Bundan sonra haqlı olaraq gözləntimiz ondan ibarət idi ki, Azərbaycanın bu xoş niyyətini və jestini bütün beynəlxalq təşkilatlar, o cümlədən Avropa Parlamenti və AŞ PA da dəstəkləyəcək. Çünki onların da uzun müddət guya ki, əsas istəkləri sülhün və əmin-amanlığın yaradılması, münaqişənin həlli idi. Amma baxırsan ki, bunlar bu vəziyyətdən heç də məmnun deyillər. Hətta, bəzən Ermənistan hökumətinin ən azı elan etdiyi siyasətin əleyhinə olaraq köhnə və təhrikedici narrativləri yenidən ortaya atırlar, münaqişəni yenidən qızışdırmaq istəyirlər, etnik zəmində yeni qarşıdurma yaratmağa çalışırlar. Qəbul etdikləri qətnamələrə baxsaq, görərik ki, bunlar sülhdə yox, məhz qarşıdurmada maraqlıdırlar. Bu, artıq doğrudan da çox paradoksal vəziyyətdir. Çünki dünyada heç bir münaqişə bu cür tam və qəti şəkildə həll olunmayıb. Son 80 ilin ən uğurlu “münaqişələrin həlli modeli”ni Azərbaycan təqdim etdi və Ermənistan bunu qəbul etməyə məcbur oldu.
Onda sual olunur, niyə Avropa Parlamenti və AŞPA Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını və sülhün qalıcı olmasını istəmirlər? Həmin qətnamələri qəbul edən qüvvələr hansı ölkənin və ya qrupun marağını ifadə edilrlər?
Cavab isə birdir: ABŞ, Fransa, Belçika, Niderland və digər ölkələrdəki erməni diasporu və ya icmasının, bir də Rusiyanın marağını ifadə edirlər. Çünki, iki xalq arasında sülhün və əmin-amanlılğın bərqərar olması qarşıdurmadan və münaqişədən bəslənən Rusiya və dünya erməniliyi üçün ciddi təhlükədir, Cənubi Qafqaza təsir imkanlarının tamamilə itirilməsi deməkdir. Ona görə də bu qüvvələr ölkəmizə və sülhə qarşı fəaliyyət göstərmək məqsədilə Avropalı deputatları ələ alır və onların anti-Azərbaycan qətnamələrini maliyyəşdirirlər.
O ki qaldı qaldı Ermənistan hakimiyəyətinin buna səssiz qalmasına və etiraz etməməsinə, hesab edirəm bu da düşündürücü məsələdir. Düzdü, son vaxtlar Paşinyan komandası Qarabağ mövzusunun tamamilə gündəlikdən çıxarıldığını açıq şəkildə bəyan edir və hətta Qarabağ klanının kökünü kəsəcəyini deyir. Bu cür yanaşma onların seçki platformasının da əsas xəttidir. Əlbəttə, bütün bunlar sağlam yanaşmadır və təqdir olunmalıdır. Amma digər tərəfdən, biz hələ indiyə qədər hər hansı formada, Ermənistan rəsmiləri, hətta birinci, ikinci şəxsləri demirəm, ayrı-ayrı ekspertləri tərəfindən belə, Avropa Şurası Parlament Assambleyasına və Avropa Parlamentinə “sizin gündəliyə gətirdiyiniz köhnəlmiş, ikrah hissi doğuran müddəalar artıq bizim gündəmimizdə yoxdur, bunu etməyin, bu, bizə də lazım deyil”, dediyini eşitməmişik. Bunu etmirlər. İndi sual olunur: bunlar seçkiqabağı kampaniya olduğu üçün bunu etmirlər, bu belədirsə, bunu başa düşmək olar, yoxsa alt şüurlarında müəyyən gizli planlar var? Yəni, gələcəkdə fürsət düşəndə həmin sənədlərə istinad etmək niyyətləri və planları var? Bax, bu ciddi sualdır. Ona görə də hesab edirəm ki, bu sualların tam aydınlaşması üçün biz iyunun 7-sini gözləməliyik. Seçkilərdən sonra bu məsələ ilə bağlı real vəziyyəti doğru-düzgün qiymətləndirmək üçün daha çox imkan yaranacaq. Yeri gəlmişkən onu da deyim ki, sülh gündəliyi ilə seçkilərə gedən Paşinyanın seçkiləri qazanma ehtimalı çox yüksəkdir və bu nəticə əldə olunarsa, o ilk nöbvədə Paşinyanın yox, Prezident İlham Əliyevin qələbəsi olacaq, çünki sühün də, Ermənistandakı hakim partiyanın öyündüyü normallaşma prosesinin də müəllifi Azərbaycan və onun lideridir.
- Deməli, Azərbaycan həm də Ermənistandakı proseslərə həlledici təsir imkanlarına malikdir, eləmi?
- Bəli, əminliklə deyə bilərəm ki, Azərbaycan bu gün Ermənistandakı seçkilərin nəticəsinə bir başa təsir etmək və prosesi yönləndirmək gücündədir. Hətta, Rusiyadan da artıq təsir imkanlarına malikdir. Bu gün Azərbaycanın verdiyi bəyanatın və ya atacağı istənilən addımın Ermənistanda daha çox əks-sədası və təsir var, nəinki başqa bir üçüncü ölkənin. Məncə, bu qədər kifayətdir və detallara getməyə ehtiyac yoxdur.
- Azay bəy, Avropa Parlamentinin iclası ilə bir neçə gün fərqlə ATƏT PA-nın Büro iclası keçirildi. Büro üzvlərində ən azı həmsədrlərin biabırçı taleyinə görə Azərbaycana qarşı aqressiv mövqeyini hiss etmədiniz ki?
- Xeyr, tam əksinə. Əvvəla onu qeyd edim ki, ATƏT PA-nın 27 aprel tarixində keçirilən Büro iclası bir qayda olaraq Kopenhagendə keçirilir və burada digər məsələlərlə yanaşı Assambleyanın hər üç komitəsinin qətnamə layihələri müzakirə edilir. Qətnamə layihələri müvafiq dəyişklikdən sonra qurumun rəsmi saytında yerləşdirilir və İllik Sessiyada baxılması və qəbul edilməsi üçün ATƏT-ə üzv olan 57 ölkənin parlament nümayəndə heyətlərinə göndərilir. Büro iclası mətbuata qapalı olur və qəbul edilən qərarların detalları açıqlanmır. İndi, artıq, Qətnamə layihələri hamıya paylandığı üçün müsbət bir məqamı və çox maraqlı bir faktı sizinlə bölüşə bilərəm. Belə ki, son 33 ildə ilk dəfədir ki, ATƏT PA İllik Sessiyaya təqdim etdiyi heç bir komitəsinin Qətnamə layihəsində Ermənistan-Azərbaycan münasibətləri və ya keçmiş münaqişə ilə bağlı hər hansı bir müddəa və paraqraf yer almadı, ölkəmizə aid bütün istinadlar Qətnamə layihələrindən çıxarıldı. Büroda irəli sürülən əsas arqumentimiz bu idi ki, normallaşma və sülh prosesi ikitərəfli dialoq və danışıqlar formatında uğurla baş tutur və üçüncü tərəfin prosesə müdaxiləsinə ehtiyac yoxdur. Təqdirəlayiq haldır ki, Büro üzvləri və məruzəçilər dövlətimizin bu mövqeyini nəzərə aldılar. Bu da ilk növbədə Prezident İlham Əliyevin beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in və onun institutlarının Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşması və sülhə nail olunması prosesindən tamamilə kənarda qalması ilə bağlı qətiyyətli mövqeyinin ATƏT PA Bürosu tərəfindən tamamilə qəbul edilməsi və dəstəklənməsi deməkdir.
Çalışcağıq ki, cari ilin 4-8 iyul tarixlərində ATƏT PA-nın Haaqada keçiriləcək 33-cü İllik Sessiyasında hər üç Qətnamə layihəsi olduğu kimi, yəni ölkəmizlə bağlı hər hansı bir bənd əlavə edilmədən Assambleya tərəfndən təsdiq edilsin.
- Necə bilirsiniz, Avropa Parlamenti və AŞ PA ATƏT PA-dan nümunə götürəcəkmi?
- Avropa Parlamenti və AŞ PA-nın Azərbayacana münasibətdə sərgilədikləri qərəzli, qeyri-peşəkar və düşmən mövqeyi ilk növbədə onların özlərinə zərbədir, bu siyasət onların nüfuzunu sıfıra endirdi. Nəticədə, Azərbaycan Milli Məclisi həm Avropa Parlamenti, həm də AŞPA ilə bütün əlaqələri kəsdi və əməkdaşlığa son qoydu. Tam səmimi olaraq deyim ki, əməkdaşlığın dayandırılmasından ölkəmiz heç nə itirmədi, itirən isə yalnız bu qurumlar oldu. Ona görə də onların bundan sonra kimdənsə nümunə götürəcəyini və ya ibrət dərsi alacağını gözləməyə dəyməz.
- Bu gün Ermənistanda Qərbi Azərbaycan məsələsinə aşırı dərəcədə qıcıq var. Erməni rəsmilər dəfələrlə iddia ediblər ki, Azərbaycan bununla guya Ermənistanın təhlükəsizliyini təhdid edir. Amma faktiki Ermənistan Qərbi Azərbaycanla bağlı həqiqətləri təhrif edir. Məntiqlə, əgər real Ermənistan qurmaq istəyirlərsə, hələlik ölkəyə sənəd ala bilməyiblərsə, Azərbaycanın təqdim etdiyi sülh gündəliyinə sonadək əməl etməlidirlər. Siz Qərbi Azərbaycanda, Qarakilsənin – Vağudi kəndində doğulmusunuz. Mərhum atanızın məzarını ziyarət etmək istəyinizi 2012-ci ildə Ermənistanda keçirilən Avronest Parlament Asembleyasında iştirak edən zamanı o vaxtkı prezident Serj Sərkisyanla görüşdə də ifadə etmişdiniz. Amma o zaman müxtəlif bəhanələr gətirmişdilər. Faktiki olaraq Qərbi azərbaycanlı kimi sizin də o müqəddəs yerlərə getmək, oranı ziyarət etmək hüququnuz var və istəyiniz var. Amma qeyd etdiyim kimi, Ermənistan hakimiyyətinin məsələyə anormal yanaşması var. Bu iddialara Qərbi azərbaycanlı olaraq cavabınız necədir?
- Çox sağ olun, o tarixi xatırlatdınız. Bu, mənim üçün çox ağrılı bir məsələdir. 1988-ci ilin aprel ayında atamı itirdim. Atam azərbaycan dili və ədəbiyyat müəllimi idi, özü də erməni dilini çox sərbəst bilirdi və yaxşı xatırlayıram, kənddə ermənilərin şovinist davranışlarına biganə qalmırdı və həmişə onlara etiraz edirdi. 1988-ci ilin əvvəlində hadisələr başlayanda kənddə çox gərgin vəziyyət yaranmışdı və atam bizə çox şeyi deməsə də hiss olunurdu ki, azərbaycanlılara qarşı artan hücumlar və mənəvi sıxıntılar ona çox pis təsir edir və bununla barışa bilmir. Təəssüf ki, həmin ilin aprelində ürəktutması diaqnozu ilə biz atamızı itirdik. Sonradan isə məlum hadisələr baş verdi və hamımız deportasiyaya məruz qaldıq. Təsəvvür edin, artıq 38 ildir mən atamın məzarını ziyarət edə bilmirəm. Bilmirəm o qəbir qalır, ya dağıdılıb...
2012-ci ildə İrəvana gedəndə, yeri gəlmişkən, ilk dəfə idi hadisələr başlayandan sonra İrəvana gedirdim. O zaman Avronest Parlament Assambleyasının komitə sədrinin müavini idim və komitənin Ermənistanda keçirilən iclasında iştirak etmək zərurəti yarandı.
İclasdan əvvəl prezident Serj Sarkisyanla görüşdük. Onu da deyim ki, görüşdən əvvəl Azərbaycan nümayəndə heyətindən xahiş etdilər ki, çox məsələləri qaldırmayaq və dərinə getməyək. Lakin biz buna məhəl qoymadıq. Görüş erməni və ingilis dilində keçirilirdi və mətbuata qapalı idi. Orda çox sərt çıxışımız oldu, hətta mübahisə də düşdü. Bir epizodu demək istəyirəm. Sərkisyan mənə dedi ki, “bilirəm, sən Sisyandansan, niyə ermənicə danışmırsan”? Dedim sizin dövlət məni və ailəmi 24 il əvvəl yurdumuzdan deportasiya etməsəydiniz, bizim bütün hüquqlarımızı əlimizdən almasaydınız mən bu gün bəlkə də sizinlə ermənicə danışardım. Bildirdim ki, mən kəndimizə gedib, atamın qəbrini ziyarətə etmək istəyirəm, ancaq “yollar buz bağlayıb” bəhanəsilə mənə imkan vermirsiniz, əmin deyiləm ki, bizim qəbiristanlıq dağılıb, yoxsa qalır? Avropalı deputatların yanında bunu deməyim Sarkisyanı çox pərt etdi, bir az duruxdu və söhbəti dəyişdirdi.
Siz xatırlatdınız, bu detalları qeyd etdim. Mənim kimi yüz minlərlə insan bu mənəvi əzabla yaşayır. Hamımız istərdik ki, valideynlərimizin qəbrini ziyarət edək. Amma bundan məhrumuq. Bu, insan haqlarının və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
Qərbi Azərbaycana qayıdışımızla bağlı dəfələrlə cənab Prezident deyib ki, biz tank üstündə qayıtmaq istəmirik. Ora biz sülhlə, dinc şəraitdə qayıtmaq istəyirik. Kim orada yaşamaq istəyirsə, yaşasın. Kim evini, eşiyini, müqəddəs yerlərini ziyarət etmək istəyirsə, etsin. Amma Ermənistan buna razılıq vermir.
- Azay bəy, siz özünüz Ermənistan parlamentinin deputatı olaraq azərbaycanlıların hüquqlarını qorumaq istərdiniz?
- Əgər mənim seçicilərim azərbaycanlılar olarsa, o halda Ermənistan parlamentinin deputatı olaram. Yenə deyirəm, seçicilərim azərbaycanlılar olacağı təqdirdə - bilirsiniz ki, mən nəyə işarə edirəm, azərbaycanlılar qayıtsın – o halda niyə təmsilçimiz olmasın?
- Söhbətimiz İrəvanın ermənilərə verildiyi ildönümünə təsadüf edir...
- Bəli. 1918-ci ilin 29 mayında İrəvan ermənilərə icarəyə verildi. İrəvanın ermənilərə paytaxt olaraq verilməsinin qarşılığında guya ermənilər Azərbaycana qarşı bütün iddialarından əl çəkəcəkdilər. Amma əl çəkmədilər, sonra Qərbi Zəngəzuru və digər ərazilərimizi aldılar, Naxçıvanı almaq istədilər. Dəfələrlə cənab Prezident deyib ki, biz heç vaxt keçmişimizi unutmamalıyıq. Çünki keçmişi unudanın aqibəti bəllidir. Biz vaxtilə keçmişi unutduq və 1988-1993-cü illərdə faciələrlə yaşdıq. Əminəm ki, hamı kimi siz də peşəkar, vətənpərvər jurnalist, siyasi araşdırmaçı və politoloq kimi bu fikirlə razılaşarsınız ki, Qərbi azərbaycanlıların geri qayıdışı ümumilli məsələdir və bu yolda bir addım da olsa, geri çəkilməməliyik. Bu həm də bizim beynəlxalq hüquqla qorunan ən təbii haqqımızdır. Qalıcı sülh və barış üçün mütləq şəkildə azərbaycanlıların ora qayıtmaq hüququ tanınmalıdır.
Niyə Ermənistan bundan qorxur? Bəzən deyirlər ki, “onda siz də Qarabağ ermənilərini geri qaytarın”. Bizim arqumentimiz isə çox sadədir: biz Qarabağdakı erməniləri qovmadıq, onlar özləri getdilər. Bu həqiqəti BMT-nin fakt araşdırma missiyası və ermənilərin etirafları da təsdiqləyir. Hətta ermənələrə vətəndaşlıq təklif etdik, geri qayıtmaq və ölkə qanunları çərçivəsində yaşamaq istəyənlər üçün onlayn platforma yaratdıq, təhlükəsizlik təminatı verdik. Amma qəbul etmədilər. Ancaq azərbaycanlıları Ermənistan hökuməti sözün əsl mənasında zorla deportasiya etdi.
İndi qoy Ermənistan da belə bir platforma yaratsın. Bəyan etsin ki, kim Qərbi Azərbaycana qayıtmaq istəyirsə, buyursun. Bunu da etmir.
- Dövlət başçımız Paşinyana tövsiyə etmşdi ki, Qərbi Azərbaycan icmasının təmsilçilərini qəbul etsin...
- Bəli. Tamamilə doğrudur. Paşinyan Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etməlidir, onları dinləməlidir. Ermənistan hökuməti Azərbaycan tərəfindən yaradılmış sülh şəraitinə uyğun addımlar atmalıdır. Düşünürəm ki, iyunda baş tutacaq seçkilərdən sonra bu məsələni Ermənistan qarşısında daha açıq şəkildə qoymalıyıq.