Bizi sosial şəbəkələrdən izləyin:
“Sumqayıt Dövlət Dram Teatrında işə düzəlmişəm, artıq 5 aydır ki, orada çalışıram. Direktor dəvət etdi, mən də bunu məmnuniyyətlə qəbul etdim. Teatrda həm tamaşa hazırladım, həm də aktyor kimi səhnəyə çıxdım”.
Moderator.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Xalq artisti Valeh Kərimov deyib.
82 yaşlı aktyor bildirib ki, uzun fasilədən sonra yenidən fəaliyyətə başlaması onun üçün böyük stimul olub:
“Tufan Minnullinin əsəri əsasında “Sonuncu qonaq” tamaşasını hazırladıq. Hazırda Xalq şairi Sabir Rüstəmxanlının yubileyinə həsr olunmuş tamaşa hazırlanır. Mən də orada iştirak edirəm. Aktyor həmişə səhnədə, filmdə, çəkilişdə olmalıdır. Bizi yaşadan da budur. Bizim başqa sənətimiz yoxdur. Həm də mən aktiv həyata öyrəşmişəm, boş qalmağı xoşlamıram. 14-15 yaşımdan işləyirəm. Buna görə də həmişə özümə məşğuliyyət tapıram”.
Aktyor gənc görünməsinin səbəbindən də danışıb:
“Bizim nəsildə gec qocalmaq var. Anam da, atam da uzunömürlü olublar. Mənə də onlardan keçib”.
Qeyd edək ki, Valeh Kərimov bir çox rolları ilə yanaşı, “Bəxt üzüyü” filmində canlandırdığı “Moşu” obrazı ilə tamaşaçıların yaddaşında xüsusi yer tutub.