Nəslinin kəsildiyi düşünülürdü - Hələ də yaşayan əfsanəvi heyvan
Maraqlı
1428
02 Nov 2024 | 16:59

Nəslinin kəsildiyi düşünülürdü - Hələ də yaşayan əfsanəvi heyvan

Tədqiqatlar göstərir ki, vaxtilə planetimizdə yaşayan bütün bitki və heyvanların təxminən 99 faizi ən müxtəlif səbəblərdən məhv olub. “Interesting Engineering” yazır ki, bu, zamanla Yer kürəsində 5 milyarda qədər növün yoxa çıxması deməkdir. Amma bəzən təbiət sürprizlər edir, nəslinin kəsildiyini düşündüyümüz canlıları qarşımıza çıxarır.
 
Moderator.az Teleqraf.com-a istinadla xəbər verir ki, nəşr yeddi belə canlı haqqında məlumat verib.
 
Fernandina tısbağası
 
 
Bu nəhəng sürünən (Chelonoidis phantasticus) beynəlxalq tədqiqat qrupu 1906-cı ildə kəşf edilən yeganə məlum nümunəsinin genomunu ardıcıllıqla sıralayana və onu 2019-cu ildə Qalapaqos arxipelaqına daxil olan Fernandina adasında tapılan dişi tısbağanın genomu ilə müqayisə edənə qədər nəslinin çoxdan kəsildiyi düşünülürdü. 2021-ci ildə aparılan təhlillər hər iki nümunənin eyni növə aid olduğunu təsdiqləyib. Dişi tısbağaya vətəninin adına uyğun olaraq Fernanda ismi verilib.
 
Vyetnam siçana bənzər maralı
 
 
Siçana bənzər maral (Tragulus versicolor) ölçüsünə görə kiçik bir dovşan boydadır. 2019-cu ildə aşkarlanana qədər 28 il ərzində nəslinin tükəndiyi düşünülürdü. Bu heyvanın vətəni Vyetnamdır, sonuncu dəfə 1990-cı ildə Jalay əyalətində göründükdən sonra nəsli kəsilmiş hesab edilib. Ancaq 5 il əvvəl elm adamları bu heyvanı Laos, Vyetnam və Kambocanı ayıran Annam dağlarında görəndə inanılmaz kəşfə imza atıblar.
 
Attenboro - uzun xortumlu yexidna
 
 
Payanqko kimi də tanınan bu uzun xortumlu yexidna sonuncu dəfə 1961-ci ildə görülüb. Amma bu, 60 ildən çox müddət sonra tropik meşədə bir şəkil çəkilənədək davam edib. Yumurta qoyan məməlini tapmaq üçün beynəlxalq qrup 2023-cü ildə İndoneziyanın Siklops dağlarında 80-dən çox kamera qurub. Komanda dörd həftə ərzində ərazini bir dənə də olsun erkək Attenboro yexidna (Zaglossus attenboroughi) tapmadan izləyib. Amma son gün birini çəkərək o maraqlı kəşfə öz imzalarını atmağı bacarıblar.
 
Nəhəng Uolles arısı
 
 
Qanadları 6 santimetrdən çox olan Uolles arısı (Megachile pluto) dünyanın ən böyüyü hesab olunur. İlk dəfə 1858-ci ildə Molukkan arxipelaqının Bakan adasında ingilis təbiətşünası Alfred Rassel Volles tərəfindən elmi olaraq sənədləşdirilib. Amma bu arı 1981-ci ildən nəsli kəsilmiş hesab olunub.
 
2019-cu ildə, təxminən 40 ildən sonra ilk dəfə amerikalı və avstraliyalı araşdırmaçılar arını İndoneziyanın şimal-şərqindəki Molukkas arxipelaqında görüblər.
 
Lord-Hau ağac tarakanı
 
 
Avstraliyanın Lord-Hau adasına xas olan bu böyük qanadsız ağacyeyən tarakanın 1930-cu illərdən bəri nəslinin tükəndiyi düşünülürdü. Bu, 1918-ci ildə adaya siçovulların gətirilməsindən sonra baş verib. 2022-ci ildə Sidney Universitetinin Biologiya fakültəsinin tələbəsi onları qayanın altında tapana qədər canlının təxminən 80 ildir nəsli kəsilmiş olduğu deyilirdi.
 
Tarakanın (Panesthia) uzunluğu 22-40 millimetrdir və qırmızıdan qaraya qədər dəyişən metal bədən rənginə malikdir. Bununla belə, yeni kəşf edilən fərd əvvəllər tapılanlardan genetik olaraq bir qədər fərqlidir.
 
San-Kvintin kenquru siçovulu
 
 
Meksikaya endemik olan kenquru siçovulu (Dipodomys gravipes) Kaliforniya əyalətinin qərbində seyrək bitki örtüyü olan quraq düzənliklərdə yaşayır. İlk dəfə 1925-ci ildə ABŞ zooloqu Lorens Markxam Qyui tərəfindən təsvir edilib. Növ sonuncu dəfə 1986-cı ildə görülüb. Amma tədqiqatçılar 2018-ci ildə kiçik gəmiricini yenidən görüblər.
 
Velskova buqələmunu
 
 
Madaqaskar üçün endemik olan, 1893-cü ildən sonra yoxa çıxan heyvan (Furcifer voeltzkowi) 2018-ci ildə yenidən kəşf edilənə qədər nəslinin tükəndiyi düşünülüb. Adanın şimal-qərb hissəsinə iki həftəlik ekspedisiya zamanı beynəlxalq komanda 3 erkək, 15 dişi tapıb.
 
Madaqaskarda planetin başqa heç bir yerində rast gəlinməyən 96 növü də daxil olmaqla, dünyadakı buqələmun növlərinin təxminən yarısının yaşadığı bildirilir.
 
Link kopyalandı!
Son xəbərlər