İdman
143
11:50, Bu gün

"“Qarabağ”da karyeramın alınmamasının günahkarı özüməm" - Aleksey İsayev ilk dəfə səbəbləri açıqladı

“Sabah”ın futbolçusu Aleksey İsayev Teleqraf-a müsahibə verərək Azərbaycan Premyer Liqasında və ölkə kubokunda qazandıqları çempionluqdan danışıb.
 
Moderator.az 2025/2026 mövsümünün əvvəlində “Qarabağ”dan “Sabah”a transfer olunan 31 yaşlı yarımmüdafiəçi ilə müsahibəni təqdim edir:


- Azərbaycan Kubokunun finalında “Zirə”ni 2:1 hesabı ilə məğlub edərək qalib oldunuz. 69-cu dəqiqədə siz meydandan çıxdıqdan sonra əvəzinizə meydana daxil olan Patrik Mbina hesabı bərabərləşdirdi. Matçla bağlı təəssüratlarınız necədir?

- Oyunun əvvəlində hesabda geri düşdük. Bundan sonra hesabı bərabərləşdirmək çətin oldu. Amma istəyimizə nail olduq. “Zirə” çox yaxşı komandadır. Onları da təbrik edirəm ki, finala qədər mübarizə apardılar. İndi bu qələbədən sonra istirahət edəcək və irəliyə baxacağıq.

- Karyeranızda iki “qızıl dubl” sevinci yaşamısınız. Bunlardan birinə 2023/2024 mövsümündə “Qarabağ”da, bu mövsüm isə “Sabah”da nail oldunuz…

- Bəli, üç çempionluğum və iki “qızıl dubl”um var. Buna görə tanrıya şükür edirəm.

- Maraqlıdır ki, məhz 2024/2025 mövsümündə Azərbaycan Kubokunun finalında “Qarabağ”ın heyətində “Sabah”a qarşı oynadınız və məğlub oldunuz. “Bayquşlar” ötən mövsüm ilk kubokunu qazandı. Cari mövsüm isə siz də qalib komandanın üzvüsünüz. Hər ikisini necə müqayisə edərdiniz?

- Öncə onu qeyd edim ki, “Qarabağ”dakı karyeram istədiyim kimi alınmadı. Əlbəttə ki, bu da mənim özümlə əlaqədardır. Amma mən öz doğma evimə - “Sabah”a qayıtdım. Təəssüf ki, mövsümün əvvəlində ağır zədə aldım. Bundan sonra nəhayət yaşıl meydanlara qayıtdım. Həqiqətən də çox xoşbəxtəm ki, burada həm Premyer Liqa çempionluğunu, həm də Azərbaycan Kubokunu qazandım.

- Səhv nə idi? Bir daha seçim olsaydı, “Qarabağ”a gedərdiniz?

- Ora gedişim səhv deyildi. Sadəcə, bu bir təcrübə idi. Həmişə “Qarabağ”a təşəkkür edirəm ki, məni sıralarına qatdı. Şans qazanmamağımın səbəbi məndə idi. Ola bilər ki, zədələrim də buna təsir etdi. Sabiq komanda yoldaşlarım bilir ki, mən “Qarabağ”da necə çıxış etdim, nələr etməyə çalışdım. Alınmadı. Amma yenə evimə döndüm.

- “Qarabağ”da uzun müddət oyun şansı qazanmasanız da, “Sabah”ın çempionluğunda rol oynayan əsas fiqurlardan birisiniz. Aleksey İsayev bunu necə bacardı?

- Birinci növbədə rəhbərliyimizə və komanda yoldaşlarıma təşəkkür edirəm. Çünki onlarsız meydanda heç kiməm. Kim olursam olum, onlarsız önəmim yox idi. Hər zaman qeyd edirəm ki, bizim gücümüz birlikdə olmağımızdadır. Mövsümün əvvəlində ayağımdan aldığım ağır zədəni, o hissləri yaşamağı heç kimə arzulamıram. Şükür, hər şey qaydasındadır. Hazırda komandamızda ailə mühiti var və uğurlar qazanmağa davam edirik.

- Hazırda özünüzü tam formada hesab edirsiniz?

- Hazırda özümü 70 faiz hazır hesab edirəm. Çünki tam formama qayıda bilməmişəm. Düşünürəm ki, yavaş-yavaş bunu da əldə edəcəyəm. Mövsümün bitməsinə iki oyun qalıb, bundan sonra dincələcəyik. Daha sonra isə yeni mövsüm üçün hədəflərimiz var.

- Qarşıdan millinin toplanışı yaxınlaşır. Dəvət gözləyirsinizmi?

Əlbəttə. Hər bir futbolçu kimi, hər zaman milliyə dəvət gözləyirəm.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər