Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün Albaniyanın paytaxtı Tirana şəhərində Azərbaycanı təmsil edən beş sərbəst güləşçi Avropa çempionatında öz gücünü nümayiş etdirmək üçün mübarizəyə qoşulur.
Moderator.az xəbər verir ki, mötəbər turnirdə ölkəmizin idman şərəfini qoruyacaq İslam Bazarqanov (57 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Cəbrayıl Hacıyev (79 kq) və Osman Nurmaqomedov (97 kq) medallar uğrunda xalça üzərinə çıxacaqlar.
Günün digər həyəcanverici anları isə qadın idmançılarımızın iştirakı ilə yaşanacaq. Belə ki, milli komandamızın üç qadın güləşçisi bürünc medal uğrunda həlledici görüşlərdə qüvvəsini sınayacaq. Qitə birinciliyində Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova fəxri kürsünün üçüncü pilləsinə qalxmaq üçün mübarizə aparacaqlar.
Xatırladaq ki, çempionatda bundan əvvəl yunan-Roma güləşçilərimiz böyük uğura imza ataraq komanda hesabında Avropa birincisi olublar. Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl medala sahib çıxdıqları halda, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc mükafat qazanıblar. Qadın güləşçilərimizdən isə Günay Qurbanova (59 kq) ölkəmizin aktivinə daha bir bürünc medal yazdırıb.