“Hadrut Fatehi”nin adını vəsiyyət etdiyi, üzünü görmədiyi oğlu Alparslan: “Bizi ayağa qaldırdı, ona evin böyük kişisi deyirik” - FOTO+ÖZƏL
378
09:53, Bu gün

“Hadrut Fatehi”nin adını vəsiyyət etdiyi, üzünü görmədiyi oğlu Alparslan: “Bizi ayağa qaldırdı, ona evin böyük kişisi deyirik” - FOTO+ÖZƏL

“Uşaqların Beynəlxalq Müdafiəsi günündə bütün körpələrə sağlam gələcək, sülh, əmin-amanlıq arzulayıram. Heç bir uşaq atasız böyüməsin.. Valideyn nəzarəti altında ömürlərini yaşasınlar.. Bir mahnıda deyildiyi kimi…”Gülsün gülüşləri ilə qoy yaxınlar-uzaqlar, dünyanın hər yerində xoşbəxt olsun uşaqlar”. Camalın o qədər arzuları var idi ki... Səbirsizliklə oğlunun doğulmağını gözləyirdi. Arzuları bu idi ki, oğlunu özü bərbərə aparsın, saçını düzətdirsin, ona maşın sürməyi öyrətsin. Hələ şəhid olmamışdan əvvəl demişdi ki, “adamın bir oğlu olar, adını da Alparslan qoyar”. Oğlunun adını özü sağ ikən bizə vəsiyyət etmişdi.. Təəssüf ki, Alparslan şəhid olandan sonra doğuldu. Camalın iki qız övladı da var. Boş vaxtları olan kimi vaxtını qızları ilə birgə keçirirdi. İstirahət günü əgər evdə olurdusa onlarla parka, kinoya, restorana gedirdi. Bir də görürdüm ki, rayona gəliblər. Onları qayığa mindirərdi, voleybol oynayardılar. Qızları üçün xüsusi mahnılar da seçmişdi ki, maşında dinləsinlər. Bir də görürdün ki, mahnı oxuya-oxuya yola çıxıblar. Həmişə də onlara deyərdi ki, “ata sizə qurban olsun”.
Bunu Moderator.az-a açıqlamasında “Hadrut fatehi", XTQ baş giziri, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova deyib.
O daha sonra əlavə edib:
“Alparslan elə bir vaxtda dünyaya gəldi ki, biz hamımız yıxılmışdıq, param-parça olmuşduq. Onun dünyaya gəlişi hamımızı ayağa qaldırdı. O balaca boyu ilə, balaca əlləri ilə sanki dağılmış ailəni yenidən birləşdirdi. Alparslana biz heç vaxt körpə uşaq kimi baxmadıq ki.. Elə bildik ki, evə böyük kişi gəlib. Mən həmişə ona “evimizin böyük kişisi” deyirəm. Yavaş-yavaş böyüyür, hər şeyi başa düşməyə başlayır. Atasını istəyir, atasını soruşur. Çox soruşur. Deyir ki, “atam gələcək?”. Keçən dəfə bir şəkil çəkmişdi. Tabloda anası, atası bir də özü və bacılarını təsvir etmişdi. Anası ona dedi ki, “axı ata bizim yanımızda deyil, niyə görə onu yanımızda çəkmisən?! Dedi ki, “istəyirəm ata bizim yanımızda olsun”. Mən də ona dedim ki, “Alparslan, gəl biz atanın şəkilini günəşin yanından çəkək, o bizə göylərdən baxsın”. Dedi ki. “yox, mən istəyirəm atam bizim yanımızda olsun”. Alparslan baxçaya gedir. Maşallah, o qədər hər şeyi gözəl qavrayan uşaqdır ki.. Xarici dilləri öyrənir, idmanla məşğul olur. Bu yaxınlarda həm ad günü, həm də kiçik toyu oldu. Atasının bütün dostları gəlmişdi. Elə baxırdı ki, onlara.. Mən uzaqdan baxırdım, yaxınlaşa bilmirdim.. Elə bilirdim ki, Alparslanın gözləri ikiqat böyümüşdü. O qədər baxırdı ki... Elə bilirdim ki, atasını axtarırdı.. Sağ-salamat böyüsün, məktəbə getsin, atasının adına layiq övlad olsun. Heç vaxt yadından çıxartmasın ki, kimin oğludur?! Hər zaman atası ilə fəxr etsin. Atasının yarım qalan arzularını Alparslan həyata keçirsin.. Arzu edirəm ki, bacılarına həm ata olsun, həm də qardaş.. Həmişə onların yanında olsun.. Alparslan atasının ona verdiyi ada layiq övlad olsun”.
Qeyd edək ki, şəhid Camal İsmaylov İkinci Qarabağ Müharibəsi illərində 1500 erməniyə öz dilində “geri çəkilin” əmri verən qəhrəmanımız olub. O ölümündən sonra “Hadrut fatehi” adlandırılıb.
Link kopyalandı!
Son xəbərlər