Keçmiş məmurların lənətlənmiş əmlakları
225
08:55, Bu gün

Keçmiş məmurların lənətlənmiş əmlakları

Onların mənzilləri və maşınları hərracda aylarla alıcı tapmır - səbəblər

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun üzərinə həbs qoyulmuş mənzillərindən biri yenidən hərraca çıxarılır.

Mənzil İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 16-da keçiriləcək hərracda satışa təqdim olunacaq.

Hərrac elanına əsasən, söhbət Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, 422-ci məhəllə, ev 53, mənzil 108 ünvanında yerləşən daşınmaz əmlakdan gedir.

Sahəsi 370.4 kvadratmetr olan mənzilin start qiyməti 694 687.5 manat, beh məbləği isə 69 468.8 manat müəyyən edilib.

Elanda qeyd olunur ki, mənzil alıcı tapılmadığı üçün 4-cü dəfə 25 faiz endirimli qiymətlə təkrar hərraca çıxarılır.

Qeyd edək ki, Səlim Müslümovun cinayət işi üzrə üzərinə həbs qoyulmuş əmlaklar arasında Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən mənzillər, qeyri-yaşayış sahələri və torpaq sahələri də var. Məhkəmə prosesində açıqlanan siyahıda Yasamal rayonundakı bu mənzil də yer almışdı.

Qeyd edək ki, İmişli Rayon İcra Hakimiyyətinin korrupsiya cinayətləri ilə bağlı məhkum edilmiş keçmiş başçısı Vilyam Hacıyevin cinayət işi üzrə müsadirə edilmiş avtomobillərinin də qiyməti xeyli ucuzlaşıb.

“Range Rover” və “BMW 740İ” avtomobilləri üç dəfə satışa çıxarılsa da, onlara alıcı tapılmayıb.

İcra məmuru əmlakı 25% endirimlə dördüncü dəfə hərraca çıxaracaq. Belə ki, əvvəl 56 min manata təklif edilən “Range Rover”in qiyməti 14 min manat ucuzlaşaraq 42 min manata, 23 min manata təklif edilən BMW isə 5 750 manat aşağı - 17 250 manata çıxarılacaq.

V.Hacıyevin cinayəti ilə bağlı müsadirə edilmiş avtomobillərdən yalnız birinə - “Bentley Continental GT”yə alıcı tapılıb. 65 min manata təklif edilən “Bentley” üçüncü hərracda 6 500 manat endirimlə - 58 500 manata satılıb.

Qeyd edək ki, “Range Rover”i (həmin vaxt qiyməti 100 min manatdan çox olub - red.) Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev, BMW-ni isə həyat yoldaşı Cülyetta İbrahimova sürüblər.

Keçmiş məmurlara məxsus olub müsadirə edilərək hərraca çıxarılan əmlaklara marağın aşağı olmasını ekspertlər bir neçə əsas səbəblə bağlı olduğunu bildirirlər.

Əsas amillərdən biri hüquqi qeyri-müəyyənlikdir. Potensial alıcılar gələcəkdə mülkiyyətlə bağlı məhkəmə çəkişmələrinin yarana biləcəyindən ehtiyat edirlər. Bundan əlavə, bu tip əmlakların korrupsiya və qalmaqallarla əlaqələndirilməsi onların reputasiya baxımından riskli hesab olunmasına səbəb olur.

Digər tərəfdən, hərraclarda müəyyən edilən ilkin qiymətlərin bəzən real bazar dəyərindən yüksək olması da alıcı marağını azaldır. Eyni zamanda obyektlərlə bağlı mümkün borc və öhdəliklərin mövcudluğu da riskləri artırır.

Müşahidələrə görə, bəzi alıcılar qiymətlərin gələcək mərhələlərdə daha da ucuzlaşacağını gözləyərək hərraclarda iştirakdan çəkinir. Nəhayət, “haram pulla alınıb” deyib bu cür hərraclarda iştirak etməyənlər də az deyil.

Vəkil Cavad Cavadov “Yeni Müsavat”a deyib  ki, Azərbaycanda hərrac institutu inkişaf etməyib: “Sabiq məmurların müsadirə edilmiş və dəfələrlə hərraca çıxarılsa da, satılmayan əmlakları icra və hərrac mexanizmlərinin ciddi şəkildə təftiş olunmasını tələb edən bir tendensiyadır. Bu, sadəcə, iki məmurun əmlakının satılmaması davası deyil, dövlətin müsadirə institutunun effektivliyi məsələsidir.

Hüququn ən əsas prinsiplərindən biri xoşniyyətli alıcı anlayışıdır. İnsanlar dövlətin rəsmi orqanının - Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi hərraca etibar edib əmlak alırlar. Lakin yerli hüquq praktikasında sonradan elə qüsurlar üzə çıxır ki, həmin xoşniyyətli alıcı ortada qalır.

Məsələn, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycan və digər post-sovet ölkələrinə qarşı mülkiyyət hüququ ilə bağlı (AİHM Konvensiyasının 1 nömrəli Protokolunun 1-ci maddəsi) qərarlarının böyük bir qismi dövlət orqanlarının xətası ucbatından zərər çəkmiş xoşniyyətli alıcıların müdafiəsinə yönəlib. Məhkəmə açıq şəkildə qeyd edir ki, dövlət orqanının buraxdığı prosedur səhvinin bədəlini vətəndaş öz mülkiyyəti ilə ödəməməlidir. Bizim potensial alıcılarımız isə savadlıdırlar; onlar bilirlər ki, bu gün cinayət işi çərçivəsində müsadirə edilən əmlakın müsadirə qərarı 5-10 il sonra yeni açılmış hallar üzrə ləğv edilə bilər. Bu isə o deməkdir ki, hərracdan alınan mənzil keçmiş sahibinə və ya vərəsələrinə qaytarıla bilər və alıcı vurduğu maddi ziyanı dövlətdən geri almaq üçün illərlə növbəti məhkəmə qapılarında qalacaq".

Cavad Cavadov deyib ki, Vilyam Hacıyevin cinayət işində maraqlı bir detal var: “Avtomobillərdən birini oğlu, digərini həyat yoldaşı sürüb. Bu əmlaklar üzərində mülki qanunvericilik baxımından birgə mülkiyyət hüququ varmı? Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, nikah dövründə qazanılmış əmlak ər-arvadın müştərək mülkiyyətidir. Əgər həmin avtomobillər və ya Səlim Müslümovun mənzili rəsmi nikah dövründə alınıbsa, cinayət törətməkdə təqsirləndirilməyən həyat yoldaşının o əmlakda 50%-lik pay hüququ qanunla qorunur. İcra məmurları bəzən bu incəliyi ötürərək əmlakı bütöv halda hərraca çıxarırlar. Sabah həmin həyat yoldaşı məhkəmədə iddia qaldıraraq, "mənim cinayətdən xəbərim olmayıb, bu əmlakda mənim qanuni payım var idi və hərrac hüququmu pozub" dediyi anda, hərracın nəticələri etibarsız sayıla bilər. Alıcılar bu risk bombası üzərində oturmaq istəmirlər".

Cavad Cavadov deyib ki,  hərrac elanında görünür ki, Səlim Müslümovun 370.4 kv.m-lik mənzili təxminən 700 min manat start qiyməti ilə satışa çıxarılıb və alıcı tapılmadığı üçün artıq 25 faiz endirim edilib: “Bu nəyi göstərir? İstintaq və məhkəmə mərhələsində qiymətləndirməni aparan ekspertlər çox vaxt daşınmaz əmlak bazarının real nəbzini tuta bilmirlər. Onlar qiyməti mexaniki olaraq, bəzən isə subyektiv mülahizələrlə yuxarı təyin edirlər. Hüquqi dövlətdə qiymətləndirmə tam müstəqil, lisenziyalı auditorlar və qiymətləndiricilər tərəfindən, əmlakın yerləşdiyi yerin likvidliyi və onun mənfi reputasiyası nəzərə alınmaqla aparılmalıdır. İndiki mexanizmdə isə qanunvericilik ancaq 4-cü dəfə təkrar hərracda endirimə icazə verir ki, bu da prosesi həm uzadır, həm də dövlətin büdcəsinə gələcək vəsaitin daxil olmasını ləngidir”.

Cavad Cavadov deyib ki, Azərbaycan cəmiyyətində mövcud olan “haram pul”, “lənətlənmiş mülk” yanaşması, sadəcə, dini-mənəvi deyil, həm də sosioloji bir hüquq faktorudur:  “Hüquq sosiologiyası sübut edir ki, cəmiyyətin qeyri-rəsmi institutları - adət-ənənələr, ictimai qınaq bəzən rəsmi qanunlardan daha güclü işləyir. Böyük investorlar, daxili bazarda nüfuzunu qoruyan tikinti və ya investisiya şirkətləri səs-küylü korrupsiya cinayətlərinin obyekti olmuş əmlakları almaqla öz brendlərini riskə atmırlar. Onlar bilirlər ki, bu əmlakların media tərəfindən ”lənətlənmiş əmlak" kimi tirajlanması gələcəkdə həmin obyektdən kommersiya məqsədilə istifadəni çətinləşdirəcək. Məsələn, heç bir şirkət Səlim Müslümovun müsadirə olunmuş evində özünə ofis açıb neqativ gündəmlə assosiasiya olunmaq istəməz. Hazırkı vəziyyətdən çıxış yolu qanunvericilik islahatından keçir. İcra haqqında qanunvericiliyə xüsusi bir müddəa əlavə edilməlidir: “Dövlət tərəfindən hərrac vasitəsilə satılan müsadirə olunmuş əmlakların mülkiyyət hüququ mütləqdir, geriyə qüvvəsi yoxdur və gələcəkdə yarana biləcək bütün mülki iddialar üzrə maddi məsuliyyəti birbaşa dövlət xəzinəsi daşıyır”. Yalnız belə bir sarsılmaz hüquqi qarant mühiti yaradıldıqdan sonra, alıcı əmlakın keçmiş sahibinin kimliyindən qorxmayaraq hərracda sərbəst iştirak edə bilər. Əks təqdirdə, qiymətləri daha 50 faiz də aşağı salsanız, bu aktivlər dövlətin balansında ölü yük olaraq qalmağa davam edəcək".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər