Bizi sosial şəbəkələrdən izləyin:
Birinci Qarabağ müharibəsinin itkin şəhidlərindən olan Rəşadət Əli oğlu Piriyevin nəşi uzun illərdən sonra ailəsinə təhvil verilib.
Moderator.az xəbər verir ki, şəhidin nəşi 2025-ci ildə döyüş yoldaşlarının iştirakı ilə aparılan axtarışlar zamanı onun şəhid olduğu ərazidə aşkarlanıb.
Rəşadət Piriyev 1 oktyabr 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. 1992-ci ildən 701 saylı hərbi hissənin 5-ci Bərdə taborunda xidmət edib. O, Kəlbəcər, Laçın, Ağdam və Ağdərə istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. Döyüşlər zamanı həm rabitəçi-operator, həm də hərbi texnikanın zərərsizləşdirilməsi üzrə əməliyyatçı kimi xidmət göstərib.
Rəşadət Piriyev 11 fevral 1994-cü ildə Kəlbəcər rayonunun Yanşaq kəndi və Qızılqaya istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.
Rəsmi məlumatlara əsasən, o, bu günə qədər itkin hesab olunurdu.