“Bunları yığışdırın! Hər şeyi bacarırlar, muğam oxumaqda niyə aciz olsunlar ki?” - Xanəndədən ETİRAZ - FOTO+ÖZƏL
442
09:40, Bu gün

“Bunları yığışdırın! Hər şeyi bacarırlar, muğam oxumaqda niyə aciz olsunlar ki?” - Xanəndədən ETİRAZ - FOTO+ÖZƏL

“20-ci əsrin əvvəllərinə qədər muğamın inkişafında bölgələrdə fəaliyyət göstərən məclislərin böyük təsiri olub. Bu ədəbi məclislərdə sazəndələr, şairlər, musiqiçilər, azançılar gəlib qəzəllərini təhlil edib, formaya salardılar. Bakıda da, Şuşada da, Şamaxıda da ədəbi məclislər olub. Amma heç kim “Rast” muğamının səs qatarını dəyişə bilməyib. Nəzəriyyə var. Nəzəriyyədə “Rast”-ın səs qatarı 500-600 ildən artıqdır ki, necə varsa elə də qalıb. Biriniz bu muğamın səs qatarını dəyişin, ondan sonra deyin ki, “hə bu bölgənin muğamı budur”. Bu fikirlər səhvdir. Muğamı bölgələrə, regionlara bölmək olmaz. Bunları yığışdırın”.
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar müəllim, tanınmış xanəndə Qəzənfər Abbasov deyib.
 
O daha sonra əlavə edib:
 
“Ümumiyyətlə hər muğamın öz kökü var. Şərq aləmində bir muğam var. Dünya musiqisinin kökü də muğamdır. Bunu mən qəbul etməmişəm ki. Muğam əsrlərlə, minilliklərlə bizə gəlib çatmış janr və musiqidir. Biz onu qorumalıyıq. Gözəl bölgələrimiz var, hava məlumatı verirlər, təbiəti olan bölgələrimiz var, amma muğam bütün Azərbaycanımıza aiddir. Bölgə muğamı yoxdur. Ləhçə ilə oxunan muğamlar ümumiyyətlə qəbul edilməzdir”.
Əməkdar müəllim hesab edir ki, qadın xanəndələr bütün muğamları oxuya bilərlər və bunu bacarırlar:
 
“Tomris, Sara Xatun, Xurşudbanu Natəvan kimi qadınlar qəhrəmanlıqları ilə yanaşı, həm də böyük sərkərdə olublar. Qadın hər şeyə qadirdir. Qadın enerji cəhətdən də kişidən çox-çox üstündür. Bizi dünyaya gətirən qadın hər şeyə qadirdirsə, muğam oxumaqda niyə aciz olsun ki?! Çox gülməli görünür. O vaxtı deyirdilər ki, “filan muğamı qadın oxumaz, bunu qadın oxumaz”. Elə söhbət yoxdur. Bizim xanım müğənnilərimiz bütün muğamları oxumağa qadirdir və oxuyurlar da. Səsi olan xanımlar hamısı oxuyur. Zeynəb Xanlarova, Sara Qədimova, Şövkət Ələkbərova, Tükəzban İsmayılova, Rübabə Muradova nələr oxumayıblar ki? Qəndab Quliyeva kişi xanəndələrlə əl-ələ verib, Bakının kəndlərində muğam dəstgahları oxuyub. Səkinə İsmayılova, Nəzakət Teymurova, Aygün Bayramova, Mələkxanım Əyyubova, Nuriyyə Hüseynova hansı muğamları oxumayıblar ki?! Niyə deyək ki, qadın bunu edə bilməz?! Qadın böyük bir ordunun görə bilmədiyi işi görə bilir, muğam oxuya bilmir?! Qadının hansı gücü yoxdur ki?! Sadəcə olaraq yaxşı dərs almaq lazımdır”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər