İki yeniyetmə məsciddə DƏHŞƏT SAÇDI - Üç nəfərin öldüyü hadisənin DETALLARI
172
11:29, Bu gün

İki yeniyetmə məsciddə DƏHŞƏT SAÇDI - Üç nəfərin öldüyü hadisənin DETALLARI

ABŞ-ın San Dieqoda əyalətindədəki məsciddə baş verən faciə dünya mediasında gündəmi dəyişib.

Euronews bu hadisə ilə bağlı təfərüaatları təqdim edib. ABŞ polisi bildirib ki, şübhəlilər müsəlmanlara qarşı “ümumi nifrət ritorikasını” əks etdirən davranışlar nümayiş etdiriblər. Hücum Kaliforniya şəhərində yaşayan böyük müsəlman icmasını hədəf alan ən ciddi hadisələrdən biri hesab olunur.

Qeyd edək ki, dünən San Dieqoda iki yeniyetmə silahlı şəxs məscidə hücum edərək atəş açıb və nəticədə üç insan həyatını itirib. Polis hadisəni nifrət cinayəti kimi araşdırır. Hücumdan sonra iki şübhəli məsciddən bir neçə küçə aralıda özlərinə atəş açaraq ölüb.

San Dieqo Polis Departamentinin rəhbəri Scott Wahl bildirib ki, San Dieqo İslam Mərkəzinə qarşı konkret təhdid olmayıb. Lakin araşdırma zamanı şübhəlilərin “ümumi nifrət ritorikası” ilə bağlı fəaliyyət göstərdiyinə dair sübutlar aşkarlanıb. O, əlavə təfərrüat verməkdən imtina edib və bildirib ki, “bu hadisəyə gətirib çıxaran şərait yaxın günlərdə məlum olacaq”.

Polisin sözlərinə görə, hücumdan əvvəl əməkdaşlar artıq yeniyetmələrdən birini axtarırdılar. Onun anası polisə müraciət edərək oğlunun intihar meyilli olduğunu və evdən qaçdığını bildirmişdi. Evdən silahların və ananın avtomobilinin yoxa çıxdığı məlum olmuşdu. Scott Wahl bildirib ki, axtarış daha da təcili xarakter alıb, çünki polis yeniyetmənin kamuflyaj geyimində olduğunu və yanında başqa bir şəxsin olduğunu öyrənib. Bu isə intihar etməyi planlaşdıran biri üçün gözlənilməz hesab olunurdu.

Polis 17 və 18 yaşlı şübhəliləri tapmaq üçün avtomatik nömrə tanıma sistemləri də daxil olmaqla bütün texnologiyalardan istifadə edib. Avtomobilin izinə düşüldükdən sonra hüquq-mühafizə orqanları yaxınlıqdakı ticarət mərkəzinə göndərilib. Həmçinin şübhəlilərdən ən azı birinin oxuduğu məktəbə xəbərdarlıq edilib. Ölənlər arasında məscidin mühafizəçisi də olub. Polis hesab edir ki, o, hücumun “daha dəhşətli nəticələrə səbəb olmasının qarşısını almaqda mühüm rol oynayıb”.

Scott Wahl sonrakı mətbuat konfransında bildirib:

“Demək olar ki, onun hərəkətləri qəhrəmanlıq idi. Şübhəsiz ki, bu gün insan həyatlarını xilas edib.”

Ailə dostları mühafizəçini Amin Abdullah kimi tanıyıblar. O, məsciddə on ildən çox çalışmış və icmada yaxşı tanınan şəxs olub. Şeyx Osman İbn Faruq Abdullahın oğlu ilə danışdığını bildirərək deyib:

“O, günahsız insanları qorumaq istəyirdi və buna görə mühafizəçi olmağa qərar vermişdi.”

Mərkəz San Dieqo bölgəsindəki ən böyük məscid hesab olunur. Burada həmçinin ərəb dili, islam dərsləri və Quran tədrisi aparan Əl Raşid Məktəbi fəaliyyət göstərir. Məktəbdə beş yaşdan yuxarı uşaqlar təhsil alır. Polis çağırışdan cəmi dörd dəqiqə sonra hadisə yerinə çatıb. Hüquq-mühafizə orqanları əraziyə yaxınlaşarkən bir neçə küçə aralıda yenidən atəş səsləri eşidilib. Həmin vaxt bir bağban atəşə tutulsa da, xəsarət almayıb. Sonradan şübhəlilərin yaxınlıqdakı yolun ortasında dayanmış avtomobildə meyiti tapılıb.

Televiziya kanallarının havadan çəkilmiş görüntülərində ondan çox uşağın əl-ələ tutaraq polis maşınları ilə əhatəyə alınmış mərkəzin dayanacağından çıxarıldığı görünürdü. Məscid müsəlmanların sıx yaşadığı yaşayış məhəlləsində yerləşir. Ərazidə Yaxın Şərq restoranları, mağazaları və bazarları geniş yayılıb. Məscidin direktoru imam Taha Hassane bildirib: “İbadət yerini hədəfə almaq son dərəcə dəhşətli hadisədir.”

O əlavə edib: “Gözəl şəhərimizdəki bütün ibadət məkanları daim qorunmalıdır.”

ABŞ-ın ən böyük müsəlman hüquqları və müdafiə təşkilatlarından biri olan Amerika-İslam Əlaqələri Şurası (CAIR) hadisəni pisləyib. CAIR-San Diego təşkilatının icraçı direktoru Tazheen Nizam açıqlamasında bildirib: “Heç kim ibadətə qatılarkən və ya ibtidai məktəbdə təhsil alarkən öz təhlükəsizliyi ilə bağlı qorxu yaşamamalıdır”.

O əlavə edib: “Hadisə barədə daha çox məlumat toplamağa çalışırıq və hər kəsi bu icma üçün dua etməyə çağırırıq.”

ABŞ Prezidenti Donald Tramp da jurnalistlərin suallarını cavablandırarkən hadisəyə münasibət bildirib. O, atışmanı pisləyərək bunu “dəhşətli vəziyyət” adlandırıb. /lent.az/

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər