Misir Mərdanov Heydər Əliyev haqqında: “Kabinetində hamımıza mesaj verdi ki, ağlınızı başınıza yığın”
213
12:42, Bu gün

Misir Mərdanov Heydər Əliyev haqqında: “Kabinetində hamımıza mesaj verdi ki, ağlınızı başınıza yığın”

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür. Musavat.com xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Keçmiş təhsil naziri Misir Mərdanov Musavat.com-a ulu öndərlə bağlı xatirələrini danışıb.
 
“Heydər Əliyevi ilk dəfə BDU-da görmüşəm”
 
Sabiq nazir söhbətə Heydər Əliyevlə ilk görüşündən bəhs etməklə başlayıb: “Heydər Əliyevi ilk dəfə üzbəüz Bakı Dövlət Universitetində müəllim işləyərkən görmüşəm. Bu, səhv etmirəmsə, 1974 və ya 1975-ci ilə təsadüf edir. Avqust ayı idi. Heydər Əliyev bir qrup ölkə rəhbərləri ilə birlikdə Bakı Dövlət Universitetinə gəlmişdi. Bizim olduğumuz riyaziyyatçılar otağına da daxil oldu və xeyli söhbətlər apardı. Həmin vaxt Heydər Əliyevi ilk dəfə yaxından görmüşəm.
 
Daha sonra isə məni BDU-ya rektor təyin edəndə görüşdük. Çağırdı, mənimlə söhbət etdi, tapşırıqlar verdi. Bundan sonra da nazir vəzifəsinə təyin olunanda görüşmüşük. Rektor işlədiyim dövrdə də tez-tez onun qəbulunda olmuşam. Universitetlə çox maraqlanırdı”.
 
Heydər Əliyevin universitet arxivi və tələbəlik illəri
 
Misir Mərdanov bildirib ki, universitetdə prorektor işlədiyi dövrdə Heydər Əliyevlə bağlı xüsusi arxiv materialları ilə tanış olub: “Mən universitetdə prorektor işləyəndə məlum oldu ki, onun universitetin arxivində xüsusi qovluğu var. Hakimiyyət dəyişməmişdən əvvəl həmin qovluğu axtarırdılar və mənə də tapşırdılar ki, onu tapım. Axtarıb tapdım və gördüm ki, orada Heydər Əliyevin tarix fakültəsində oxuduğu müddətə aid bütün sənədlər saxlanılır.
 
Onun Naxçıvan Pedaqoji Məktəbini bitirməsi haqqında attestatı da orada idi. Universitetə qəbul imtahanında verdiyi fənlər, cavabları və aldığı qiymətlər də saxlanılırdı. Hətta o dövrdə qiyabi tarix fakültəsi altıillik idi və dövlət imtahanlarında aldığı qiymətlərə qədər bütün məlumatlar arxivdə mövcud idi”.
 
Keçmiş nazir həmin sənədlər əsasında kitab hazırladığını da qeyd edib: “Sonra həmin sənədləri topladım və "Bakı Dövlət Universiteti və Heydər Əliyev" adlı kitab hazırladım. Universitetdə işlədiyim dövrdə Heydər Əliyev dörd dəfə universitetə gəlib. O görüşlərin üçündə mən rektor idim”.


Şevardnadze və Luçinski ilə universitetə səfərlər

M. Mərdanovun sözlərinə görə, Heydər Əliyevin universitetə səfərləri beynəlxalq qonaqlarla birlikdə də baş tutub: “İlk dəfə Gürcüstanın mərhum prezidenti Eduard Şevardnadze ilə gəlmişdi. Ona universitetin fəxri doktoru adı vermişdik. Daha sonra Moldova prezidenti Petru Luçinski ilə gəlmişdi və ona da universitetin fəxri diplomu təqdim olunmuşdu. Düzünü deyim, məni universitetə rektor təyin edəndə çox təəccüblənmişdim. Özüm də bunu gözləmirdim. Güclü dayaqları olan adam deyildim, sadəcə prorektor işləyirdim. Birdən-birə məni rektor təyin etdilər”.

“O, insanda ona bənzəmək istəyi yaradırdı” 

Misir Mərdanov bildirib ki, Heydər Əliyevlə işləmək onda böyük təəssürat yaradıb: “Mənə bu qənaətə gəlməyə imkan verdi ki, Heydər Əliyev sözün həqiqi mənasında çox böyük şəxsiyyət idi. Hətta deyərdim ki, insanda ona bənzəmək istəyi yaradırdı.


Kasıb ailədən çıxmışdı, amma attestatındakı bütün qiymətlər əla idi. Mən hətta onun sinif yoldaşları ilə də görüşmüşdüm. Onlar da təsdiqləyirdilər ki, Heydər Əliyev xüsusiyyətlərinə görə hamıdan seçilirdi. Həm rus dilində, həm Azərbaycan dilində çox səliqəli yazırdı. İbtidai məktəbi Azərbaycan dilində oxumuşdu, son sinifləri isə Naxçıvanda rus məktəbində bitirmişdi”.


Memar olmaq arzusu və ağır gənclik illəri

Keçmiş nazir bildirib ki, Heydər Əliyevin ilk arzusu memar olmaq olub: “Onu da deyim ki, Heydər Əliyev əslində memar olmaq istəyirmiş. Buna görə də o vaxt Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə qəbul olmuşdu. Ancaq ailələrinin Naxçıvanda ağır vəziyyətdə yaşaması səbəbindən Bakıda qala bilməmiş və məcbur olub geri qayıtmışdı.

Sonra Naxçıvanda Nazirlər Sovetinin arxiv şöbəsində işləyib. Oraya qəbul edilməsinin əsas səbəblərindən biri çox gözəl xəttə və diqqətli xarakterə malik olması idi. Söhbətlərində deyirdi ki, 1941–42-ci illərdə çox ağır şəraitdə yaşamışdılar. Ərzaq məhsulları kart sistemi ilə verilirdi. Deyirdi ki, Nazirlər Kabinetində işlədiyim dövrdə verilən kartlarla ailəmizi birtəhər dolandırırdıq”.


Cənubi Azərbaycandan gələnlərin taleyi

Misir Mərdanov Heydər Əliyevin təhlükəsizlik orqanlarında işlədiyi dövrlə bağlı maraqlı məqamlara da toxunub: “Sonra danışırdı ki, Naxçıvan şəhər partiya komitəsinə çağırılıb və ona bildiriblər ki, milli təhlükəsizlik orqanlarında işləməlidir. Heydər Əliyev deyirdi ki, əvvəlcə getmək istəmirdim. Çünki həmin orqanlara münasibət yaxşı deyildi. İnsanlar onları başqa cür qəbul edirdi. Amma partiya üzvü olduğu üçün getməyə məcbur qalıb. Deyirdi ki, həmin vəzifəyə tərəddüdlə və ürəksiz yanaşmışam. Söhbət 1943–44-cü illərdən gedirdi. O zaman onun təxminən 20–23 yaşı olardı.

İkinci Dünya müharibəsindən sonra Sovet qoşunları Cənubi Azərbaycana yerləşdirilmişdi və məqsəd orada yeni hökumət formalaşdırmaq idi. Gələcəkdə həmin hökumətin Şimali Azərbaycanla birləşdirilməsi ideyası da vardı. O zaman Mircəfər Bağırov və digərləri də bu ideyanın tərəfdarı idi. Bu ideya baş tutmayandan sonra İran şah rejimi həmin ideyanın tərəfdarlarını kütləvi şəkildə təqib etməyə başladı. Cənubi Azərbaycandan Şimali Azərbaycana böyük axın yaranmışdı. Heydər Əliyev həmin dövrdə Naxçıvanda təhlükəsizlik sistemində məsul vəzifədə işləyirdi və qaçqınlarla bağlı araşdırma aparan komissiyanın üzvlərindən biri idi”.


O əlavə edib ki, Heydər Əliyev bir çox insanın sürgün edilməsinin qarşısını alıb: “Sovet hökuməti bu axının qarşısını almağa çalışırdı. Çünki ABŞ və digər dövlətlərlə ciddi qarşıdurmalar vardı. Bu adamları "vətən xaini" kimi mühakimə edir, çoxunu Sibirə göndərirdilər.
Arxiv materiallarından mənə məlum olub ki, Heydər Əliyev həmin komissiyanın üzvü kimi minlərlə azərbaycanlının sürgün edilməsinin və güllələnməsinin qarşısını alıb. O, burada da xalqın tərəfində dayanıb.

Sonra növbəti mərhələdə, İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra alman tərəfə keçmiş və əsir düşmüş şəxslərin vətənə qaytarılması məsələsi ortaya çıxıb. Vətənə qayıdanları ya güllələyir, ya da Sibirə sürgün edirdilər. O zaman artıq Heydər Əliyev Bakıda təhlükəsizlik sistemində əsas idarələrdən birində çalışırdı və həmin adamların da bir çoxunu xilas etmişdi”.


Türkiyə liseyi məsələsi və Heydər Əliyevin iradları

Misir Mərdanov müasir dövrə aid xatirələrini də bölüşüb: “O zaman Türkiyə tərəfi istəyirdi ki, Azərbaycanda Türkiyənin dövlət liseyi yaradılsın. Mən də təzə nazir təyin olunmuşdum. Bu məsələni, Allah rəhmət eləsin, Bəxtiyar Vahabzadə qaldırmışdı.
Qərara gəlinmişdi ki, Kömürçü bazarı tərəfdə yerləşən məktəb boşaldılsın və orada Türkiyə liseyi açılsın. Amma bu, sadə məsələ deyildi. Orada minlərlə şagird oxuyurdu və məktəbin birdən-birə dəyişdirilməsi prosesi uzanırdı. Mən də istəyirdim ki, qərarı hökumət versin”.

Onun sözlərinə görə, məsələ ilə bağlı Heydər Əliyev şəxsən zəng edib:

“Çox güman ki, Türkiyə tərəfdən gələn nümayəndələr və Bəxtiyar Vahabzadə Ankarada Heydər Əliyevə bildiriblər ki, məsələ həll olunmur. Mən tədbirdə idim ki, zəng gəldi. Dedilər, Heydər Əliyev sizinlə danışmaq istəyir.
Mənə iradını bildirdi ki, tapşırıq vermişəm, amma məsələ niyə həll olunmur? Mən də izah etdim ki, hökumətin qərarı olmalıdır. O isə yenə dedi ki, məsələ niyə uzanır? Sonradan həmin məktəb Türkiyə tərəfinin idarəçiliyinə verildi və orada azərbaycanlı şagirdlər təhsil almağa başladılar”.


“Məqsədi kimisə işdən çıxarmaq deyildi”

Keçmiş nazir deyir ki, Heydər Əliyevin sərtliyi daha çox intizam yaratmağa hesablanmışdı: “Bir neçə dəfə mənə ciddi iradlarını bildirmişdi. Cəmiyyətdə də belə fikir yaranırdı ki, artıq bu adamın işi bitdi. Amma sonradan uzun illər onunla işləyəndən sonra gördüm ki, məqsədi heç də kimisə işdən çıxarmaq deyildi. Sadəcə səhvləri və nöqsanları göstərir, onların aradan qaldırılmasını istəyirdi.

Uzun müddət çalışdım. Əlbəttə, sadə bir adamın birdən-birə ölkənin təhsil naziri olması, özü də belə çətin dövrdə, asan məsələ deyildi. Amma Heydər Əliyev ilk növbədə böyük dövlət adamı idi. Mən bunu tam məsuliyyətlə deyirəm. Nə qədər sərt və ciddi olsa da, bir o qədər də mülayim tərəfləri vardı”.


“Xalq bunu görür…”

M. Mərdanov bildirib ki, Heydər Əliyev məmurların davranışlarına xüsusi diqqət yetirirdi: “Dəfələrlə onun kabinetində keçirilən tədbirlərdə iştirak etmişəm. Tədbirin mövzusu başqa olurdu, amma Heydər Əliyev bəzən bir saat, hətta daha çox ölkədə baş verən hadisələrdən, xüsusilə vəzifəli şəxslərin davranışından danışırdı. Deyirdi ki, indi bəzi adamların imkanı artıb, elə adam var övladının toyuna 500–600 nəfər çağırır. Mən öz övladlarımın toyunda 30 nəfərdən artıq adam çağırmamışam. Hətta deyirdi ki, qızlarınıza, həyat yoldaşlarınıza bahalı brilliantlar alırsınız, xalq bunu görür. Bu cür nümunələrlə bizə mesaj verirdi ki, daha diqqətli olun. Ondan sonra məmurlar belə məsələlərdə daha ehtiyatlı davranırdılar”.


Abdulla Muxtarov və unudulmayan insanlar

Misir Mərdanovun sözlərinə görə, Heydər Əliyev insanlara göstərilən yaxşılığı heç vaxt unutmurdu: “Həmişə görmüşəm ki, onun təhsilə, mədəniyyətə, dilə və tarixə xüsusi münasibəti vardı. Buna dəfələrlə şahid olmuşam. Yadımdadır, təzə nazir təyin olunandan sonra bir dəfə məndən soruşdu ki, sənin bir xahişin varmı? Mən də düşündüm ki, nə xahiş edə bilərəm? Bizim tanınmış fizikimiz vardı — Abdulla Muxtarov. Onun 80 yaşı tamam olurdu. Dedim ki, cənab prezident, mümkündürsə, Abdulla Muxtarov mükafatlandırılsın. Mənə dedi ki, onu yaxşı tanıyıram. Sonra tapşırdı ki, ev telefonunu öyrənib köməkçisinə çatdırım. Mən də nömrəni tapıb verdim. Bir qədər sonra Abdulla Muxtarovun özünə zəng olunub. Sonra özü mənə zəng edib təşəkkür etdi. Deməli, o insanı unutmamışdı. Daha sonra ona "Şöhrət" ordeni verildi. Elə bil o yaşlı insanı yenidən həyata qaytardılar. Mən özüm də kövrəlmişdim. Çox diqqətli adam idi”.


“Sədaqəti yüksək qiymətləndirirdi”


Misir Mərdanov Heydər Əliyevin sədaqətə xüsusi önəm verdiyini də vurğulayıb:


“Bir xüsusiyyəti də vardı: ona yaxşılıq edən, dəstək göstərən insanları heç vaxt unutmurdu. Sədaqəti çox yüksək qiymətləndirirdi.
O vaxt bizim Tofiq Behtaşi adlı yaşlı müəllimimiz vardı. Bizə tarix dərsi deyirdi. Bir gün xəbər tutduq ki, vəfat edib. Heydər Əliyev bunu eşidən kimi rektor Murtuz Ələsgərova zəng edib deyib ki, ‘Tofiq Behtaşi mənim müəllimim olub, onun dəfni layiqincə təşkil olunmalıdır’”.


Sabir Xəlilovla bağlı yadda qalan hadisə


Sabiq nazir xatirələrinin sonunda tarixçi alim Sabir Xəlilovla bağlı hadisəni də danışıb: “Heydər Əliyev "91-lər" hərəkatına da çox yüksək qiymət verirdi. Həmin hərəkatın bir neçə üzvü universitetdə çalışırdı. Onlardan biri tarixçi alim Sabir Xəlilov idi. O artıq vəfat etmişdi. Biz onun yas mərasimində iştirak etmişdik. İl mərasimi yaxınlaşanda artıq Heydər Əliyev parlament sədri idi. Mən Bayram müəllimi çağırıb dedim ki, Sabir müəllim haqqında yazı hazırlayın, universitet qəzetində dərc edək. O vaxt mən rektor idim. Qəzet çap olunmuşdu. İl mərasiminə bir neçə gün qalmış prezidentin köməkçisi zəng etdi ki, Heydər Əliyev sizinlə danışmaq istəyir. Açığı, düşündüm ki, görəsən nə baş verib. Telefonu götürdüm. Salamlaşdıq. Soruşdu ki, "hər şey qaydasındadır?".  Dedim ki, bəli, cənab prezident. Birdən dedi: "Nə qaydasındadır? Sabir Xəlilov rəhmətə gedib, niyə mənə xəbər verməmisiniz?"

Mən çalışdım izah edim ki, cənab prezident, o vaxt mən rektor deyildim. Dedi: "Bu nə deməkdir? Sən o vaxt prorektor idin, mənə çatdırmalı idin" . Sonra dedi ki, o vaxt məni dəstəkləyən adamlardan biri olub. Mənim ona böyük hörmətim var və bu gün də qalır.

Daha sonra tapşırdı ki, bu söhbəti universitetin Elmi Şura üzvlərinə çatdırım və mərasimdə onun adından ailəyə başsağlığı verim. Hətta mərasimin xərclərinin universitet tərəfindən qarşılanmasını da tapşırdı.

Yəni bu da onun insanlara münasibətinin başqa bir nümunəsi idi”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər