Niderlandda Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir keçirildi - FOTO
157
10:24, Bu gün

Niderlandda Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir keçirildi - FOTO

Müasir Azərbaycanın memarı və qurucusu, Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Niderlandın Rotterdam şəhərində tədbir keçirilib.
 
Bu barədə Moderator.az-a Azərbaycan Niderlanddakı səfirliyindən məlumat verilib.
 
Tədbir Azərbaycanın Niderlanddakı Səfirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Benilüks Azərbaycanlıları Koordinasiya Şurasının birgə təşkilatçılığı ilə baş tutub.
 
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Ardınca dahi liderin zəngin dövlətçilik irsini və Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərini əks etdirən film nümayiş olunub.
 
Tədbirdə çıxış edən Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsi, habelə milli maraqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərdən bəhs edib. Diplomat bildirib ki, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda ictimai-siyasi sabitlik təmin olunub, mühüm iqtisadi islahatlara başlanılıb və güclü milli ordu quruculuğunun əsası qoyulub.
 
Çıxış zamanı Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycanın xarici siyasət konsepsiyasının ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsində mühüm rol oynadığı vurğulanıb. Qeyd edilib ki, Ulu Öndərin prinsipial diplomatiyası nəticəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınıb, milli maraqlarımız uğurla müdafiə olunub.
 
Diplomat, həmçinin dünya azərbaycanlılarının birliyi və həmrəyliyinin gücləndirilməsi istiqamətində Ulu Öndərin xüsusi xidmətlərini diqqətə çatdırıb, Ümummilli Liderin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikrinin bütün dünya azərbaycanlıları üçün milli qürur və vətənpərvərlik nümunəsi olduğunu deyib.
 
M.Əhmədzadə çıxışında Ümummilli Liderin müəyyən etdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin tam təmin olunduğunu, ölkəmizin regional liderə və qüdrətli dövlətə çevrildiyini vurğulayıb.
 
Daha sonra Benilüks Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Elsevər Məmmədov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan diasporunun təşkilatlanması və həmrəyliyin gücləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin əhəmiyyətindən danışıb, dahi liderin zəngin dövlətçilik irsinin gələcək nəsillər üçün daim örnək olaraq qalacağını bildirib.
 
Tədbir Fransada yaşayan azərbaycanlı musiqiçilər - fleyta ifaçısı Ağarəhim Quliyev və pianoçu Eldəniz Ələkbərzadənin birgə yaratdığı “Duo Avey” musiqi qrupunun təqdim etdiyi bədii proqramla davam edib. Ulu Öndərin sevdiyi və ona həsr olunmuş musiqi əsərlərinin səsləndirildiyi proqram iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər